Qabil Hüseynli: “O ya könüllü istefa verməlidir, ya da onu yeni etiraz dalğasını qaldırmaqla yola salacaqlar”
Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinə müraciət ünvanlayıb. Baş nazir ermənilərə çağırış edərək onlardan etiraz aksiyalarını dayandırmağı və hökumətə əldə edilən razılaşmaları həyata keçirməyə icazə verməyi istəyib.
“Heç bir şübhə yoxdur ki, güc strukturlarının davranışları narahatlıq yaradır. Bu situasiyanın konkret həlli olmalı və konkret nəticələrə gətirib çıxarmalıdır”, - deyə Paşinyan qeyd edib. İrəvanda baş verən proseslərin Qarabağa da sıçraması erməni ekspertlərini narahat edir. Aksiyalarda separatçıların diktatorluğu və qurduğu xunta rejimindən insanların bezdiyi açıq şəkildə etiraf olunur. Bundan sonra Dağlıq Qarabağda hansı proseslərin cərəyan edəcəyini gözləmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Dağlıq Qarabağda baş qaldıran etirazları təsadüfi və sosial mənşəli saymaq olmaz: “Proseslərin qızışdığı zaman aksiyaların siyasi motivli olmasına bir işarədir. İrəvanda baş verən hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət klanın oradakı qalıqlarını da taxtdan salmaq istəyir. Çünki bilirlər ki, hakimiyyətdən gedən Qarabağ klanının əsas dayaqları məhz oradadır. Hətta bəzi siyasətçilər anons da verirdilər ki, Serj Sarkisyanın Dağlıq Qarabağdakı adamlarına qarşı təmizləmə əməliyyatları aparılmasa, Xankəndidə kütləvi aksiyalar başlanacaq. Sözsüz ki, bu, elə-belə məsələ deyil və arxasında daha geniş planlar dayanır. Paşinyan Bako Saakyanı Dağlıq Qarabağda yaşayan protest elektoratının əli ilə hakimiyyətdən kənarlaşdırmaq istəyir. Yəni plan İrəvanda hazırlanıb və işə salınmaqdadır. Bu plan qondarma “DQR”də “hakimiyyət” dəyişikliyinə gətirib çıxarmalıdır. Ancaq, görünür, proseslər hələ ki, gözlənilən nəticəni vermədi. 3 gün ərzində Paşinyan məsələyə reaksiya verməkdən yayındı. Çox güman ki, aksiyaların daha da genişlənməsini və hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini gözləyirmişlər. Prosesin alınmadığını görəndən sonra Paşinyan Qarabağa müraciət ünvanladı. Dağlıq Qarabağda klanın dayaqları aradan qaldırılmasa, Paşinyanın Ermənistandakı hakimiyyətinə təhlükə hər an qalacaq. Bunu da rəsmi İrəvan bilir. Paşinyan bu təhlükəni aradan qaldırmaq üçün Ermənistanda başladılan prosesi indi də işğal altındakı Dağlıq Qarabağda reallaşdırmaqda maraqlıdır. Ermənistanda gedən proseslər işğal altındakı Dağlıq Qarabağda təkrar olunmağa başlayır. Böyük ehtimalla, qondarma “prezident” Bako Saakyanın istefası ilə proses başa çatacaq. Aksiyaların səngiməsi prosesin yekunlaşdığına dəlalət etmir. Bununla Bako Saakyana “çıx get” mesajını verdilər. O ya könüllü istefa verməlidir, ya da onu yeni etiraz dalğasını qaldırmaqla yola salacaqlar”.
Məhəmmədəli QƏRİBLİ