Aydın Mirzəzadə: “Biz bu məsələdə Gürcüstanın mövqeyini dəstəkləyirik”
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu MDB-yə üzv dövlətləri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb.
Bu barədə rusiyalı nazir Tıva Respublikasının Kızıl şəhərində keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasındakı çıxışında bildirib: "Bu gün Suriya ərazisinin böyük bir hissəsi terrorçulardan azad olunub. Qalan terrorçuların tərksilahı barədə danışıqlar gedir. Psevdoxilafətin yaradılması planı puça çıxıb. Münaqişənin siyasi yolla nizamlanması və Suriyanın vahid, bölünməz dövlət kimi dirçəlişi üçün bütün şərait yaradılıb”.
Bununla əlaqədar Rusiya müdafiə naziri MDB ölkələrinə Suriyanın bərpasında iştirak təklif edib: "Hər kəsə məlumdur ki, təhlükəsizliyin təmin olunması ancaq birgə səylərlə mümkündür. Suriyada dinc həyatın bərpa olunmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya ilə bağlı əməkdaşlığımızın geniş spektri mümkündür. Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya zonalarında birgə patrul xidməti, humanitar yardım göstərmək, infrastrukturun bərpası aiddir. Beynəlxalq terrorçuluqla mübarizədə və ümumi təhlükəsizliyin təmin olunmasında birliyimizi nümayiş etdirən dəstəyinizə ümid edirik".
Məlum olduğu kimi, Azərbaycan da MDB-nin üzvüdür. Ancaq buna baxmayaraq, biz ölkə olaraq indiyə kimi rastlaşdığımız bir sıra qlobal problemlərlə bağlı MDB-nin ciddi dəstəyini hiss etməmişik. Bundan əlavə, Suriya separatçı Cənubi Osetiyanın və Abxaziyanın “müstəqilliyi”ni tanıyıb. Nəticədə Gürcüstan Suriya ilə bütün diplomatik münasibətləri kəsib. Gürcüstan isə Azərbaycanın yaxın qonşusu və strateji partnyorudur. Bütün bu faktorları nəzərə alsaq, Azərbaycan Rusiyanın Suriya ilə bağlı təklifinə hansı cavabı verməlidir? Azərbaycanın Suriyanın bərpasında iştirakı və ya imtinası hansı nəticələrə səbəb ola bilər?
Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirdi ki, bu cür məsələlərdə Azərbaycan balanslı davranır: “Rusiya tərəfindən edilən dəvət çox yayınıq haldadır. Yəni söhbətin konkret olaraq hansı proseslərdən getdiyi aydın göstərilmir. Hesab edirəm ki, Azərbaycanın bu tip layihələrdə iştirakı yalnız ikitərəfli müqavilələr əsasında baş tuta bilər. Söhbət hər iki tərəfin maraqlarına cavab verən razılığın əldə olunmasından gedir. Bu məsələdə Azərbaycan MDB-nin və ya hansısa başqa tərəfin deyil, öz mövqeyini önə çəkməlidir. Suriya ilə bizim hansısa iqtisadi münasibət qurmağımızda və ya Azərbaycan şirkətlərinin onları qane edəcək şərtlər daxilində vətəndaş müharibəsi bitdikdən sonra Suriyanın yenidən qurulmasında iştirakı mümkün ola bilər. Vətəndaş müharibəsi ilə bağlı digər məsələlərə Azərbaycan müdaxilə etmək fikrində deyil. Ölkəmizin Suriya ilə bağlı mövqeyi bəllidir. Biz oradakı rəsmi hakimiyyəti tanıyırıq və tezliklə onlara vətəndaş müharibəsinin bitməsini arzu edirik. Gürcüstanla bağlı məsələyə gəldikdə isə, biz Suriyanın mövqeyini bölüşə bilmərik. Çünki onlar Gürcüstanın suveren ərazisi tərkibində baş qaldıran separatçı rejimləri dəstəkləyib. Azərbaycanın özü də separatizmdən əziyyət çəkən ölkə olduğu üçün, biz bu məsələdə Gürcüstanın mövqeyini dəstəkləyirik”.
Məhəmmədəli QƏRİBLİ