Aqşin Əliyev: “Paşinyan bununla həm Serj Sarkisyanın Qarabağdakı komandasından yaxa qurtarır, həm də...”
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “dövlət naziri” Arayik Harutyunyan və “polis rəisi” Kamo Ağacanyan istefaları haqqında bəyanat veriblər. Bu istefalar Xankəndi şəhərində şənbə günündən bəri davam edən kütləvi etirazlardan sonra baş tutub.
Maraqlıdır ki, Arayik Harutyunyan 33 “millət vəkili”ndən ibarət yerli “parlament”də 15 mandata malik çoxluq təşkil edən “Azad vətən” partiyasının lideridir. Polis rəisi istefası səbəbini belə izah edib: “Narahatlığıma tək istefa verməyimə dair tələblər səbəb olmayıb. Mənim məqsədim, həmçinin, ölkədaxili təhlükəsizliyi təmin edib, daxili siyasi gərginliyə yol verməmək olub”.
Məlumatlara görə, etirazlara “məişət zəminində” iki mülki şəxslə iki “MTX əməkdaşı” arasında mübahisə nəticəsində başlanan əlbəyaxaya 20-dək “MTX xüsusi təyinatlısı”nın qatılması və həmin iki mülki şəxsin döyülməsi səbəb olub.
Bazar ertəsi səhərdən 200-ə yaxın sakin şəhərin mərkəzi prospektini bağlayıb və tələbləri yerinə yetirilməyincə, nəqliyyat hərəkətini iflic vəziyyətdə saxlayacaqlarını bildirib.
Baş verən etirazların fonunda, istefaları necə dəyərləndirmək olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Azərbaycanın işğal altında olan ərazilərindəki separatçı qurumda baş verən proseslər bir müddət öncə Ermənistanda cərəyan edən hadisələrin məntiqi davamıdır: “Aksiya iştirakçılarının tələblərindən görünür ki, Ermənistandakı rejimin idarəetmə üsulları ora da olduğu kimi sirayət edib. Xalq həqiqətən həmin idarəetmədən canını qurtarmaq istəyir. Ancaq proseslərin arxasında Paşinyan hakimiyyətinin durduğu da sirr deyil. Mən burda iki faktor görürəm. Birincisi, Paşinyan keçmiş baş nazir Serj Sarkisyanın dayaqlarını Qarabağdan silmək istəyir. Ancaq həmin yerlər həssas bölgə olduğu səbəbindən prosesi ehtiyatla aparırlar. Ehtiyat edirlər ki, təmas xəttinə yaxın ərazilərdə yaranan qarşıdurma ciddi fəsadlara yol aça bilər. Digər tərəfdən isə, bu cür qalmaqalla diqqəti Dağlıq Qarabağa yönəltmək istəyirlər. Bildiyiniz kimi, Paşinyan Dağlıq Qarabağ separatçılarını ayrıca tərəf kimi danışıqlar prosesinə qatmaq istəyir. Bununla onlar sübut etməyə çalışırlar ki, orada “dövlət” modeli mövcuddur. Göstərmək istəyirlər ki, hətta xalqın etdiyi narazılıqlar fonunda məmurlardakı “demokratiya” anlayışı o qədər yüksəkdir ki, onlar istefaya belə gedirlər. Bu proseslərdə səmimi etirazını bildirən xalqdır. Oyunları isə çoxvektorlu xətt üzrə aparılır. Paşinyan bununla həm Serj Sarkisyanın Qarabağdakı komandasından yaxa qurtarır, həm də beynəlxalq ictimaiyyətin diqqətinə separatçı qurumu müstəqil subyekt kimi soxmaq istəyir. Hələ ki, proseslərdən qalib çıxan Paşinyandır”.
Məhəmmədəli QƏRİBLİ