Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Transariatik” (TAP) təbii qaz boru kəməri İtaliyada yeni hökumətin formalaşmasından sonra yenidən gündəmin əsas mövzularından birinə çevrilib. İtaliyada kəmərin çəkilişi istiqamətində xeyli iş görülsə də, yeni hökumətdə yer alan bəzi qüvvələr yenidən prosesə mane olmaq istəyir. Amma ekspertlər bunun ən böyük ziyanının elə İtaliyanın özünə dəyə biləcəyini qeyd edir.
Hələlik isə TAP layihəsi üzrə İtaliyanın Puglia regionunda mikrotunellərin tikintisi davam edir. Bildirilir ki, mikrotunellərin inşası zamanı ən son texnologiyalardan istifadə edilir və ətraf mühitə təsir ən aşağı səviyyədədir. TAP-ın inşası üzrə yaradılan konsorsiumun prezidenti Valter Peeraer isə bildirir ki, TAP üzrə işlərin ümumilikdə 73 faizi icra edilib: “TAP boru kəmərinin inşası üzrə işlər qrafik üzrə gedir. Biz plan üzrə bütün işlərimizi uğurla davam etdiririk. İki il əvvəl başladığımız layihə boru kəmərinin keçdiyi bütün ölkələrdə - Albaniya, İtaliya və Yunanıstan ərazisində uğurla icra olunur. Demək olar ki, işlərin 73 faizi icra edilib. Albaniya və Yunanıstan ərazisində TAP layihəsinin icrası da uğurla davam etdirilir. Hər iki dövlətin hökumətləri tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk. TAP-ın Adriatik dənizindən keçəcək hissəsi isə 2019-cu ilədək başa çatdırılacaq”.
Xatırladaq ki, ilin əvvəlində Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəmərilə bağlı 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə “Cənub Qaz Dəhlizi“nin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür. Qeyd edək ki, TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin mühüm bir seqmentini təşkil edir. İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitin 2,9 milyard avrosu TAP layihəsinə sərf olunub. Ümumiyyətlə, TAP layihəsi Avropa enerji bazarı üçün son illər irəli sürülən ən önəmli layihələrdəndir. Layihənin strateji əhəmiyyəti onun enerji təminatının təhlükəsizliyini, mənbələrin və marşrutların şaxələndirilməsini əks etdirməsindən irəli gəlir. Bu amillər hazırda enerji tələbatının yarıdan çoxunu xarici mənbələr hesabına təmin edən və daxili enerji istehsalında nəzərəçarpacaq qıtlıq yaşayan Avropa İttifaqı üçün olduqca vacibdir. Bu baxımdan TAP Avropanın enerji siyasətində mühüm əhəmiyyət kəsb edir. Amma indi İtaliyada “5 Ulduz” partiyası və “Şimal liqası” hərəkatı tərəfindən formalaşdırılan yeni koalision hökumət TAP layihəsinə yenidən baxacağını elan edir. Yeni kabinetin ətraf mühit naziri Serjio Kosta hətta TAP layihəsini mənasız və İtaliya üçün gərəksiz adlandırıb. Kosta bildirib ki, İtaliyanın TAP kəməri layihəsində iştirakı bəzi digər iri layihələrlə birlikdə yenidən nəzərdən keçiriləcək. İllərdir İtaliyada bu qaz boru kəmərinin çəkilməsinə qarşı etirazların, sabotajların təşkilatçısı olan “5 Ulduz” hərəkatını təmsil edən ətraf mühit naziri deputatların ona həftənin əvvəllərində ünvanlanmış sorğularına yazılı cavabında bildirib: “Biz energetika siyasətimizi, qaza olan tələbatımızı nəzərə alaraq TAP layihəsini hazırda tamamilə mənasız hesab edirik”.
Halbuki, yuxarıda göstərilənlərdən aydın olur ki, TAP-ın İtaliya və bütövlükdə Avropa üçün əhəmiyyəti böyükdür. Bu səbəbdən işlərin üçdə ikisinin görüldüyü bir vaxtda İtaliyanın buna qarşı çıxması digər Avropa ölkələrinin də xoşuna gəlməyəcək. “Reuters” agentliyi bildirir ki, İtaliyanın yeni hökumətinin mövqeyi bu ölkə ilə BP-nin rəhbərlik etdiyi TAP konsorsiumu arasında gərginliyə səbəb olacaq. Agentlik TAP konsorsiumundan İtaliyanın yeni hökumətinin bəyanatı ilə bağlı şərh ala bilməyib. Bildirilir ki, ətraf mühit nazirinin bu şərhinin reallaşacağı hələlik dəqiq məlum deyil.
İtaliyanın cənubundakı yerli hökumətin “5 Ulduz” hərəkatından olan naziri Barbara Lezzi də “Reuters”ə bildirib ki, partiyası TAP kəmərinin “gərəksiz ekoloji təhlükə yaratdığını” düşünür və bu kəməri İtaliya üçün gərəksiz hesab edir. Çünki İtaliyanın kifayət qədər qaz potensialı var. Belə görünür ki, İtaliyadakı yeni hökumət kəmərin çəkilməsini ləngitməyi qarşıya məqsəd qoyub. Bu isə “Qazprom”un işinə yarayacaq. Bir neçə həftə əvvəl “Qazprom” Türkiyə ərazisindən “Türk axını” qaz kəmərinin Avropaya uzadılması barədə razılığa gəlib. Belə vəziyyət digər Avropa ölkələri tərəfindən də narazılıqla qarşılanır. Azərbaycan da bunun məqbul olmaması mövqeyindədir. Lakin bu vəziyyətdə ən uzağı İtaliya TAP-la Azərbaycan qazını ala bilməyəcək və bu da onu Rusiyadan daha çox asılı hala salacaq. Bakı isə qazını Türkiyə, Albaniya, Yunanıstan və digər Avropa İttifaqı ölkələrinə satmaqda heç bir problem görmür.
Nahid SALAYEV