Dünya nizamına təsir edən böyük güclər arasında münasibətlər indi daha gərgin xarakter almaqda, eyni zamanda çox təhlükəli vəziyyət yaratmaqdadır. Söhbət ilk növbədə Rusiya-ABŞ-Çin üçbucağındakı gərginlikdən gedir. Proseslər göstərir ki, burada həm iqtisadi, həm də hərbi müstəvidə ciddi rəqabət gedir. İqtisadi rəqabət və gərginlik özünü əsas etibarı ilə Çin və ABŞ arasında göstərir.
Son dövrlərdə isə bura Avropa Birliyi də əlavə olunub. Hərbi gərginlik və rəqabət sahəsində isə əsas rollar Rusiya və ABŞ-a məxsusdur. Proseslər göstərir ki, tərəflərin belə gərginlik yaşadığı məkanlardan biri Cənubi Qafqazdır.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” adlandırılan “Stratfor”analitik şirkəti də tərəflərin Cənubi Qafqazda mövqe toqquşmaları risqinin artdığını bildirir. Hesab edilir ki, bu vəziyyət bölgədə münaqişələrə də təsirsiz ötüşməyəcək. Bura Qarabağ konflikt idə aiddir. Baş verənlərlə bağlı Rusiyanın “regnum.ru” portalı yazır ki, Qərbin Qarabağ məsələsində aktivləşməsi və bunun məhz indiki dövrdə özünü qabarıq büruzə verməsi təsadüfi deyil. Bunun həm Rusiya və ABŞ arasında gərginlik, həm də Vaşinqton-Tehran qarşıdurması ilə birbaşa bağlı olduğu qeyd edilir: “Vaşinqton İranın nüvə proqramı üzrə 2015-ci ildə beynəlxalq vasitəçilər “altılığının” (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) imzaladığı sazişdən çıxdığını bildirəndən sonra aydın olub ki, amerikalıların Yaxın Şərqdə antiiran siyasəti dayanıqlı xarakter alır. ABŞ Dövlət Departamentinin təmsilçisi Hizer Nauert lap bu günlərdə Tehrana qarşı Vaşinqtonun öz müttəfiqlərini sürüyüb gətirmək niyyətində olduğu geniş koalisiyanın yaradılması üzrə fəaliyyətin başlandığını növbəti dəfə anons edib. Düzdür, bu koalisiyaya məhz hansı ölkələrin girə biləcəyi hələlik bildirilmir. Yəqin ki, İsrail, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər “neft” monarxiyalarından danışmaq olar. Amma bu, amerikalılara açıqca bəs etməyəcək. Onlara Cənubi Qafqaz respublikalarını da yeni alyansın bayrağı altına yığmaq lazımdır. Həm də bu, Rusiyaya qarşı çıxmaq üçün ABŞ-a çox sərfəli olardı”.
“Stratfor”un analitikləri isə qeyd edir ki, Cənubi Qafqazda gedən rəqabət burada geosiyasi müstəvidə yeni vəziyyət yaradır. Amerikanın kəşfiyyat-analitik şirkətinin mütəxəssisləri yazır ki, Baltikyanı ölkələr, həmçinin Polşa, Ukrayna, Belarus və Gürcüstan ABŞ və Rusiya arasında döyüş meydanları kimi daha əhəmiyyətli rol oynamağa başlayıb: “Vaşinqtonun yüksək diqqəti Rusiya ilə artan gərginlik fonunda, həmçinin, Arktikaya strateji yaxınlığına görə Skandinaviya ölkələrinə, xüsusilə Norveçə ayrılacaq. Bundan başqa, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin 6-cı donanması Baltik və Qara dənizdə təsirini artırıb“. Amerika ekspertləri hesab edir ki, Çin və Rusiya ilə qarşıdurma ABŞ-ı İran və ya Şimali Koreya, yaxud da hər ikisi ilə müharibələrdən yayındıra bilər: “İranın ABŞ-ın nüvə sazişindən çıxışına cavab olaraq nüvə proqramını yeniləməsi Yaxın Şərqdə münaqişə ilə nəticələnə bilər. Şimali Koreyaya gəlincə, Vaşinqton və Pxenyan arasında yüksək səviyyədə görüş haqqında ilkin optimizm var. Lakin danışıqlarda hər hansı sıçrayış olmadığı halda, optimizm yerini tezliklə müharibəyə hazırlığa güzəştə gedə bilər”.
Rusiyanın hərbi eksperti Pavel Felqenhauer də vəziyyətin çox gərgin xaratker almağa başladığını təsdiq edir. O bildirir ki, Qərb ölkələrində Rusiyanın hərəkətləri ilə əlaqədar ümumavropa müharibəsinə ciddi baxılır. Onun sözlərinə görə, real planlaşdırma gedir və istənilən vaxt ən kiçik hadisəyə görə müharibə başlaya bilər. Hərbi ekspert qeyd edib ki, belə müharibədə yalnız NATO ölkələri iştirak etməyəcək, çünki Baltikyanı ölkələrdə müharibə halında İsveç NATO-nun tərəfində vuruşacaq. O, Finlandiyanın Rusiyaya qarşı vuruşacağını da istisna etmir: “Litvada artıq “Dəmir canavar” adlanan briqada gücləndirilir. İsveçdə əvvəllər ləğv edilən hərbi çağırış bərpa olunub. Polşa və Baltikyanı ölkələri Rusiya hücum edəcəyi təqdirdə müqavimət göstərmək üçün öz silahlı qüvvələrini gücləndirməlidir”.
Hərbi ekspertin qənaətinə görə, Rusiya güclü qruplaşmanı daha sürətlə toplaya bilər. Qeyd edilir ki, Rusiya strateji portativliyi və böyük qoşun bölmələrinin göndərilməsi ssenarilərini artıq “Qafqaz” və “Qərb” tipli genişmiqyaslı təlimlərdə yerinə yetirib: “Müharibəyə hamı hazırlanır. Başqa sual odur ki, ABŞ “soyuq müharibə” dövründə qurduğu daimi hərbi bazaları yenidən quracaqmı? İyulda NATO-nun sammitində yeni strategiya, yəni şərq cəbhəsində regional müharibə halında qoşunların genişləndirilməsinin planları qəbul ediləcək. Əlbəttə, Rumıniya üçün planlar hazırlanıb. Amma indi Polşa və Baltikyanı ölkələr daha təhlükəli istiqamətdir. Rumıniyadan söhbət gedirsə, Ukrayna üzərindən keçmək lazımdır”. Onun sözlərinə görə, ümumavropa müharibəsi təhlükəsi getdikcə artır: “Hər şey hər hansı hadisədən başlana bilər. Məsələn, Baltikyanı ölkələrin səmasında Rusiya və Amerika təyyarələri toqquşa və böhran başlaya bilər. Onda qoşunların genişləndirilməsi və güclərin göndərilməsi planlarının icrası başlanacaq. Moskvada hansısa anda hərbçilər Putinə sübut etməyə çalışacaqlar ki, Texasdan gələcək Amerika diviziyalarını qabaqlamaq üçün Baltikyanı ölkələri təcili işğal etmək lazımdır, əks halda, onlar güclü müharibə meydanı yaradacaq və biz heç nə edə bilməyəcəyik, onlar Kalininqradı tuta bilər, Sankt-Peterburq və Moskvaya hücum etmək imkanına malik olacaqlar. Bu artan böhrandan ümumavropa müharibəsi başlana bilər. Rusiyada böyük müharibə təhlükəsini rəsmən qəbul edirlər. Bu haqda baş qərargah başçısı bir neçə dəfə danışıb və belə müharibə günü sabah başlana bilər”.
Nahid SALAYEV