Aydın Mirzəzadə: “Bu tarixi hadisəni dünya çox yüksək qiymətləndirir”
“Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir”. Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib. Onun sözlərinə görə, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür və sözügedən kəmər tarixi layihədir.
Dövlət başçısı layihənin əhəmiyyətinə xüsusi önəm verib: “Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub”.
Ümumilikdə, reallıq ondan ibarətdir ki, Azərbaycan qazının TANAP vasitəsilə Avropaya çatdırılması dünyanın diqqət mərkəzindədir. TANAP layihəsinin reallaşdırılması ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi deməkdir. Bu gün təkcə region üçün deyil, bütövlükdə, qlobal əhəmiyyətli layihə hesab edilən və reallaşdırılması birbaşa Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən TANAP layihəsinin “Faza 0” adlanan mərhələsində işlər artıq öz finiş nöqtəsinə çatdı. Artıq TANAP Azərbaycan təbii qazını BOTAŞ-ın Əskişəhərdəki mərkəzlərinə nəql edəcək. Beləliklə, TANAP iyun ayının 19-da istismar üçün açıq elan ediləcək. Bu meqalayihə Azərbaycan və Türkiyə liderlərinin iradəsi ilə gerçəkləşdirilib. Eyni zamanda bu layihə büdcəsinə xeyli, ümumi büdcə üzrə 3,2 mlrd. dollar qənaət edilib. Belə meqalayihələr 75-80 faiz gecikmə və artıq xərclərlə tamamlanır. Lakin TANAP-da həm büdcəyə qənaət olunub, həm də vaxtından əvvəl yekunlaşıb.
Bütün bunların fonunda, ölkə başçısı kəmərin əməkdaşlıq, sabitlik layihəsi olduğunu deyərkən nə demək istədi?
Sözügedən məsələni şərh edən millət vəkili Aydın Mirzəzadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycan qazının Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə Avropa enerji bazarına çıxarılması həm Avropa qitəsinin, həm də bu xəttin keçdiyi ölkələrin maraqlarına tam cavab verir. Məsələ ondadır ki, bununla Azərbaycanın apardığı uğurlu xarici siyasət özünün növbəti tarixi nailiyyətinə imza atır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Bu, dünya enerji bazarında sabitliyin yaranması, iqtisadi əməkdaşlğın sonda mehriban qonşuluğa və sülhə apardığının yaxşı bir nümunəsi deməkdir. Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti nəticəsində özünün təbii sərvətlərindən xalqın maraqları üçün istifadə edir. Ölkəmizə gələn gəlir bizi daha da güclü edir, ölkədəki sosial vəziyyəti yaxşılaşdırır, Azərbaycanın dünya birliyində layiqli yer tutmasına kömək edir. Həmçinin, bu faktorlar yaxın gələcəkdə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün ciddi addımlar atılmasını da təmin edir. Bütün bunlarla yanaşı, Azərbaycan qazının dünya bazarına çıxarılması ilə bağlı TANAP-ın açılış mərasiminin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artması üçün növbəti bir zəmindir. Bu tarixi hadisəni dünya çox yüksək qiymətləndirir”.
Vidadi ORDAHALLI