ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çəkilməsindən bir gün əvvəl, köməkçilərindən biri Səudiyyə Ərəbistanından kömək istəyib. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, ABŞ prezidentinin yüksək səviyyəli köməkçilərindən biri, dünyanın ən böyük neft ixracatçısı olan Ər-Riyaddan, İran qərarından sonra neft qiymətlərini sabit saxlamaq üçün kömək istəyib.
Üç fərqli mənbənin açıqlamalarına görə, ABŞ rəsmisi Trampın qərarını açıqlamasından əvvəl Vaşinqtonun Riyada bu mövzuda etibar edə biləcəyinə əmin olmaq üçün Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb və ondan neft hasilatını artırmağı xahiş edib. Mənbələrdən biri razılaşmanın 7 mayda əldə edildiyini deyib.
Ağ Ev məlumatı şərh etməkdən imtina edib, lakin Səudiyyənin adının çəkilməsini istəməyən yüksək rəsmisi, Trampın İranla nüvə sazişindən çıxacağından rəsmi Ər-Riyadın əvvəldən məlumatlı olduğunu təsdiqləyib. O, neft bazarında sabitliyi saxlamaq mövzusunda ABŞ-la hər zaman danışıqlar apardıqlarını deyib.
ABŞ-la danışıqlardan öncə, Səudiyyə rəsmiləri, qiymətlərin uzun müddətdən sonra 80 dolları ötməsinə baxmayaraq, neft hasilatını artırmağın hələlik tez olduğunu deyirdilər.
Ancaq ABŞ-ın istəyindən sonra, Səudiyyə təxminən iki il davam edən azalmadan sonra neft hasilatını artırmağa başlayıb. “The Wall Street Journal” qəzeti yazır ki, may ayı ərzində Səudiyyədə neft hasilatının həcmi gündə 100 min bareldən çox artırılıb. Bu rəqəm gündə təxminən 10 milyon barelə çatır. Səudiyyə bu ay ərzində hasilatı gündə daha 100 min barel artırmağı planlaşdırır.
"Bu addım bazarda narahatlığı azaldacaq", - mənbələrdən biri bildirib. O, İrandan neft təchizatının axsaması haqda narahatlığın olduğunu qeyd edib.
Qəzetin məlumatına əsasən artan xam neft hasilatının həcmi Səudiyyə Ərəbistanının standartlarına görə o qədər çox deyil. Lakin, Səudiyyənin gördüyü tədbirlər Ər-Riyadın siyasət vektorunun dəyişməsi anlamına gəlir. Məhz Səudiyyə iki il öncə xam neft hasilatının azaldılması məqsədilə yaradılan ölkələr koalisiyasına başçılıq edirdi.
Nəşrdə Kpler konsaltinq şirkətinin təqdim etdiyi məlumatlara əsasən, Krallıqdan neft ixracının həcmi gündə 300 min barel artıb. Qeyd olunur ki, neft hasilatı və ixracının göstəriciləri heç də həmişə “tandem” şəklində hərəkət etmir.
ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsindən sonra Ər-Riyadın əvvəlki açıqlamalarına zidd olaraq, Vaşinqtona dəstək çıxıb hasilatı artırması bəzi OPEC üzvü ölkələr üçün də gözlənilməz olub.
Mənbələrin sözlərinə görə, bəzi Körfəz ölkələri, qərardan əvvəl onlarla heç bir danışıq aparmayan Ər-Riyadın bu qərarı ABŞ-ın təzyiqi altında qəbul etdiyini düşünürlər.
“Reuters”ə açıqlama verən OPEC-dəki mənbə isə Vaşinqtonun istəyi ilə hasilatı artırmağın OPEC razılaşmasına zidd olduğunu söyləyib.
Digər tərəfdən Səudiyyənin neft hasilatının artması OPEC-in iştirakçısı olan 24 ölkənin bu ayın 22-də Vyanada keçiriləcək iclası ərəfəsində müşahidə edilməsi diqqət çəkir. Gözlənildiyinə görə, iclasda 2016-cı ilin axırlarında bağlanmış Vyana sazişi çərçivəsində hasilatın azaldılması məsələsinə baxılacaq. O vaxt OPEC və təşkilata daxil olmayan bir sıra ölkələrlə neft hasilatının 2016-cı ilin oktyabrı səviyyəsindən gündə 1,8 milyon barel azaldılması barədə razılığa gəlmişdi. Saziş 2017-ci ilin əvvəlində start götürmüş və iki dəfə, sonuncu dəfə 2018-ci ilin axırınadək uzaldılmışdı.
Ancaq göründüyü kimi Səudiyyənin hasilatı artmaq qərarı OPEC ölkələrinin hasilatın 1,8 milyon barel azaldılması razılaşmasını da təhdid edir. Çünki Səudiyyənin hasilatı artırmasından sonra neft qiymətlərinin ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Elə bu səbəbdən OPEC-in ayın 22-də Vyanada keçiriləcək toplantısının gərgin keçəcəyi gözlənilir.
İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili isə “Reuters”ə bildirib ki, OPEC ABŞ-ın tələbinə əhəmiyyət verməyəcək. İran və Venesuela sanksiyalarına görə, neftin bahalaşacağını söyləyən Ərdəbili , bu cür hadisənin əvvəlki İran sanksiyaları dövründə də yaşandığını deyib: "OPEC-də heç kim iki əsas üzvün əleyhinə çıxa bilməz... ABŞ İrana qarşı bunu əvvəllər də sınadı, o zaman neftin barreli 140 dollara qalxdı".
Onu da qeyd edək ki, bir neçə gün əvvəl ABŞ hökumətinin Səudiyyə və OPEC-in üzvü olan bir neçə digər ölkədən neft hasilatının gündə 1 milyon barel artırmağı xahiş etdiyinə dair xəbərlər yayılıb. Vaşinqton bu tələbi birbaşa OPEK-ə deyil, üzv dövlətlərə ayrı-ayrılıqda edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp keçən ayın 8-də Vaşinqtonun İranla altı beynəlxalq müşahidəçinin (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) nüvə proqramı barədə imzaladığı sazişdən çıxdığını elan edib. Tramp həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bəyan etmişdi ki, bu da ölkənin neft sektoruna mənfi təsir göstərə bilər.
TAHİR