Məhəmməd Əsədullazadə: “Təlimlər Muxtar Respublikanın müdafiəsinin güclənməsinə, istənilən təhdidə qarşı operativ və anında cavab verməyə hesablanıb”
Xəbər verildiyi kimi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri birgə təlim keçiriblər. Belə ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlimləri baş tutub. Təlimlərdə məqsəd hər iki ölkənin piyada qoşunları arasında təcrübə mübadiləsi və əməliyyatlarının əlaqələndirilməsi olub. Məlumata görə, sözügedən təlimlər çox uğurlu keçib.
Bu arada məlum olub ki, Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb. Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, sözügedən birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı, ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Göründüyü kimi, Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq iki ölkə hərbçiləri birgə hərbi təlimlər keçirirlər. İndiyə qədər bir neçə dəfə belə birgə hərbi təlim keçirilib. Şübhəsiz ki, sözügedən təlimlər ordunun hərbi hazırlıq səviyyəsini və döyüş qabiliyyətini daha da artırır. Ümumilikdə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçilərinin birgə təlim keçirməsinin əhəmiyyətini ekspertlər necə şərh edirlər? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “Azərbaycan-Türkiyə əməkdaşlığı qardaşlıq və strateji tərəfdaşlığa, həmçinin, təbii müttəfiqliyə söykənir. Son illər iki qardaş ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi mütəmadi hal alıb. Məqsəd iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək, manevr imkanlarını genişləndirməkdir. Bu gün Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Müharibə ehtimalı gündəmdədir. Bu xüsusda ölkəmizin Türkiyənin hərbi təcrübəsindən yararlanması və birgə təlimlərin keçirilməsi müsbət əhəmiyyət kəsb edir. Hesab edirəm ki, indiki situasiyada şərtlər buna uyğundur. Bu təlimlər üçüncü ölkələrə qarşı deyil, yalnız öz ərazilərimizin işğaldan azad edilməsinə hesablanıb. Rəsmi Ankara NATO ölkəsi olaraq, öz hərbi təcrübəsini ölkəmizlə bölüşür və istənilən an dəstəyini əsirgəməyəcək. Ordumuzun Türkiyə kimi NATO ölkəsinin ordusu ilə birgə təlimi, Silahlı Qüvvələrimizin bu alyansa inteqrasiyasında ən başlıca amillərdən biridir. Naxçıvan Əlahiddə ümumqoşun birləşməsinin Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimi Muxtar Respublikanın müdafiəsinin güclənməsinə, istənilən təhdidə qarşı operativ və anında cavab verməyə hesablanıb. Həmçinin Naxçıvan istiqamətində Ermənistanın aqressiyasına və təcavüzkar siyasətinin qarşısını almağa yönəlib. Rəsmi İrəvan daim Naxçıvana öz ərazi iddiasını irəli sürüb. Bəzən orada Qars müqaviləsinin ziddinə olaraq, hərbi aktivliyə yol verir. Təbii ki, ordumuzun Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimi Ermənistana mesaj xarakterlidir. Yəni Ermənistan Naxçıvana hücum edərsə, qarşısında Türkiyəni görəcək kimi siqnaldır. Hesab edirəm ki, bu təlimlər regionda artan geosiyasi təhdidlər fonunda əhəmiyyətlidir və daha da geniş miqyasda keçirilməlidir. İşğalçı və onun havadarları bilməlidirlər ki, Naxçıvanın müdafiəsi etibarlı əllərdədir”.
Vidadi ORDAHALLI