Qabil Hüseynli: “Bu bəhanə ilə Paşinyan rahat bir il danışıqlardan yayınmaqla bağlı manevr edə biləcək”
Ermənistanda növbədənkənar parlament seçkiləri maksimum 1 ilin içində keçiriləcək. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, bu barədə hökumətin proqramını parlamentə təqdim edən zaman baş nazir Nikol Paşinyan deyib:
“Aprel-may aylarında baş verən demokratik və qeyri-zorakı məxməri inqilab parlamentin 6-cı çağırışının ölkədəki real siyasi mənzərəni əks etdirmədiyini göstərdi. Bu hadisə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini labüd edir”. Paşinyanın öz çıxışına iqtisadi, diplomatik və ya müdafiə məsələlərindən deyil, seçki sistemində islahatların aparılmasının vacibliyindən başlaması xüsusilə vurğulanır. Baş nazir qeyd edib ki, Ermənistan yalnız bir səbəbə - seçkilərin sistemli şəkildə saxtalaşdırılmasına görə zəif olaraq qalır: "Müntəzəm qorxutma və seçkilərin saxtalaşdırılması yolu ilə rəhbərlik hakimiyyəti və gəlirlərə qeyri-məhdud girişi əldə saxlamağa müvəffəq olurdu. Kölgə iqtisadiyyatı və bazarların bölünməsi əhalinin hesabına onların varlanmasına imkan verirdi". Paşinyan əlavə edib ki, yeni hökumət seçki sisteminin müzakirəsi üçün yeni işçi qrupu yaradacaq: "Qrupda hökumət nümayəndələri, parlamentdə təmsil olunan və olunmayan partiyaların təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunacaq".
Ermənistan rəhbərliyinin bu addımını onların növbəti bir il ərzində də Dağlıq Qarabağla bağlı substantiv danışıqlardan yayınma taktikası kimi dəyərləndirmək olarmı?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın mövqeyində yenidən müşahidə edilən aqressivlik, qeyri-konstruktiv yanaşma Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik hərəkətliliyə öz mənfi təsirini göstərir: “Vəziyyət o həddə çatıb ki, işğalçı ölkənin rəhbərliyi açıq şəkildə danışıqlar prosesindən yayınmağa cəhd göstərdiyini ortaya qoyur. Paşinyan qısa müddət ərzində nümayiş etdirdiyi hərəkətləri ilə əvvəlki Ermənistan rəhbərliyindən heç nəyi ilə fərqlənmədiyini ortaya qoymuş oldu. Hətta mən deyərdim ki, o, Serj Sarkisyandan da təhlükəli mövqe bildirməklə danışıqlar prosesindən yayınmaq istəyini açıq büruzə verdi. Təsəvvür edin ki, on illərlə aparılan danışıqlar prosesinə onun ilk reaksiyası belə oldu ki, Dağlıq Qarabağ müstəqil tərəf kimi prosesdə iştirak etməlidir. Bu yanaşma indiyə qədər aparılan prosesin ruhuna ziddir. Belə çıxır ki, biz yeni formatla danışıqlara sıfır nöqtəsindən başlamalıyıq. Onun məlum yanaşmasına sərt təpki oldu. Nüfuzlu ölkələr bəyan etdilər ki, onlar Minsk Qrupu formatını daha məqbul hesab edirlər. Bundan sonra Paşinyan, nəyin bahsına olursa-olsun, prosesdə bir taym-aut götürməyi düşündü. Onlar tərəfindən verilən ziddiyyətli bəyanatlardan bu aydın sezilir. İndi isə yaxın bir il ərzində növbəti parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul ediblər. Təbii ki, bütün bu addımlar danışıqlar prosesindən yayınmağa hesablanıb. Paşinyan bu bir il ərzində status-kvonu qorumaq üçün beynəlxalq ictimaiyyətə deyəcək ki, parlament formalaşandan sonra bu danışıqları kimin aparacağı məlum olacaq. Bunu da onunla əsaslandıracaq ki, Ermənistan parlament ölkəsinə çevrildiyi üçün, yeni baş naziri parlament seçməlidir və danışıqları aparmaq səlahiyyəti də seçiləcək şəxsə məxsus olacaq. Bu bəhanə ilə Paşinyan rahat bir il danışıqlardan yayınmaqla bağlı manevr edə biləcək”.
Məhəmmədəli QƏRİBLİ