Elçin Mirzəbəyli: “Bu, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin fəlsəfəsinə söykənən bir yanaşmadır”
Məlum olduğu kimi, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib. “Ortaq gələcəyin qurulması” mövzusunda keçirilən sammitdə Avropanın müxtəlif ölkələrindən rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə bir sıra məsələlər müzakirə olunub. Avropanın ən nüfuzlu siyasi qurumlarından biri olan AMİA-nın sammitinin Bakıda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğu qeyd olunub.
AMİA-nın prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradi çıxışında Avropa ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirib. Onun sözlərinə görə, bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyinə son qoyulmalıdır: “Təəssüf ki, Azərbaycan müxtəlif oyunların qurbanına, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının birtərəfli və qərəzli qərarlarının predmetinə çevrilib. Buna son qoyulmalıdır. Azərbaycan çox vacib və nadir ölkədir. Bunun bir neçə səbəbi var. Azərbaycan sabit, proqnozlaşdırıla bilən və etibarlı ölkədir. Bu, əməkdaşlıq üçün mühüm amildir. Bu xüsusiyyətlər əsasında biz birgə gələcəyimizi qurmalıyıq. Əminliklə deyə bilərəm ki, bütün bunlara görə Azərbaycan dünyada öz layiqli yerini tutmalıdır”.
Bu baxımdan alyans sədrinin səsləndirdiyi fikirlər, tədbirin Bakıda keçirilməsi Azərbaycana qarşı birtərəfli və qərəzli qərarların qəbul olunmasının qarşısının alınmasında nə kimi rol oynaya bilər? O cümlədən, alyans bu işdə nə kimi rol oynaya bilər?
Məsələyə münasibət bildirən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansına üzv olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, bütün bunlar Azərbaycanın mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək: “Bu, danılmaz faktordur. Çünki alyans Azərbaycanla bağlı məsələlərdə buna qədər də obyektiv mövqe nümayiş etdirib. Bu obyektiv mövqenin bundan sonra da davam etdirilməsi Azərbaycanın mövqeyinin möhkəmlənməsinə inam yaradır. Prezident İlham Əliyev də sammitə müraciətində qeyd etmişdi ki, o, alyans üzvlərinin Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunmasında, işğala son qoyulmasında öz sözlərini deyəcəklərinə ümid bəsləyir. Hesab edirəm ki, həm bu yanaşma, həm də bütövlükdə, alyansın Bakı sammitində nümayiş etdirilən mövqe davamlı və ardıcıl olacaq. Bu, eyni zamanda, digər fraksiyaları təmsil edən Avropa Parlamentarilərinin də mövqeyinə müəyyən qədər öz təsirini göstərəcək. Ən azından, Azərbaycan haqqında obyektiv məlumatların ayrı-ayrı strukturlarda, beynəlxalq təşkilatlarda yer almasına zəmin yaradacaq. Bir məqamı xüsusi olaraq qeyd edim ki, Yan Zahradi Azərbaycanla bağlı bütün tədbirlərdə öz mövqeyini açıq şəkildə ifadə edib. Avropa Parlamentində Azərbaycanla bağlı qərəzli qətnamə qəbul olunanda həm Yan Zahradi, həm də alyansın digər üzvləri bu qətnamənin əleyhinə çıxış ediblər. Eyni zamanda, qətnamənin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə ziyan vurduğunu, Azərbaycana qarşı yürüdülən siyasətin yanlış olduğunu bəyan ediblər. Deməyim odur ki, Zahradinin mövqeyi, sadəcə, Bakı sammitində səslənən mövqe deyil. Bu ardıcıl şəkildə Alyansın həyata keçirdiyi bir siyasətin ifadə olunmasıdır. Bu baxımdan şübhəsiz ki, o tamamilə doğru mövqe ifadə edib. Çünki Azərbaycana qarşı həyata keçirilən bu kimi siyasi oyunlar son nəticədə ortaq maraqlara ziyan vurur. Əslində, bu yanaşma praqmatik, ağıllı, düzgün və münasibətlərin inkişafına xidmət edən yanaşmadır. Həmçinin, Aİ-Azərbaycan münasibətlərinin fəlsəfəsinə söykənən bir yanaşmadır”.
Vidadi ORDAHALLI