Ermənistanda yeni hakimiyyətin hələ də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv yanaşma sərgiləməkdən yayınması məsələnin sülh yolu ilə həllinə olan ümidləri getdikcə azaldır.
Xatırladaq ki, yeni hökumət iddia edir ki, Dağlıq Qarabağdakı separatçı rejim danışıqlar masasında tərəf kimi əyləşməlidir. Azərbaycan isə bunun mümkünsüzlüyü barədə artıq öz mövqeyini ifadə edib. İndi İrəvanın bu reallığı hələ ki, qəbul etmək niyyətinin yoxluğu Qarabağda savaş ehtimalını artırır.
Yaranmış vəziyyətdə erməni ekspertlərinin böyük əksəriyyəti də İrəvanın mövqeyini Ermənistanın özü üçün ciddi təhdid yaratdığını bildirir. Erməni politoloq Arman Melikyan bunun savaşa yol açan məqamlardan biri olduğunu, indiki savaşın ölkəsi üçün ən böyük təhlükə olduğunu vurğulayır. O, Nikol Paşinyanın belə real olmayan məsələlər əvəzinə həlli vacib problemlərə diqqət yetirməsinin daha məqbul olacağını bildirib. Buna konkret nümunə kimi isə ölkədə ikihakimiyyətliliyi göstərib. Qeyd edək ki, düşmən ölkədə Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Serj Sarkisyanın faktiki rəhbəri olduğu Respublika Partiyasındadır. Bu isə indi İrəvanda ikihakimiyyətliliyin yaranmasına səbəb olub. Paşinyanın isə bu günlərdə açıqladığı hökumətin proqramında növbədənkənar parlament seçkilərinin keçirilməsini əsas prioritetlərdən biri elan edilib. Onun əsas hədəfi seçkini keçirərək, parlamentdəki çoxluğu Respublika Partiyasından almaqdır. Lakin növbədənkənar seçkilər bu ilin sonunda nəzərdə tutulub və İrəvanda həmin müddətə qədər ikihakimiyyətlilik davam edəcək.
Ermənistan mediası Respublika Partiyasının qanunverici orqanda çoxluq təşkil etməsinin yeni hökumətin işinə ciddi maneələr yaratdığını yazır. Erməni ekspertlər isə hakimiyyətin ikiyə bölünməsinin Dağlıq Qarabağ məsələsində İrəvanın mövqelərinə ciddi zərbə vurduğunu deyir. Politoloq Arman Melikyan iddia edir ki, Azərbaycan İrəvandakı ikihakimiyyətlilikdən istifadə edərək, münaqişəni hərbi yolla həll etmək planını da işə sala bilər. O, bunun həm də Paşinyanın separatçı rejimi danışıqlara cəlb etmək niyyətindən qaynaqlandığını da vurğulayır.
Melikyan Azərbaycanın güclü şəkildə hərəkətə keçdiyini və bu situasiyada Ermənistanın zəif olduğunu qeyd edib: “Azərbaycan hərbi fəallığı artırır, bunun əsas səbəbi Ermənistanın mövqelərinin zəif olmasıdır. Azərbaycan Ermənistandakı ikihakimiyyətlilikdən münaqişənin hərbi yolla həlli planını həyata keçirmək üçün istifadə edə bilər”. Melikyan əlavə edib ki, Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi cəlb etməsi ilə bağlı siyasi proqramı yoxdur: “İrəvanın bu istəyi dağıdıcı davranış və siyasi şantaj kimi qəbul ediləcək”. Onun sözlərinə görə, danışıqlar prosesi ilə tanış olmaq üçün Paşinyana vaxt lazımdır: “Bu müddətdə də dönüş qərarları haqqında bəyanatların səslənməsi olduqca zərərlidir, xüsusilə Ermənistanda mövcud olan ikihakimiyyətlilik şəraitində”.
Digər tərəfdən İrəvan separatçı rejimin danışıqlara cəlb edilməsi üçün Rusiyadan dəstək alacağına da ümidlər bəsləyirdi. Ermənistanın xarici işlər naziri Zohrab Mnasakanyanın Rusiya səfərində əsas niyyətlərdən biri məhz bu idi. Amma Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdib ki, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı üçün Bakının razılığı lazımdır. Bakı isə buna razı deyil və bu da o deməkdir ki, İrəvanın qeyd olunan istiqamətdə cəhdləri iflasa uğrayıb. Başqa bir maraqlı məqam odur ki, Rusiyanın özü də indiki Ermənistan hakimiyyətinə birmənalı münasibət bəsləmir. Rusiyalı siyasətçi Vladimir Rıjkov hesab edir ki, Ermənistanın yeni hökuməti tamamilə fərqli xarici siyasət həyata keçirmək niyyətindədir və bu da Kremlə xoş gəlmir. Onun fikrincə, Ermənistanda əsaslı dəyişikliklər baş verir. Bu da ölkənin xarici siyasətinə təsirsiz qala bilməz. Rusiyalı siyasətçi düşünür ki, Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Avropa və Amerika ilə münasibətlərində dəyişiklik olacaq: “Məncə, Ermənistan-Amerika, Ermənistan-Avropa münasibətlərində dəyişikliklər olacaq, lakin bu, Ermənistan-Rusiya münasibətlərinə bənzəməyəcək. Rusiyanın hakimiyyət orqanları Ermənistanı itirməməkdə maraqlıdır və bu istiqamətdə hərəkət etməyə çalışmalıdırlar”. Onun sözlərinə görə, hazırda Ermənistan radikal dəyişikliklərin ilkin mərhələsindədir. Politoloq Stanislav Tarasov isə hesab edir ki, Soçidə rusiyalı həmkarını əmin etməyə çalışan Nikol Paşinyan kimi, Mnasakanyan da Ermənistanın xarici siyasətinin prioritetlərinin dəyişmədiyinə Moskvanı inandırmağa çalışır: “Dağlıq Qarabağ münaqişəsinin həlli, Paşinyanın həll prosesi ilə bağlı fikirləri, ABŞ-ın Ermənistana maliyyə yardımının genişləndiriləcəyini nəzərə almaqla Ermənistan-Amerika münasibətləri və cari məsələlər də müzakirə olunub. Əslində, Rusiyanın Ermənistanın yeni hakimiyyətinin gerçək xarici siyasətinin necə olacağına dair tam fikrə ehtiyacı var, çünki aydın şəkildə Qərbin fəallığı və maraqları nəzərə çarpır. Erməni hakimiyyət orqanlarının yalnız inandırıcı zəmanətləri kifayət deyil, biz real siyasətin necə olacağını və ABŞ-la Avropa İttifaqı arasında hansı razılaşmalara nail olunacağını izləməliyik. Həm ABŞ, həm də Avropa İttifaqı Ermənistanın maliyyələşdirməsini artırmaq niyyətindədir və bu, mənim fikrimcə, təsadüfi deyil”. Ümumilikdə isə rusiyalı ekspertlər Moskvanın İrəvandan səslənən vədlərə inanmadığını, Ermənistanın real xarici siyasətinin müəmmalı olduğunu hesab edir. Xüsusən də Qərbin İrəvanda fəallaşması fonunda Kreml ciddi şəkildə qıcıqlanır. ABŞ-ın Ermənistandakı səfiri Riçard Maylz məhz belə bir vaxtda bildirib ki, Ermənistanın enerji sektoruna ABŞ-ın investisiya yatırma imkanları artıb: “Mən yeni hökumətin nümayəndələri ilə görüşmüşəm və düşünürəm ki, onlar energetika bazarının liberallaşmasını istəyir. Bizə də məhz bu lazımdır”.
Qeyd edək ki, Ermənistan mətbuatı ABŞ-ın Ermənistanın energetika sektoruna 8 milyard dollar yatırmağa hazır olduğunu bəyan etmişdi. Hazırda Ermənistanın energetika sektoru tam olaraq Rusiyanın nəzarətindədir. Lakin məsələ bundadır ki, Ermənistanın yeni hökuməti sələfinin fəaliyyətini araşdırır və yoxlayır, o cümlədən də sərf eləməyən sazişləri ləğv edir. Məsələn, artıq məlum olub ki, “Ermənistan Yüksəkvoltlu Elektrik Şəbəkəsi” müəssisəsi erməni mənşəli rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Taşir” şirkətlər qrupunun idarəçiliyinə verilməyəcək. Nikol Paşinyanın formalaşdırdığı hökumət özündən əvvəlki hökumətin imzaladığı Ermənistanın yüksəkvoltlu elektrik şəbəkəsinin “Taşir” şirkətlər qrupunun beş illik idarəçiliyinə verilməsi haqda müqaviləni ləğv edib. “Yüksəkvoltlu Elektrik Şəbəkəsi” şirkəti Ermənistanın energetika sistemində əsas funksiyanı yerinə yetirir və ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu şirkət elektrik enerjisini istehsalçılardan alır və “Ermənistan Elektrik Şəbəkələrinə” ötürür, sonuncu da öz növbəsində elektriki istehlakçılara paylayır.Yeni təyin olunmuş energetika naziri Artur Qriqoryan bəyan edib ki, sazişin müəyyən maddələri Ermənistanın maraqlarına cavab vermir. Belə vəziyyət isə Rusiyanın Ermənistanda təsir rıçaqlarının tədricən aradan qaldırılması deməkdir. Kreml bu şəraitdə Ermənistanda ona sadiq qüvvələrin iqtidara gəlişinə xüsusi diqqət yetirir. Məlumatlara görə, Paşinyanın qərbyönlü siyasətçi olduğu haqda ehtimallar gücləndikcə Kreml də Ermənistandakı müxakif partiya liderləri ilə təmaslarını sıxlaşdırıb. Rusiyayönlü siyasətin müdafiəçisi olan iş adamı Haqik Tsarukyan son bir ayda bir neçə dəfə Moskvaya səfər edib. “Jamanak” qəzetinin iddiasına görə, yenidən Moskvada olan Tsarukyan Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Tsarukyanla bərabər Respublika Partiyası da Moskva ilə əlaqələrini sıxlaşdırmağa başlayıb. Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Rusiya-Ermənistan bir-birinə möhtac olduqlarını anlayır və sıx təmaslar qururlar: “Lakin bunun müsbət, yoxsa mənfi olduğunu indidən demək çətindir. Çünki əvvəlki hakimiyyət Ermənistanı Rusiyanın vassalı etmişdi və bu vəziyyət hələ ki, tamamilə dəyişməyib. Ruslar yeni hakimiyyətdən də onu istəyəcək”. Lakin Paşinyanın Qərbə meyllənməsi vəziyyəti dəyişir. Bu şəraitdə Aram Amatuni Moskvanın müxtəlif vasitələrlə İrəvanı cəzalandırmağa çalışıvağını bildirir. Onun fikrincə, Kreml Ermənistanda ona sadiq adamların iqtidarda mövqelərinin möhkəmlənməsini istəyəcək: “Paşinyan isə buna müqavimət göstərəmyə çalışır. Bu fonda tezliklə Rusiya iqtisadi rıçaqlarını işə salaraq İrəvana təzyiq etməyə çalışacaq. Eyni zamanda Qarabağ kartı üzərindən də təzyiqləri tezliklə görə bilərik. Qarabağdakı rejimin danışıqlara cəlb edilməsi ilə bağlı Paşinyanın mövqeyi isə bu təzyiqi işə salmağa yaxşı imkan yaradır. Belə ki, Bakı bunu əsas gətirib hərbi əməliyyatlara başlaya bilər. Onda döyüş meydanında Rusiyanın Ermənistanı dəstəksiz qoyması Paşinyana göstərəcək ki, o, Kremlə möhtacdır. Amma hələlik Paşinyan bunu qəbul etmək istəmir və belə vəziyyət Qarabağ məsələsində Ermənistanın hərbi sahədə yeni böyük problemlərlə üzləşməsini qaçılmaz edir”.
Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Ermənistanın Qarabağ məsələsində vaxtı çox azalıb. O, ya tezliklə nəticəsi olan danışıqlara başlamalı, ya da hərb müstəvisində sarsıdıcı zərbələrə hazır olmalıdır. Savaş alovlanacağı təqdirdə isə İrəvanın bu dəfə Moskvadan hansısa ciddi yardım alması da mümkünsüz sayılır. Ən azından, özünün geosiyasi maraqları üzündən Rusiyanın Ermənistanı yalnız buraxacağı dəqiqdir. Belə vəziyyətdə isə savaş qısa müddətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaq və bunu erməni tərəfi də kifayət qədər yaxşı bilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.