Azər Həsrət: “Ona görə də sözügedən “Media Klubu” bəlli bir müddət sonra tarixə qovuşacaq”
Bu günlərdə “Media Klubu” adında bir təsisatın fəaliyyətə başladığı xəbəri yayıldı. Adı ilk baxışdan cəlbedici görünsə də, qurumda təmsil olunan şəxslərin müxtəlif dünyagörüşlərə malik olması, ən başlıcası isə, müxtəlif düşərgələri təmsil etməsi bunun heç də belə olmadığını göstərir.
Məsələ ondadır ki, orada təmsil olunanların bir çoxunun fəaliyyəti ictimaiyyətə məlumdur. Ən azından, fərqli-fərqli personaların nümayəndələridirlər. Onların bir araya gəlməsi üçün hansısa uzlaşdırıcı ortaq ideya yoxdur ki, onlar məhz bunu əsas gətirib ətrafında birləşsinlər. Eləsi var ki, qəzetçilik fəaliyyəti əsasən rusdilli mətbuat üzərində qurulub. Eləsi var ki, əsasən dövlət televiziyasında çalışıb. Eləsi də var ki, qəzetçilikdən çox media adı altında QHT fəaliyyəti ilə məşğul olub. Bəziləri, ümumiyyətlə, QHT fəaliyyəti ilə məşğul olub. Bir zamanlar Azərbaycan dövlətinin iqtisadi imkanları indiki kimi deyildi. Həmin dövrdə media adından istifadə edib QHT fəaliyyəti ilə məşğul olanların işi əsasən xaricdən böyük qrantlar almaq olub. Az-çox doxsanıncı illərin mətbuatına bələd olanlar bunu yaxşı bilirlər. O cümlədən, onların əlinin altında işləyən sıravi jurnalistlər də bütün bunların fərqindədirlər. Hansı ki, bir elə imkana rəğmən, jurnalistin qəpik-quruş qonorarını alayarımçıq verirdilər. On il əvvəl jurnalistə vur-tut 200 dollar verib qonşu ölkəyə reportaj dalınca göndərirdilər. Ona görə də belələrinin medianın problemlərindən danışması adamı təəccübləndirir. Eyni zamanda insanda gülüş yaradır.
Bütün hallarda, rəngarəng palitraya malik olan klub üzvlərini birləşdirən ortaq dəyər yoxdur. Orada təmsil olunanlardan eləsi var, belə desək, özünəməxsus reket keçmişi var və nə yazıqlar olsun ki, hələ də həmin təxəyyülün daşıyıcısıdır. İndinin özündə də müxtəlif formalarda həmin “fəaliyyətlə” məşğuldurlar. Belələrinin bir araya gəlib media ilə bağlı hansısa orijinal ideya ortaya qoyması mümkün olan iş deyil. Bəzilərinin az-cox hörməti vardı, amma məlum klub təsis olunandan sonra ondan da oldular. Nəzərə almaq lazımdır ki, sözügedən klub qeydiyyatsız fəaliyyət göstərir.
O baxımdan maraqlıdır, belə bir formata malik olan klub Azərbaycan mediasında nəyi dəyişə bilər? Digər tərəfdən, dövlət mediaya dəstək verir və medianın gücünün artdığı bir vaxtda bu adamların fəaliyyəti nəyisə dəyişə bilərmi?
Məsələyə münasibət bildirən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrətin sözlərinə görə, onlar heç nəyi dəyişə bilməzlər. O bunu bir neçə faktorlarla əsaslandırdı: “Çünki bu adamlar mediada nəyisə dəyişəcək gücdə olsaydılar, indiyəcən dəyişərdilər. Onların arasında təşkilat, sayt rəhbəri olanlar var. Onlar mediada nəsə etmək gücünə malik olsaydılar, rəhbəri olduqları təşkilatlar vasitəsilə nəsə edərdilər. İkincisi də onların qaldırdıqları iddialar o qədər əsassızdır ki, həmin əsassız iddialara söykənib bu ölkədə kimsə hərəkət edəcək deyil. Məsələn, iddia edirlər ki, bütövlükdə, Azərbaycan onlayn mediası iflasa uğrayıb və s. Belə absurd və heç kəsin inanmayacağı fikirlər səsləndirirlər. Təbii ki, belə olan halda, nəyinsə dəyişəcəyini deyə bilmərik. Yəqin özlərini qrant bazarına çıxarırlar. Ona görə də sözügedən “Media Klubu” bəlli bir müddət sonra tarixə qovuşacaq. Necə ki, məhz bu adamlar bir zamanlar alternativ redaktorlar birliyi, alternativ mətbuat şurası qurmaq iddialarını bəyan edib bəlli bir müddət sonra heydən düşmüşdülər, indi də elə olacaq. Hələ bu “Media Klubu”nu bir tərəfə qoyub onu da qeyd edim ki, burada toplaşanların, demək olar, hamısı öz sahəsində uğursuz adamlardırlar. Arif Əliyevin “Yeni Nəsil” Jurnalistlər Birliyinin varlığı-yoxluğu bilinmir. Elçin Şıxlının başçılıq etməyə başladığı gündən Azərbaycan Jurnalistlər Birliyinin yalnız adı qalıb. Mehman Əliyevsə bir zamanların ən tanınmış agentliyi olan “Turan”ı sadəcə havada saxlayır. Hər şey bir yana, bu adamlar “Media Klubu” adlı qurum yaradacaqlarına niyə özlərinin başçılıq etdikləri möhürlü-blanklı təşkilatları hərəkətə gətirmirlər? Kimdir onlara mane olan?”.
Vidadi ORDAHALLI