Seyid Camal Əzimbəyli:“Çünki bu şəxs zaman-zaman ölkənin milli mənafeyinə qarşı olan fəaliyyətlə məşğul olub”
Məlum olduğu kimi, Rusiyada yaşayan azərbaycanlı kinematoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu və Dağlıq Qarabağ münaqişəsi barədə daha çox erməni mövqeyini ifadə edən “Qafqaz üçlüyü” filmi mətbuatda, sosial şəbəkələrdə tənqid olunur. Bununla bağlı çox ciddi arqumentlərə əsaslanan tənqidlər səslənir.
Aparılan müzakirələrdə qaçqınları, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, eləcə də kino xadimləri, elm və sənət adamları Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş rəsmi titul və adlarının geri alınması tələblərini səsləndirirlər.
Bununla bağlı müraciətlərdə qeyd olunur ki, R.İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqe onun sovet dövründən üzü bəri kinossenarilərinin çoxunda özünü büruzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb. Məlumata görə, artıq qaçqın təşkilatları, ziyalılar, QHT nümayəndələri və s. R.İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar.
Məlumat üçün qeyd edək ki, R.İbrahimbəyovun ssenaristi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlıların təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ssenari müəllifi bu filmdə xalqın milli mənafeyini ayaqlar altına alaraq, erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanıtmağa çalışıb. Bu da, öz növbəsində, Azərbaycan cəmiyyətində ona qarşı böyük nifrətin yaranmasına səbəb olub. O üzdən, ona verilən dövlət titullarının geri alınmasına ictimaiyyət nümayəndələri, ziyalılar necə yanaşırlar?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli sözügedən təşəbbüsü dəstəklədiyini bildirdi: “Əvvəla kim ki, zərrə qədər milli mənafeyə, milli kimliyə ziyan vuran işlərlə məşğuldur, onlara qarşı mövqe ortalığa qoyulmalıdır. Bununla yanaşı, ermənilərin dəyirmanına su tökürsə, onun zərərsizləşdirilməsi və vaxtında ifşa edilməsi ilə bağlı tədbirlər görülməlidir. Onun hansı xidmətlərinin olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Ona görə də belə insanların bütünlüklə zərərsizləşdirilməsinin tərəfdarıyam. Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm ki, xaricdə yaşayan, vətəninə, dövlətinə, şəhidinə bağlı olan həqiqi insanlar xaricdə Azərbaycanın imicinə ləkə gətirmək istəyən insanları zərərsizləşdirməlidirlər. Bu məsələdə heç bir tərəddüdə yol verilməməlidir. Bu baxımdan hesab edirəm ki, R.İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət təşəbbüsü təqdirəlayiqdir. Mən də bu təklifi dəstəkləyirəm. Çünki bu şəxs zaman-zaman ölkənin milli mənafeyinə qarşı olan fəaliyyətlə məşğul olub. Bunu ölkə ictimaiyyəti də çox gözəl bilir. Onun məlum filmi bir daha bu şəxsin simasını ortaya qoydu və göstərdi ki, R.İbrahimbəyov Azərbaycanın milli mənafeyinə zidd fəaliyyətlə məşğuldur. Bu məsələdə antimilli işlər görür. Onun məlum filmi göstərdi ki, adıçəkilən şəxs ermənilərin mənafeyinə xidmət edir. Ona görə də ona verilən titullar geri alınmalıdır”.
Vidadi ORDAHALLI