Seyid Camal Əzimbəyli: “Prezident İlham Əliyevin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rolu böyükdür”
“Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur”. Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.
Eyni zamanda, indiyədək bu istiqamətdə görülən işlərə toxunan ölkə başçısı bir çox elmi əsərlərin, kitabların nəşr edildiyini, tədbirlər keçirildiyini xatırladaraq tarixi həqiqətlərin bütün dünyaya çatdırıldığını və bu işin vacibliyini vurğulayıb: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq”.
Həqiqətən də son illər bu istiqamətdə bir sıra işlər görülüb. Xüsusən də ötən 15 il ərzində ölkə başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü işin nəticəsində Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Azərbaycan rəhbərliyi ən mötəbər kürsülərdən bəyan edib ki, münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Dağlıq Qarabağ Ermənistanın işğalı altında olsa da, hüquqi nöqteyi-nəzərdən Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Bu baxımdan ekspertlərin dəyərləndirmələri nədən ibarətdir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ötən 15 il ərzində Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər, əzmkarlığı sayəsində artıq bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir: “Əvvəllər, müəyyən mənada, erməni lobbisi xarici ictimaiyyəti aldada bilirdisə, indi artıq bu imkanlara sahib deyillər. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli xarici siyasət Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılmasına gətirib çıxarıb. Ona görə də istər müsəlman dövlətləri, istərsə də digər ölkələr Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına heç bir şübhə etmirlər. Nəzərə almaq lazımdır ki, bununla bağlı xaricdə bir sıra işlər görülüb. Belə ki, müxtəlif xarici dövlətlərdə Qarabağ həqiqətləri ilə bağlı silsilə tədbirlər keçirilib, kitablar nəşr olunub. Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Bütün bunlar, heç şübhəsiz ki, Qarabağın Azərbaycana məxsus olmasını sübut etməkdə mühüm rol oynayıb. O üzdən, dünya ictimaiyyəti buna heç bir şübhə etmir. Prezident İlham Əliyevin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rolu böyükdür. Bir məqamı da qeyd edim ki, hələ Dağlıq Qarabağ ermənilərinin birtərəfli olaraq “müstəqillik” elan etməsindən sonra BMT Təhlükəsizlik Şurası bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyan qətnamələr qəbul edib. Beləliklə, BMT qəti şəkildə müəyyən edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda birtərəfli qaydada “müstəqilliyin” elan edilməsi tamamilə qanunsuzdur. Bundan sonra bu mövqe müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Nəticədə heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və tanınması üçün heç bir əsas da yoxdur. Bu həm də onu göstərir ki, Azərbaycan istər beynəlxalq təşkilatlarla, istərsə də ayrı-ayrı ölkələrlə əlaqələr qurarkən ərazi bütövlüyü amilinə böyük əhəmiyyət verir”.
Vidadi ORDAHALLI