Şimal qonşumuz üçün geosiyasi müstəvidə xüsusilə həssas məqamlardan biri Xəzər dənizində Qərbin hərbi qüvvələri məsələsidir. Düzdür, indiyə qədər Qərbin, o cümlədən ABŞ-ın burada hərbi qüvvələrinin yerləşdirilməsi mümkün olmayıb. Əvəzində ötən dövr ərzində Kreml dənizdə hərbi cəhətdən mövqelərini daha da gücləndirib. Amma ABŞ-ın Qazaxıstanla əməkdaşlığının inkişafı şəraitində bu ölkənin limanlarından hərbi yükdaşımalar üçün istfiadə niyyəti indi Rusiyada xüsusi qıjcq doğurur.
Rusiya mediasının məlumatına görə, ümumiyyətlə, Kreml KTMT üzvü olan ölkələrin ərazisində Amerika laboratoriyalarının, həmçinin yüklərin Əfqanıstana tranziti üzrə Astana ilə Vaşinqton arasında bu yaxınlarda bağlanmış müqavilələr çərçivəsində Xəzər limanlarında ABŞ-ın logistik infrastrukturunun yaranması perspektivindən narazıdır. “Kursiv” nəşri yazır ki, Rusiya XİN başçısı Sergey Lavrov bu sualları KTMT xarici işlər nazirlərinin iyunun 11-də Almatıda keçirilmiş görüşündə qoyub. Rusiya XİN KTMT xarici işlər nazirlərinin iclasının gündəliyini öncədən tərtib etmişdi. Güman edilirdi ki, tərəflər KTMT daxilində xarici siyasi koordinasiya məsələlərini, beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə edəcək və orta və kiçik mənzilli raketlərin ləğvi barədə müqaviləyə əsasən bəyanat qəbul edəcəklər. Sergey Lavrov görüş vaxtı, bir sıra məsələlərlə yanaşı, Moskva üçün həssas olan digər məsələləri də qaldırıb. Bunlardan biri Xəzər dənizindəki Kurık və Aktau limanlarından istifadə etməklə Əfqanıstana Amerika tranzitinə aid olub. ABŞ və Qazaxıstan arasında bu barədə razılaşma isə hələ ötən il əldə olunmuş və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yanvar ayında Vaşinqtona səfəri zamanı rəsmən təsdiqlənmişdi. Mart ayında Qazaxıstan parlamenti həmin müqaviləni ratifikasiya etmiş, ölkə prezidenti isə imzalamışdı.
Diplomatik mənbə “Kursiv” nəşrinə bildirir ki, Moskva üçün onunla müttəfiq olan Astananın Vaşinqtonla razılaşmaları sürpriz olub. O iddia edir ki, sürpriz xoşagəlməzdir:“Rusiyalı mütəxəssislərin qiymətləndirmələrinə görə, Xəzər limanlarından istifadə edən bu marşrutun iqtisadi və logistik məqsədəuyğunluğu yoxdur. Bizə belə gəlir ki, bu razılaşma amerikalılara Xəzərdə mövcudluq, burada onların infrastrukturunun yaranması üçün lazımdır”.
Bundan əvvəl isə “Kommersant” qəzeti də Xəzərdə gərgin vəziyyətin yaranmasına dair məlumat yayıb. Qəzet yazır ki, Rusiya xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitindən qayıdarkən Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanovu və Tacikistan xarici işlər naziri Sirociddin Aslovu da öz təyyarəsinə götürüb. Almatıda isə onları Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan, Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas və Qırğızıstan XİN-in katibi Aybek Omokayev gözləyib. Rusiya nümayəndə heyətindəki mənbə deyib ki, Lavrov həmin görüşdə Moskva üçün həssas məsələləri qaldırıb. Bunlardan biri Amerika hərbi yüklərinin Xəzərdəki Kurık və Aktau limanlarından istifadə olunmaqla Qazaxıstan üzərindən Əfqanıstana daşınmasına dair bu yaxınlarda təsdiqlənmiş sazişdir. “Kommersant”ı məlumatlandıran diplomatik qaynaq bildirib ki, bu razılaşma Moskva üçün qəbuledilməzdir. Mənbə onu da vurğulayıb ki, Qazaxıstan bu razılaşma ilə bağlı nəinki Rusiya ilə məsləhətləşməyib, üstəlik onu öz planları barədə məlumatlandırmayıb. Qazaxıstan tərəfi isə buna belə izah verib ki, yüklərin tranziti heç bir ABŞ hərbi infrastrukturunun yaradılmasını nəzərdə tutmur və ümumiyyətlə bu, Astananın ardıcıl siyasətidir. Çünki bir vaxtlar ABŞ yükləri Rusiya üzərindən Əfqanıstana daşınırdı, sonra münasibətlər korlandı və tranzit dayandı. Qazaxıstan nümayəndə heyətindəki mənbə bildirib: “Biz də bu işi davam etdiririk, hesab edirik ki, radikallarla özgə ərazilərində məsələni ayrıd etmək daha yaxşıdır, nəinki bizim ərazilərdə”.
Rusiya nümayəndə heyətindəki mənbə isə deyib ki, Almatıda danışıqlardan sonra Kayrat Abdrəhmanov and içərək Lavrovu Amerika hərbçilərinin Qazaxıstanın Xəzərdəki limanlarında peyda olmayacağına inandırmağa çalışıb. Amma Moskva, hərbi geyimdə olmasa belə, amerikalıların bu limanda görünməsini istəmir. Bütün bunlar isə Xəzər məsələsində gərgin bir vəziyyətin yaranmaqda olduğunu göstərir.
Daha bir münaqişəli vəziyyət isə Ermənistan və Qazaxıstan ərazisində ABŞ-ın maliyyə dəstəyi ilə açılan bioloji laboratoriyalarla bağlıdır. Rusiyalı diplomat bununla bağlı “Kommersant” qəzetinə bildirib: “Bizim xüsusi xidmətlər və alimlər həmin laboratoriyalarla bağlı gərgindir və narahatdır. Onlar niyə bu laboratoriyaları Qərbi Avropa ölkələrində açmır?”. Mənbə əlavə edib ki, Moskva Ermənistan və Qazaxıstandakı həmin bioloji laboratoriyalara çıxış əldə etmək istəyir. Məlumata görə, hətta İrəvanla bioloji tədqiqatlar sahəsində əməkdaşlığa dair ayrıca sənədin imzalanması nəzərdə tutulur. Belə vəziyyət isə postsovet məkanında Rusiya və ABŞ arasında həm də yeni geosiyasi rəqabətin başlanmaqda olduğunu göstərir.
NAHİD