Yeganə Hacıyeva: “Baş verən proseslər qondarma Dağlıq Qarabağın hazırkı “prezidenti” Bako Saakyanın dövrünün sona yaxınlaşdığını göstərir”
Artıq bir neçə gündür Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində etiraz aksiyalarına start verilib. 40 min sakini olan Xankəndi üçün etirazları izdihamlı saymaq olar. Etirazçıların dediyinə görə, separatçı qurumun “Milli Təhlükəsizlik Xidməti”nin xüsusi təyinatlılarının iştirakıyla baş verən münaqişə buna səbəb olub. Bir nəfər xüsusi təyinatlının iştirakı ilə baş verən məişət davası hadisə yerinə 20 xüsusi təyinatlının gələrək iki nəfər mülki vətəndaşı qəddarcasına döyməsi ilə bitib.
Şahidlərin dediyinə görə, polis nəinki baş verənlərə qarışmayıb, əksinə, döyülənləri xəstəxanaya göndərmək əvəzinə, onları saxlayıb. Məlumata görə, onların həyatı üçün heç bir təhlükə yoxdur. Bəzi ekspertlər hesab edirlər ki, əslində, bu tələblə xalqın küçələrə axışması bir bəhanədir. Çünki aksiyaların ikinci günündə etirazçılar istefa şüarları səsləndirməyə başlayıblar. Separatçı hakimiyyət etirazçıları sakitləşdirmək üçün xalqın narazı olduğu şəxslərlə bağlı cinayət təqibinə start verib. Separatçı Dağlıq Qarabağ rejiminin “rəhbəri” Bako Saakyanın “müşaviri” Artur Aqabekyan yaranmış vəziyyətlə bağlı İrəvandan Xankəndinə nümayəndə heyətinin göndərilməsini tələb edib.
Belə kütləvi etirazların məhz Ermənistanda 2018-ci ilin aprel-may aylarında baş verən “məxməri inqilab”dan sonra baş verməsi maraqlı görünür. Burada Paşinyan hakimiyyətinin əli ola bilərmi və belə etirazları hansı məqsədlə qızışdırırlar? Paşinyan Qarabağda hakimiyyətin dəyişməsində niyə maraqlı ola bilər? Qarabağda baş qaldıran aksiyalar niyə indi başlayıb? Yəni Ermənistandakı inqilabdan sonra. Burada Paşinyanın əli ola bilərmi? Oradakı hakimiyyəti dəyişməyə hesablana bilərmi? Belədirsə, məqsəd nədir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, proseslər və onların inkşafı, birmənalı olaraq, Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində formalaşmış qondarma Dağlıq Qarabağ rejiminin dəyişdirilməsinə hesablanıb: “Buna da rəhbərliyi Ermənistanın güc strukturları həyata keçirir. Prosesə diqqət yetirsək, görürük ki, qondarma Dağlıq Qarabağ rejimində 31 mayda yerli güc strukturlarına bağlı siyasi şəxslər tərəfindən "Luys Arsaxin" adlı təşəbbüsü yaradılır. Hərəkat və onun rəhbərləri maneəsiz olaraq yerli KİV-lərdə yerli hakimiyyətin devrilməsi məqsədilə əhalinin səylərinin birləşdirilməsi təşəbbüsü ilə çıxışlar edirlər.
Təşəbbüsün müəllifi kimi qondarma Dağlıq Qarabağın “Daşnak” partyasının lideri Vaan Balasanyan çıxış edir. V.Balasanyanın ailəsi qondarma Dağlıq Qarabağda təhlükəsizlik strukturlarında təmsilçiliyi və sıx əlaqəsi olan ailə kimi tanınır. O, qondarma rejimin yerli “parlamentinin” keçmiş “deputatı” və “Qarabağ Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanın qardaşıdır.
Ardınca isə iyunun 1-dən Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində xüsusi təyinatlıların iki nəfər yerli sakini döyməsi ilə başlanan dava böyüyür, güc strukturları 20 nəfər sakini döyür və bu səbəblə yerli sakinlər mərkəzi prospektin bağlanması ilə etiraz aksiyalarına başlayırlar. Bir gün sonra prospekt açılır, amma etirazlar davam edir. Baş verənlərə yerli “polis qüvvələri” müdaxilə edir və əksinə olaraq, döyülənlər həbs olunur. Bu dəfə isə etirazlar polis idarəsinin önündə başlayır.
Hazırda etirazlar iki istiqamətdə davam edir, bir qrup yalnız yerli güc qurumlarının başçılarının istefasını tələb edir, digər qrup isə B.Saakyan da daxil, yerli “hakimiyyət” rəhbərlərinin hamısının istefasını tələb edir.
İki müxtəlif tələbli etirazçılar qrupunun mövcudluğu qondarma rejimdə baş verən etirazların fərqli dairələr tərəfindən idarə olunması kimi qəbul olunur.
Ümumiyyətlə isə, biz daha öncələr də qeyd etmişdik ki, Ermənistanda hakimiyyətdən gedən, lakin hələ kifayət qədər güclü dayaqlara malik olan Qarabağ klanı, daxili siyasi manevrlərdə Dağlıq Qarabağı bir kart olaraq istifadə edəcək. Biz indi bunun şahidi oluruq.
Baş verən proseslər qondarma “DQR”-in hazırkı “prezidenti” Bako Saakyanın dövrünün sona yaxınlaşdığını göstərir”.
Məhəmmədəli QƏRİBLİ