Elşən Həsənov: “Ermənistanın üzləşdiyi taleyüklü problemlər məhz bu dövlətin işğalçılıq siyasətini davam etdirməsindən qaynaqlanır”
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxış edərək bir sıra mühüm mesajlar verdi. Həmin ismarıcların bir qismi sosial-iqtisadi və sosial-mənəvi xarakterli idisə, digər mühüm bir qismi hazırkı beynəlxalq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perspektivləri ilə bağlı idi.
Bu kontekstdə cənab Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini önə çəkərək həm dünya ictimaiyyətinə, həm də Ermənistan və Azərbaycan ictimaiyyətinə, o cümlədən problemi həll etmək üçün öhdəlik götürmüş beynəlxalq və regional təşkilatlara Azərbaycanın prinsipial mövqeyi və problemi həll etməyin vacibliyi ilə bağlı fikirlər bildirdi. Ölkə başçısı Ermənistanın məruz qaldığı real durumla da bağlı fikir bildirdi.
Prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirdi: “Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.
Göründüyü kimi, Prezident Azərbaycanın Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirdiyini xüsusi olaraq vurğulayıb. Azərbaycan buna necə nail olub və bu, ölkəmizin mühüm diplomatik qələbəsi sayıla bilərmi?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Ermənistan bu vəziyyətə yürütdüyü işğalçı siyasət salıb: “Təbii ki, biz bura ölkəmizin yürütdüyü uğurlu iqtisadi, siyasi kursu da əlavə edə bilərik. Hesab edirəm ki, Azərbaycanın son illər ərzində ərsəyə gətirdiyi layihələr, nəticə etibarilə, Ermənistanın işğalçılıq siyasəti ucbatından düşdüyü blokada vəziyyətini daha da mürəkkəbləşdirdi. Məsələ ondadır ki, Ermənistan öz təcavüz siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərlərindən, habelə Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı. Bu da Ermənistanın iqtisadi blokadasını gücləndirdi və həmin ölkədən miqrant axınını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsini daha da artırdı. Təsadüfi deyil ki, Ermənistanda Bakı-Tiflis-Qars və digər mühüm layihələrin reallaşmasına bir faciə kimi yanaşırlar. Əslində, bu faciəni özləri yaradırlar. İşğala son qoysunlar, onun nəticələrini aradan qaldırsınlar və bundan sonra Ermənistanın bu layihələrdə iştirakı məsələsinə baxıla bilər. Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki, bu təcavüzə son qoymayıb, Ermənistanın təcrid siyasəti daha da gücləndiriləcək. Biz bu gün onun şahidi oluruq. Vaxtilə bizə qarşı ABŞ tərəfindən “907-ci Düzəliş”i ona görə tətbiq etmişdilər ki, guya Ermənistanı, Dağlıq Qarabağı təcrid etmişik. Əslində, Azərbaycanın buna tam haqqı çatır. Çünki biz torpaqlarımızı işğal edən ölkəylə necə əlaqələr qura bilərik? Həmin düzəlişi qəbul edənlər, nədənsə, işğal faktorunu kənara qoyub blokadadan danışırdılar. Beləliklə, Ermənistanın üzləşdiyi taleyüklü problemlər məhz bu dövlətin işğalçılıq siyasətini davam etdirməsindən qaynaqlanır. Bu problemlərin yaranması, getdikcə dərinləşməsi və gündəmdə qalması isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi təcrid, sülhə məcburetmə siyasətinin nəticəsidir. Bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməyənə qədər daxili problemlərini aradan qaldırmaq iqtidarında deyil. Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin bu qətiyyətli mövqeyini dəfələrlə səsləndirməklə yanaşı, onu reallığa çevirməyi də bacarıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Azərbaycanın bununla barışmadığı bir reallıqdır”.
Məhəmmədəli QƏRİBLİ