Aydın Mirzəzadə: “Burada Azərbaycanın hər hansı udacağı bir məsələ yoxdur” Tofiq Abbasov: “İstər Ermənistan, istərsə də onun Qarabağda qanunsuz dünyaya gəlmiş hərbi xuntası öz məntiqi sonluğuna doğru addımlayır"
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində yenidən etiraz aksiyaları başlayıb. Məlumata əsasən, etirazçılar "Milli Təhlükəsizlik Xidməti" (MTX) və "polis” rəislərinin istefasını tələb edirlər: "Biz bu həyatdan, həyat tərzindən bezmişik. Biz bir şeyi tələb edirik: bərabərlik. Qoy heç kim kiminsə oğlu olduğunu deməsin. Əgər kimsə qanunu pozubsa, o da cəzalanmalıdır" .
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə “MTX” əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndidə məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb.
“MTX” “əməkdaşları” yerli ermənilərə çoxsaylı xəsarət yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz “polis”i isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs edib. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanıb.
Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq “MTX” “əməkdaşları”nın cəzalandırılmasını, bu “xidmətin” ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni “xüsusi təyinatlıları” özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. Qondarma qurumun rəhbərliyi hesab edir ki, bu etirazların arxasında İrəvandakı yeni hakimiyyət dayanır. Bir sıra erməni politoloqları bildirirlər ki, yaranmış son vəziyyət qondarma qurum rəhbərliyi ilə rəsmi İrəvanın münasibətlərini korlayıb. Belə olan halda, proseslər hansı sonluqla nəticələnə bilər? Dağlıq Qarabağda separatçı hakimiyyət devrilsə, onların Azərbaycanla münasibətlərində hansısa yenilik ola bilərmi?
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, hazırda biz, ümumilikdə, erməni dünyasının böhran keçirdiyinin şahidi oluruq: “Bu gün ayrıca bir Dağlıq Qarabağ yoxdur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş zonası və orada Ermənistan tərəfindən göndərilən idarəçilərin idarə etdiyi işğal edilmiş ərazi var. Aydın məsələdir ki, Serj Sarkisyan hakimiyyətdən getdikdən sonra vaxtında işğal edilmiş və nümayəndələrini göndərdiyi şəxslərin idarəçiliyinin dəyişməsilə bağlı məsələlər ortaya çıxıb. Sadəcə olaraq bir qrup işğalçının başqa qrup işğalçı ilə əvəzedilmə prosesinə cəhd edilir. Yəni burada Azərbaycanın hər hansı udacağı bir məsələ yoxdur. Amma, bununla belə, proseslər işğal altında olsa da, Azərbaycanın ərazisində gedir. Bu bir daha göstərir ki, torpaqlarımızın işğal edilməsi Ermənistana hər hansı bir fayda vermədi. Ermənistan bu gün iqtisadi böhrandadır, bu gün öz dövlətçiliyinin zəifləməsi prosesini yaşayır və Dağlıq Qarabağda olan Ermənistan tərəfindən yaradılan heç bir rejim orada özünü rahat hiss edə bilməz”.
Digər politoloq Tofiq Abbasovun qənaətincə, Dağlıq Qarabağda baş verən hadisələri, faktiki olaraq, Ermənistandakı proseslərin təkrarı saymaq olar: "Əgər Ermənistanda mərkəzi idarəetmə bölünübsə, demək, bu onun himayəsində olan separatçılarda da öz əksini tapacaq. Görünən odur ki, artıq hərbi rejimin azğınlığından bezmiş insanlar küçələrə axışıblar və Bako Saakyanın hakmiyyətdən getməsini istəyirlər. Saakyan, onun ətrafı və Ermənistandan hərbi rejimə dəstək verən siyasi və hərbi dairələr Qarabağda baş verən biabırçılığın bilavasitə iştirakçılardırlar. Çünki Qarabağ separatçılarının "demokratikliyini" dünyaya tanıtmağa cəhd edən sarkisyanlar, köçəryanlar və saakyanlar artıq bişirdikləri dadsız yeməyi özləri yeməyə məcburdurlar. Ermənistanın nümayəndələri dəfələrlə dünya salonlarında guya Qarabağın azadlığa çıxmasından, oradakı demokratik həyat tərzindən dəm vururdular. İndi isə Qarabağdakı aksiyalar zamanı “xüsusi təyinatlılar”ın insanlara güc tətbiq etdiyi, onları döydüyü, əsarətdə saxladığı üzə çıxdı. Baş verənlər onların yaydıqları bütün ağ yalanları çılpaqlığı ilə ifşa etdi".
Politoloqun sözlərinə görə, hərbi rejimdən artıq bir şey gözləməyə dəyməz: “Ermənistanda başlanan hadisələrin Qarabağda da təkrarlanması erməni dövlətçiliyinin dərin böhran içərisində çabalamasından, onların həyat tərzinin yolverilməz dərəcədə dəhşətli olmasından xəbər verir. Bunun səbəbi isə zamanın çağırışlarını düzgün qavramadan qondarma bir dövlət qurmaları idi. Odur ki, istər Ermənistan, istərsə də onun Qarabağda qanunsuz dünyaya gəlmiş hərbi xuntası öz məntiqi sonluğuna doğru addımlayır".
Məhəmmədəli QƏRİBLİ