"ATƏT Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov heç vaxt deməyib ki, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına qayıtmalıdır". “Trend”-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla birgə mətbuat konfransı zamanı deyib.
Erməni jurnalist ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına, xüsusilə rusiyalı həmsədr İqor Popovun guya müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlar masasına qayıtmasının zəruriliyi barədə fikirlərinə istinad edərək sual verib: “Bununla bağlı Rusiyanın indiki mövqeyi necədir və həmsədrlərin dediyi kimi, Dağlıq Qarabağın danışıqlar prosesinə qayıtması mərhələsi yaxınlaşmırmı?
Nazir suala cavabında bildirib ki, Rusiyanın mövqeyi dəyişməz qalıb: “Bu mövqe hər zaman Dağlıq Qarabağ məsələsinin ATƏT Minsk Qrupu vasitəsilə həllində əks olunub. Bu prosesin iştirakçıları, Azərbaycan və digər dövlətlərlə yanaşı, həm də Ermənistandır. Əminik ki, bu, optimal formatdır və Minsk Qrupunun Fransa və ABŞ-la birgə həmsədrlərindən biri qismində biz Bakı ilə Yerevana razılığa gəlmələrinə imkan verəcək şəratin yaradılması üçün ziddiyyətsiz ümumi xətt həyata keçiririk. Bu iş uzun illərdir ki, davam edir, müxtəlif mərhələlər olub. Yeri gəlmişkən, bəzi mərhələlərdə Dağlıq Qarabağ nümayəndələri də bu prosesdə iştirak edib. Sonra tərəflərin razılığı ilə format dəyişdirildi və indiki kimi oldu. Cənab Popov heç vaxt deməyib ki, onlar qayıtmalıdır. Xahiş edirəm diqqətli olaq. Tərəflər hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlarda yenidən təmsil olunması ilə bağlı razılığa gələrsə, bu onların qərarı olacaq və biz bu qərara hörmətlə yanaşacağıq”.
S.Lavrov qeyd edib: "Rusiya Yerevan və Bakı ilə ikitərəfli münasibətlərimiz kontekstində, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ və Fransadan olan həmkarlarla birgə tərəflərə qarşılıqlı məqbul qərarların axtarışında kömək etməyə davam edəcək".
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməli olduğunu bəyan edib.
Çox maraqlıdır, formaca belə görünür ki, Lavrov guya Ermənistanın qondarma “DQR”i danışıqlara tərəf kimi daxil etdirmək cəhdlərinə birmənalı son qoyur. Bu formaca belə görünür. Ancaq məzmunca Lavrov ermənilərin mənafelərini müdafiə mövqeyində qaldığını bir daha ifadə edib.
Qəzetimizin baş redaktoru Aydın Quliyev bu nüansa çox həssas olmalı olduğumuzu düşünür: “Cənab Lavrovun Qarabağın danışıqlarda tərəf kimi iştirak etdiyi hansısa mərhələlərin olması barədə fikri təzə şeydir. Mən Qarabağ probleminin həlli prosesinin tarixində belə fakt eşitməmişəm ki, qondarma “DQR” danışıqlarda tərəf kimi iştirak etsin. Sadəcə, müəyyən mərhələlərdə həmsədrlərin Qarabağın erməni və Azərbaycanlı icmaları ilə görüşləri olub. Bu isə “DQR”in danışıqlarda tərəf kimi iştirakı demək deyil. Lavrovun bu “faktı” hardan çıxardığı şübhəlidir. Tək Bişkek protokolunda Qarabağın hər iki icmasının imzaları olub. Bir də həmsədrlərin müəyyən texniki məsələlərlə bağlı azərbaycanlı və erməni icmalarla təkbətək görüşləri olub. Hər şey bu qədər olub. Bu da “QDR”in tərəf olması qənaətinə gəlməyə heç cür əsas verə bilməz. Məncə, Lavrov incə diplomatik ifadələrlə ermənilərin “DQR”i danışıqlara tərəf kimi gətirmək cəhdlərini birmənalı kəsmədi, əksinə, onlara daha bir ümid verdi ki, “DQR” nə vaxtsa yenidən danışıqlara tərəf kimi qayıda bilər. Hər şey Lavrovun olmayan bir şeyi fakt kimi qələmə verməsinin arxasında gizlənir”.
Göründüyü kimi, Lavrovun sözləri Qarabağ danışıqları prosesində yeni ziddiyyətlərin başlanması üçün mənbə rolu oynaya bilər və yəqin ki, Azərbaycan tərəfi bu nüansı diqqətdən qaçırmayacaq. Eyni zamanda bağqa bir arqument də var.
Aydın Quliyev əlavə etdi ki, cənab Lavrov tam tərəfsiz ola bilsəydi, “DQR”in tərəf kimi danışıqlara qatılması cəhdlərinin pozuculuq cəhdləri olduğunun fərqinə varardı. “İndi bütün əladədar subyektlər status-kvo-nun dəyişdirilməsi zəruruliyinə önəm verdiyi halda, buna yaxınlaşdığımız halda “DQR”in tərəf kimi prosesə qatılması hər şeyi alt-üst edə bilər. Ermənilərə də məhz elə bu lazımdır. Deməli, bir neçə gün əvvəl Rusiya XİN-in saytında Kojinin fikirlərinin saxtalaşdırılması və “Trend”in müxbirinin hədəfə alınması təsadüf deyilmiş. Rusiya XİN-in saytında sonradan dəyişdirilmiş həmin məlumat və cənab Lavrovun indiki açıqlaması prinsipcə bir-birinin davamıdır, erməniləri “DQR”in danışıqlara tərəf kimi daxil edilməsi cəhdlərinə şirnikləndirməkdən başqa bir şey deyil. Rusiya XİN Lavrovun şübhəli açıqlamasılndan sonra Qarabağ ermənilərinin indiyə qədər nə zaman tərəf kimi danışıqlarda iştirak etdiyinə dair əlavə və dəqiq açıqlama versə, hər şey aydınlaşa bilər. Belə açıqlama gəlməsə, Rusiya XİN-də erməni lobbisinin çox güclü təmayül kimi fəaliyyət göstərdiyi barədə Rusiyanın ziyanına olan ictimai rəy Azərbaycanda daha da möhkəmlənəcək”.
Baki-xeber.com