Arzu Nağıyev: “Ottingerin bəyanatından görünür ki, hər bir dövlətin, siyasətçinin öz qlobal və ya şəxsi maraqları var və buna görə də onlar Rusiyaya qarşı kəskin bəyanatlar verə bilmirlər”
Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində tələbələrin suallarını cavablandırarkən deyib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı üçün nə dərəcədə ağrılı və həssas olduğunu anlayır.
Komissar bildirib ki, bu münaqişə on illərdir davam edir: “Avropa Komissiyası münaqişənin həllinə birbaşa cəlb olunmayıb, lakin prosesləri analiz edir. Mən xanım Mogerini və Fransa tərəfi ilə mütəmadi təmasdayam. Lakin Rusiyasız münaqişənin həlli mümkün deyil. Rusiya ilə bizim münasibətlərimizin çox yaxşı olduğunu deyə bilmərəm. Ortada Krım, sanksiyalar kimi məsələlər var. Hesab edirəm ki, Rusiya konstruktiv məcraya qayıtmalıdır. Bu, bütün proseslərin həllində vacib rol oynaya bilər”.
Əslində, Avropa rəsmisinin Rusiyanın roluna belə önəm verməsi təəccüblüdür. Moskvanın münaqişəyə təsir imkanlarını da danmaq olmaz. Lakin belə bir fikrin Rusiya ilə münasibətləri uzlaşmayan bir qurumun rəsmisi tərəfindən etiraf edilməsi olduqca maraqlıdır. Bununla Ottinger nəyə işarə etmək istəyib?
Politoloq Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, əslində, Avropa rəsmisinin sözlərində təəccüblü nəsə yoxdur: “Ottingerin bəyanatında yeni bir fikir yoxdur. Bu tək onun öz subyektiv fikri də deyil. Rusiyanın həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin həllində açar fiqur olması danılmazdır. Çünki münaqişə SSRİ dönəmində süni yaradılıb, əgər Rusiya özünü SSRİ-nin varisi hesab edərək daim bu istiqamətdə bəyanatlar verirsə, münaqişənin həllində də öz iştirakını təmin etməlidir. Ottinger Avropa İttifaqının münaqişənin həllində birbaşa iştirakı olmadığını qeyd etsə də, Fransa kimi aparıcı bir dövlətin ATƏT-in Minsk Qrupunda təmsil olunduğunu, görünür, unudub. Yəni baxmayaraq ki, Krıma görə sanksiyalar tətbiq olunur, ancaq Abxaziya və Cənubi Osetiya və ya Dağlıq Qarabağa görə ikili yanaşma qalmaqdadır. Rusiya ilə Avropa İttifaqı arasında nə qədər gərginlik olsa da, Rusiya Avropanın enerji təhlükəsizliyinə təhdiddə mühüm rol oynasa belə, rəsmi Moskva ilə sıx əlaqələrə malik olan Avropa ölkələri də az deyil. Bu xüsusda Almaniyanı və onun lideri Merkeli xüsusi qeyd edə bilərik. Rusiyanın siyasi elitası ilə onların şəxsi münasibətləri də yüksək səviyyədədir. Ottinger Merkelin partiyasının üzvüdür və bir sıra radikal bəyanatları ilə yadda qalıb. Ən azından, onun özü münaqişənin həlli ilə bağlı daha dolğun və məzmunlu çııxış edə bilərdi. Göründüyü kimi, ikili standartlar və yanaşmalar hələ də hökm sürür. Ottingerin bəyanatından görünür ki, hər bir dövlətin, siyasətçinin öz qlobal və ya şəxsi maraqları var və buna görə də onlar Rusiyaya qarşı kəskin bəyanatlar verə bilmirlər”.
Məhəmmədəli QƏRİBLİ