Əli Əliyev: “Bu prosesdən uduşla çıxan Türkiyə oldu”
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqların yekununda bəyan edib ki, rəsmi Ankara və Vaşinqton arasında F-35 bombardmançı təyyarələrin tədarükünə dair saziş qüvvədədir. İlk təyyarə iyunun 21-də Türkiyəyə veriləcək: “Biz ABŞ tərəfinin nəzərinə çatdırdıq ki, Konqresin istifadə etdiyi təhdid dilini qəbul etmirik. Bu qeyri-konstruktivdir. İlk F-35 təyyarəsi, əvvəl planlaşdırıldığı kimi, iyunun 21-də bizə veriləcək. Bu mövzuya dair heç bir dəyişiklik yoxdur”.
Bunun ardınca Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə Menbiçlə bağlı əldə olunan razılaşmanın detallarını açıqlayıb. Bildirilir ki, Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.
Çavuşoğlu onu da vurğulayıb ki, üçüncü mərhələdə Menbiçdə sabitliyin qorunması üçün Ankara, Vaşinqton, Bağdad və Ərbil dördtərəfli əməkdaşlıq edəcəklər. Çünki PKK İraqdakı kürd muxtariyyətinin düşmənidir. Çavuşoğlu daha bir sensasion açıqlama verərək deyib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Belə ki, ABŞ-la olan razılaşmada bununla bağlı ikitərəfli anlaşma əldə olunub. Lakin ABŞ-ın əsl mövqeyi, YPG-ni başqa ərazilərdən çıxarıb-çıxarmayacağı da məhz onda bəlli olacaq. Türkiyə xarici işlər naziri əlavə edib ki, Menbiçin terrorçulardan təmizlənməsi 3-6 ay arasında tamamlanacaq və bu prosesdə heç bir üçüncü ölkənin iştirakı olmayacaq. Bu şərt həm Fransa və Böyük Britaniya, həm də Belçikaya aiddir. Çavuşoğlunun sözlərinə görə, Menbiçin terrorçulardan təmizlənməsilə bağlı əldə olunan razılaşma Suriyanın gələcək sabitliyi üçün önəmli olmaqla yanaşı, həm də Ankara ilə Vaşinqtonun münasibətlərini yenidən yoluna qoymaq üçün bir fürsət olacaq. Göründüyü kimi, bu iki razılaşma Türkiyə ilə ABŞ arasında bir yaxınlaşmanın olmasına işarədir. Belə bir situasiyanın yaranması Türkiyə-ABŞ münasibətlərinin gələcəyi üçün nə vəd edir və bu yaxınlaşma Türkiyə-Rusiya münasibətlərinə necə təsir edə bilər? Bəllidir ki, indiyə kimi Türkiyə Suriya məsələsində Rusiya ilə müttəfiq kimi hərəkət edib. Hər halda, Türkiyə ilə ABŞ-ın məhz Suriya ilə bağlı məsələdə ortaq məxrəcə gəlməsi bu sualları aktual edir.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə bildirdi ki, Türkiyənin Menbiçlə bağlı əldə etdiyi razılaşma həmin ölkənin diplomatik qələbəsidir: “Çünki Menbiç ABŞ-ın ciddi strateji nöqtəsi idi. Türkiyə əməliyyatlar başlayacağı təqdirdə oranı vuracağı ilə bağlı israrlı olmaqla ABŞ-ı geriyə addım atmağa məcbur etdi. Bununla da oradan YPG və ABŞ qüvvələri çıxarılacaq. Bu olduqca ciddi qələbədir. F-35-lərlə bağlı məsələ Türkiyənin güzəşt variantıdır. Alternativ yol Rusiyaya məxsus qırıcıların alınması idi. ABŞ bunu qəbul etdirməklə həm də Rusiyanın qırıcı təyyarələrinin bazara çıxarılmasının qarşısını aldı. Bir növ, Türkiyə ilə münasibətlər yumşaldıldı. ABŞ-la Türkiyənin gələcək münasibətləri NATO müttəfiqi və strateji tərəfdaşı kimi davam etdiriləcək. Rusiyaya gəldikdə isə, onun başqa bir seçim yolu yoxdur. Onlar Türkiyənin addımları ilə barışmaq zorundadırlar. Bu gün Rusiya o halda deyil ki, ABŞ-Türkiyə anlaşmasına qarşı ciddi mövqe ortaya qoya bilsin. Bu münasibətlərdə hər tərəfin maraqları balanslaşdırılıb. Menbiç mövzusu Rusiyanın maraq dairəsinə aid deyildi ki, Moskva bundan ciddi narahat olsun. F-35-lərlə bağlı məsələdə Rusiyanın itkilərini danmaq olmaz. Amma düşünmürəm ki, bu amil Türkiyə ilə bağlı Rusiyanın strateji addımlarında problem yarada bilər. Rusiya bundan sonra da Yaxın Şərqlə bağlı məsələdə Türkiyə ilə yaxından əməkdaşlıq etməyə məhkumdur. Bu prosesdən uduşla çıxan Türkiyə oldu”.
Məhəmmədəli QƏRİBLİ