Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan “Transanadolu” (TANAP) təbii qaz boru kəmərindən qardaş ölkəyə ilk qazın qəbulunun həyata keçirilməsi ölkəmizin enerji sektorunda növbəti vacib uğuru kimi qiymətləndirilir.
Xatırladaq ki, TANAP-la iyunun 30-da Türkiyəyə kommersiya qazının nəqlinə başlanması planlaşdırılır. Layihə istismara verildikdən sonra bu, ölkəmizin iqtisadi və siyasi müstəvidə mövqelərinin daha da güclənməsinə rəvac verəcək. TANAP-ın baş direktoru Saltuk Düzyol da məsələnin bu tərəfinə xüsusi diqqət çəkir. O qeyd edir ki, TANAP layihəsinin Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq: “2015-ci il martın 17-də TANAP-ın təməlqoyma mərasimindən keçən 3 il 3 ay müddətində böyük işlər görülüb. Kəmərin 1340 kilometr uzunluğundakı hissəsi tamamlanıb. Türkiyəyə TANAP-la qaz verməyə hazırıq”.
S.Düzyol qeyd edib ki, TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin inşası da irəliləyir və bu hissədə işlərin 84%-i icra olunub: “TANAP “Cənub Qaz Dəhlizi“ layihəsinin ən böyük halqasını təşkil edir. Bu layihə vasitəsilə həm də Türkiyənin enerji dəhlizi olmasına vasitəçi olacağıq. Layihədə ən yüksək texnologiyalardan istifadə olunub, ən yüksək təhlükəsizlik standartları ilə iş görülüb. Bu mənada TANAP nümunəvi layihədir”. Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev isə qeyd edir ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək. O, TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb: “Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq və əməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək”.
Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaroğlu isə məsələni bu istiqamətə yönəldir ki, TANAP Türkiyə və Azərbaycan arasında tarixi dostluğu, qardaşlığı daha da gücləndirəcək çox önəmli layihədir. Onun sözlərinə görə, TANAP Türkiyənin təbii qazpaylama mərkəzi olmaq hədəfinə dəstəkdir: "Türkiyənin qazpaylama habı olmaq hədəfi var. TANAP bu istiqamətdə ilk addım hesab olunur. Avropa bazarı isə çox böyük bazardır. Avropada hasilat azalır. Hətta Avropanın qaza olan tələbatı sabit qalsa belə, idxala ehtiyacı artır. Avropada böyük bazar var. Bu bazara Xəzər qazının və digər mənbələrin qazının çatdırılması və bu nəqlin Türkiyə üzərindən həyata keçirilməsi tərəflər üçün əlverişlidir”.
Xatırladaq ki, Avropanın TANAP-la qaz təchizatı 2019-cu ilin iyun ayından etibarən başlayacaq. ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk bunu Avropa üçün vacib məqam sayır. O bildirir ki, TANAP Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir: “Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa yatırımın və kommersiya maraqlarının olmamasına baxmayaraq, ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir”.
Digər enerji layihələrinin TANAP-a birləşməsini də qiymətləndirən S.Oudkirk bildirib ki, bu layihənin infrastrukturu inkişaf etdirilə və genişləndirilə bilər. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrdir və onu iki dəfəyədək artırmaq mümkündür. Enerji mənbələrinin kommersiya üstünlüyü təmin etmək baxımından yeni əməkdaşlıqlar yarada biləcəyini qeyd edən ABŞ rəsmisi bildirib: “TANAP-ın istifadəyə verilməsi çox gözəl hadisədir. Dünyada çətinliklər yaşanarkən TANAP qlobal olaraq yaxşı bir inkişafdadır. Azərbaycan təbii qazını bazara çatdırması üçün də yaxşıdır. Müttəfiq və ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün vacibdir”.
Bütün bunlar qlobal miqyasda TANAP-a verilən yüksək qiymətin real təsdiqidir. Amma məsələnin Azərbaycan üçün vacib tərəfi TANAP-ın gətirdiyi siyasi və iqtisadi üstünlüklərdir. Hesab edilir ki, təkcə TANAP qarşıdakı dövr ərzində Azərbaycana bir neçə yüz milyard valyuta gətirəcək. Məsələnin siyasi əhəmiyyəti də böyükdür. Ekspertlər vurğulayır ki, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması, daimi olması üçün belə layihələr böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən Azərbaycanın belə böyük layihələri reallaşdırması fonunda onunla əməkdaşlığa can atan ölkələrin də sayı artır. Bu sıraya ilk növbədə Qərb ölkələri aiddir. Belə vəziyyət isə, öz növbəsində, Azərbaycanın dünya miqyasında mövqelərinin daha da güclənməsinə ciddi təkan verir.
Tahir TAĞIYEV