Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu MDB-yə üzv dövlətləri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb. APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə rusiyalı nazir Tıva Respublikasının Kızıl şəhərində keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasında çıxışında bildirib.
"Bu gün Suriya ərazisinin böyük bir hissəsi terrorçulardan azad olunub. Qalan terrorçuların tərksilahı barədə danışıqlar gedir. Psevdoxilafətin yaradılması planı puça çıxıb. Münaqişənin siyasi yolla nizamlanması və Suriyanın vahid, bölünməz dövlət kimi dirçəlişi üçün bütün şərait yaradılıb”, - deyə o, qeyd edib.
Bununla əlaqədar Rusiya müdafiə naziri MDB ölkələrinə Suriyanın bərpasında iştirak təklif edib: "Hər kəsə məlumdur ki, təhlükəsizliyin təmin olunması ancaq birgə səylərlə mümkündür. Suriyada dinc həyatın bərpa olunmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya ilə bağlı əməkdaşlığımızın geniş spektrı mümkündür. Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya zonalarında birgə patrul xidməti, humanitar yardım göstərmək, infrastrukturun bərpası aiddir. Beynəlxalq terrorçuluqla mübarizədə və ümumi təhlükəsizliyin təmin olunmasında birliyimizi nümayiş etdirən dəstəyinizə ümid edirik".
"MDB ölkələri əsasən beynəlxalq terror təhlükəsi ilə qarşılaşır" – deyə S.Şoyqu bildirib. "Bu gün Birlik ölkələri Müdafiə Nazirləri Şurasının iclasının Asiyanın çoğrafi mərkəzində-Kızıl şəhərində keçirilməsi olduqca simvolikdir. Birgə sərhədlər və tarixi əlaqələrin ümumiliyi bizə ən aktual mövzularla bağlı etibarlı danışıqlar aparmağa imkan verir",-deyə o qeyd edib.
Rusiyalı nazir MDB-dən olan tərəfdaşları vahid prioritetin birləşdirdiyini söyləyib: "Bu, mehriban qonşuluq, qarşılıqlı sərfə əməkdaşlıq və regional sabitlikdir. Bununla yanaşı, bizə qarşı ümumi çağırışlar və təhlükələr mövcuddur. Bu, hər şeydən əvvəl beynəlxalq terrordan gələn təhlükədir. MDB Müdafiə Nazirləri Şurasının formatı milli və ümumi maraqları nəzərə almaqla əməkdaşlığın diapazonunu genişləndirməyə imkan verir. Bugünkü iclas bu yolda vacib addımdır".
Şoyqu MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında tarixdə ilk dəfə fəxri qonaq qismində Monqolustan müdafiə naziri Nyamaaqiyn Enxboldun da iştirak etdiyini vurğulayıb.