Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh müstəvisində tənzimlənməsində Azərbaycan hələ də maraqlı olduğunu bildirir və qarşı tərəflə substantiv danışıqlara başlamağı mümkün sayır. Amma görünən budur ki, İrəvan hələ də Azərbaycanın bu jestini layiqincə qiymətləndirməkdə çətinlik çəkir. Eyni zamanda yeni Ermənistan hakimiyyətinin açıqlamaları bu ölkədə Qarabağ münaqişəsinə savadlı diplomatik yanaşmanın da tədricən aradan qalxdığını təsdiqləyir. Bunu yüksək səviyyədə verilən son rəsmi açıqlamalar fonunda da aydın görmək olar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində yenidən Qarabağ konfliktinə toxunaraq bu xüsusda mühüm açıqlamalar verib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur”.
İlham Əliyev qeyd edib ki, tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, Azərbaycanın iqtisadi və hərbi gücü və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb”. Dövlət başçısı bir daha konfliktin danışıqlar yolu ilə tezliklə öz həllini tapa biləcəyinin qeyd edib. Lakin Azərbaycan tərəfinin bu yanaşmasına Ermənistan adekvat cavab verməkdə çətinlik çəkir. Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə hökumətin proqramının müzakirəsi zamanı səsləndirdiyi fikirlər də bunu aydın surətdə təsdiq edir. Paşinyan bir daha qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışıb, bildirib ki, bunsuz danışıqlar effektiv olmazdı. Onun sonrakı açıqlamaları isə daha sərsəm xarakter daşıyıb: “1998-ci ildən sonra Ermənistan nümayəndələri Qarabağın da adından danışıqlar apardı. Robert Köçəryan əvvəl Qarabağın “prezidenti” olmuşdu, Serj Sarkisyan isə Qarabağın özünümüdafiəsinin təşkilatçılarından biri olub. Nəticədə bizim necə yanaşmağımızdan asılı olmayaraq, onlar danışıqlar aparmaq mandatını əldə edə, yaxud bunu öz adlarına yaza bilərdilər. Lakin mən qətiyyən özümə belə səlahiyyətlər rəva görə bilmərəm. Bunun üçün nə hüquqi, nə mənəvi əsaslarım var”. Paşinyan Qarabağdan olmadığını da əsas gətirərək, belə danışıqlarda mənəvi baxımdan iştirakını mümkün saymadığını qeyd edir. Xatırladaq ki, Nikol Paşinyan baş nazir seçiləndən sonra Dağlıq Qarabağa səfər edərək qondarma rejimin danışıqlarda iştirakı məsələsini qaldırmışdı və bu mövqe Ermənistanın özündə də qızğın polemikaya səbəb olmuşdu. Rəsmi Bakı bu mövqeyi gülməli və qeyri-ciddi adlandırıb, danışıqlar prosesini pozmağa yönəldiyini bildirib. İndi isə Paşinyan bu qəribə, siyasi peşəkarlıqdan uzaq bu yanaşmasını daha da inkişaf etdirib və qeyd edir ki, Sarkisyandan, Köçəryandan fərqli olaraq qarabağlı deyil. Deməli, Dağlıq Qarabağın adından danışa bilməz. Bu, Paşinyanın Qarabağ məsələsinə diplomatiyadan uzaq, savadsız bir yanaşma sərgilədiyini açıq şəkildə meydana qoyur. Dünya bu açıqlamalar fonunda Azərbaycan və Ermənistanın münaqişənin həllinə necə yanaşdığını aydın surətdə görür və ekspekrtlər hesab edir ki, əslində, bunlar Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsi də hesab edilə bilər. Azərbaycan problemin konstruktiv çözümünü təklif etdiyi halda Ermənistan bunun əksinə gedir. Belə vəziyyətdə dünya bir daha Ermənistanın münaqişənin dinc müstəvidə həllində maraqlı olmadığını görür.
Təbii ki, belə vəziyyət Qavrabağ məsələsinin hərb müstəvisində həllini daha aktual hala gətirir. Məsələyə münasibət bildirən rus ekspertlər də Ermənistanın məsələyə qeyri-konstruktiv bir yanaşma tərzi sərgilədyini vurğulayır. Xüsusən də onlar zəbt olunmuş ərazildərdə yaradılan separatçı rejimin danışıqlar masasında əyləşməsini absurd və müharibəyə təhrik edən addım sayır. Bununla Ermənistanın sülh prosesindən qaçmağa çalışmasına da xüsusi diqqət yetrilir. Moskva Dövlət Universitetinin dünya siyasəti və beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko separatçı rejimin danışıqlara cəlb edilməsi ilə bağlı İrəvanın bəyanatlarının təhlükəli olduğunu bildirir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hiyləgər oyun oynayır: “İrəvan Dağlıq Qarabağ ətrafında idarəolunan böhranı yaratmaq istəyir. Bununla həm də Rusiyanın qarşısında sual qoyur: “Qarabağa görə bizimlə döyüşəcəksiniz? Əgər döyüşməyəcəksinizsə, NATO ilə əməkdaşlığımıza mane olmayın”. Fenenko hesab edir ki, Azərbaycan belə ritorikaya uzun müddət dözməyəcək: “Fikrimcə, nəticədə münaqişə zonasında “aprel müharibəsi” kimi yeni müharibə başlaya bilər”. Digər ekspert Dmitri Verxoturov hesab edir ki, İrəvan danışıqlarda iki erməni tərəfini əyləşdirmək istəyir: “Məlumdur ki, Azərbaycan separatçıların danışıqlara cəlb edilməsinə heç vaxt razı olmayacaq. Doğrudur, Azərbaycan Ermənistanın bu təklifinə cavab olaraq deyə bilər ki, danışıqlarda öz doğma yurdundan qovulmuş və bu torpaqların qanuni sahibi olan Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak edə bilər. Bu baş verərsə, danışıqlarda dinamika yarana bilər. Lakin Ermənistanın təklif etdiyi “soyğunu qanuniləşdirmək” cəhdidir. Bu şəraitdə danışıqların aparılması mənasızdır. Beləliklə, Azərbaycan üçün güc variantı alternativsiz olur. Ehtimal ki, gec-tez Qarabağda müharibə başlayacaq və münaqişə məhz bu yolla həll olunacaq”. Dağlıq Qarabağda bir neçə gün öncə baş verən etiraz aksiyalarına toxunan Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə hesab edir ki, Xankəndində baş verənlər Azərbaycanla müharibədə və danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədəcək. Onun sözlərinə görə, Ermənistan Qarabağın danışıqlar prosesində iştirakını təklif etməklə prosesi lap əvvələ qaytarır: “Hərçənd, Azərbaycan Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesində iştirakı ilə bağlı sərt şərtlər irəli sürə bilər”.
Rusiyanın ” rosbalt ” portalı yazır ki, belə vəziyyətdə savaşın başalması Ermənistanın böyük məğlubiyyəti ilə nəticələnəcək: ”bunu o fakt da təsdiqləyir ki, son günlərdə Naxçıvan istiqamətində Azərbaycan xüsusi təyinatlı qoşunları Ermənistan hərbçilərinin nəzarətindəki bir neçə yüksəkliyi tutub. Bakı və İrəvanda Azərbaycan Ordusunun münaqişə zonasında strateji yüksəklikləri “götürdüyü” haqda söz-söhbət səngimir. Azərbayan KİV-inin məlumatına görə, Naxçıvanda əlahiddə ümumqoşun birləşmələrinin xüsusi təyinatlı bölmələri neytral zona boyu irəliləyib və Ermənistan ordusunun 1992-ci ildən nəzarət etdiyi bir neçə yüksəkliyi azad edib. Nəticədə, Bakı İrəvan-Gorus-Laçın yoluna nəzarət imkanı əldə edib. Tərəflərin hərbi idarələri bu haqda anlaşıqlı bir xəbər vermir – yalnız eyhamlar, ya da “qismən təkziblər”. Lakin sosial şəbəkələrdə Azərbaycanın həqiqətən də bir neçə yüksəkliyi geri qaytardığı və bir neçə kəndi özündə saxladığından xəbər verən fotoşəkillər geniş yayılıb.
Erməni tərəfinin məlumatına görə, azərbaycanlılar, doğrudan da, “bir-iki yüksəkliyi” tutublar, amma bu, qüvvələr bölgüsünü dəyişmir. Amma ermənilər bu sakitləşdirici ritorikaya inanırmı? Axı İrəvan 2016-cı ilin aprelində dördgünlük müharibə nəticəsində işğal edilmiş ərazilərin bir qismi üzərində nəzarəti artıq itirib və çoxları bunu devrilmiş Serj Sarkisyana bağışlamadı. Yeni lider Nikol Paşinyana bağışalayacaqlarmı? Çünki cəhbədə sıx atışmalar nəticəsində o cümlədən erməni hərbçiləri də həlak olur. Ermənistanda və tanınmamış Dağlıq Qarabağda köhnəlmiş münaqişənin tənzimlənməsi yolunun aydın görünüşü yoxdur. Və başlıcası – qarşı tərəflə, eləcə də Rusiya ilə konsensus əldə edilməsinə siyasi iradə yoxdur.
Bakı tənzimlənmə prosesində irəliləyiş üçün substansiv danışıqların keçirilməsinə hazır olduğunu əvvəlcədən bildirib. Amma görürür, belə variant İrəvanı qane etmir. Bu isə əslində Ermənistan üçün təhddidir, çünki müharibəni tətikləyir. Bu müharibədə isə qələbənin Azərbaycan tərəfdə olacağını söyləyənlərin sayı kifayət qədərdir, o cümlədən Ermənistanın özündə də”. Beləliklə, sadalanlardan aydın görünür ki, yaxın tezlikdə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv addımlar atmasa, Azərbaycanın hərb yoluna əl atmaqdan başqa seçimi qalmayacaq. Bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını isə düşmən ölkədə də yaxşı bilirlər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.