Məhəmməd Əsədullazadə: “Sözügedən layihə Şərqlə Qərbi birləşdirən enerji körpüsüdür”
“Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda, Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP”. Xəbər verildiyi kimi, bunu Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.
Dövlət başçısının sözlərinə görə, ötən illər ərzində iki ölkə bununla bağlı böyük işlər görüb: “TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.
Görünən odur ki, sözügedən meqalayihə yalnız iki ölkə üçün deyil, bütövlükdə, həm region, həm də Avropa İttifaqı ölkələri üçün də strateji önəmə sahibdir. 2012-ci ildə TANAP-ın reallaşdırılması üçün iki ölkə arasında əldə edilən razılıqdan sonra Avrasiya məkanında baş verən geosiyasi proseslər bu enerji layihəsinin həm siyasi, həm də iqtisadi əhəmiyyətini Avropa ölkələri üçün artırmış oldu. Artıq Avropa İttifaqı TANAP-ı özünün enerji təminatında əsas alternativ olaraq görür. Eyni zamanda, bu layihə Azərbaycan üçün strateji tərəfdaş olan Türkiyənin Avropanın enerji xəritəsində mövqeyini möhkəmləndirəcək. Bununla paralel Türkiyə iqtisadiyyatının artan enerji tələbatını qarşılamaqla, qiymətlərin, ən azından, stabil qalmasına təsir göstərəcək. TANAP layihəsi təkcə inşaat sektoruna deyil, domino effekti ilə böyük bir arealda istehsal həcmlərinin genişlənməsinə təsir edəcək.
Ümumilikdə, sösügedən məsələdə İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı, əlbir fəaliyyəti Avrasiyanın enerji xəritəsinin dəyişməsində necə rol oynadı?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, birgə əməkdaşlıq Avrasiyanın enerji xəritəsinin dəyişməsində mühüm rol oynayır: “Azərbaycan Cənubi Qafqaz regionunda enerji və nəqliyyat sahəsində Avropanın strateji tərəfdaşıdır. TANAP lahiyəsinin Türkiyənin Əskişəhər şəhərində açılışında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər reallığı əks etdirir. Türkiyə ilə Azərbaycanın bunu həyata keçirə bilməsi iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olmasını göstərir. Hazırda iki ölkə birgə layihələrin icrası istiqamətində Avropanın enerji diversifikasiyasında əsas rol oynayır. “Cənub Qaz Dəhlizi” və onun əsas seqmenti olan TANAP, bunun ardınca TAP kəməri bu istiqamətdə uğurlu nəticə ortaya qoydu. Bir sözlə, Ankara ilə Bakının birgə səyləri Avrasiyanın enerji xəritəsini kökündən dəyişir. Deməli, Mərkəzi Asiya və İsrailin də bu kəmər vasitəsilə qaz ixracı nəzərdə tutulur. Bu böyük meqalahiyə Avropanın Rusiya qazından asılılığını azaldacaq. 2020-ci ildə tam gücü ilə işləyə biləcək layihə Azərbaycana siyasi dəstəyin artmasına, regionda şərtlərin ölkəmizin lehinə dəyişməsinə səbəb olacaq. Bəli, Türkiyənin, Azərbaycanın təşkilatçılığı və siyasi iradəsi göstərdi ki, heç bir siyasi güc bu layihənin gerçəkləşməsinin qarşısını almayacaq. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərlərindən fərqli olaraq, bu kəmər daha böyük strateji əhəmiyyətə malikdir. Sözügedən layihə Şərqlə Qərbi birləşdirən enerji körpüsüdür”.
Vidadi ORDAHALLI