Vüqar Rəhimzadə: “Artyom Kojinin verdiyi bəyanatın arxasında dayanmaması, məsələnin ermənilərə xoş gələcək tərzdə təqdim edilməsi ədalətsizlikdir” Qabil Hüseynli: “Belə davranışlar Rusiya kimi ölkənin imicinə ciddi zərbə vurur”
Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi Azərbaycanda hiddətlə qarşılanıb.
Mətbuat konfransı ilə bağlı yayılmış videogörüntüdə Rusiyanın Xarici İşlər Nazirliyi rəsmisinin “Trend” İnformasiya Agentilyinin müxbirinə konkret cavab verdiyi əksini tapıb. Kojin açıqca bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN rəsmisinin bu fikri Ermənistan baş nazirinin bir müddət öncə Xankəndidə səsləndirdiyi fikirlərə cavabdır. Azərbaycanlı jurnalist də sualını məhz bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiyanın Xarici İşlər Nazirliyinin saytında Kojinin münasibətinin fərqli şəkildə təqdim edilməsi isə təəssüf doğurur. Belə çıxır ki, Rusiya XİN mətbuat katibliyinin rəsmisi, əslində, “Trend”in jurnalistini ittiham edir. Ortada videomaterialın olmasına baxmayaraq, Rusiya XİN bu məsələdə açıqca ermənilərin xoşuna gəlmək yolunu tutub. Qeyd edək ki, məsələyə Azərbaycan XİN-i səviyyəsində də etiraz edilib. Rusiya XİN-in etdiyi bu hərəkətə hansı adı vermək olar?
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirdi ki, bu cür ədalətsizliklər münaqişənin həllini uzatmış olur: “Biz zaman-zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun fəaliyyətində, eyni zamanda, həmsədr ölkələrin münaqişəyə münasibətində bu cür qərəzli halların şahidi olmuşuq. Təbii ki, bu yolverilməzdir. Çünki Minsk Qrupu münaqişənin həllində vasitəçilik etməlidir, hansısa tərəfin, xüsusilə də işğalçının maraqlarını qorumamalıdır, onun tərəfini saxlamamalıdır. Təəssüf ki, bu cür ədalətsizliklər, biganə münasibət münaqişənin həllini uzadır, konkret nəticələrin əldə olunmamasına gətirib çıxarır”.
Vüqar Rəhimzadənin sözlərinə görə, Rusiya XİN-in rəsmisi Artyom Kojinin “Trend”in jurnalistinin sualına verdiyi cavabın sonradan nazirliyin saytında “redaktə” edilməsi təəssüf doğurur: “Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi Artyom Kojinin “Paşinyanın qeyri-konstruktiv və ATƏT-in düzdüyü relslərə uyğun gəlməyən bəyanat verməsi” barədə fikirlərini dəyişib, azərbaycanlı jurnalisti isə qınaq obyektinə çevirib. Görəsən bunun səbəbi nədir? Yoxsa, Rusiya XİN Paşinyandan çəkinir? Bəlkə bu bəyanatın arxasında başqa qaranlıq məqamlar var? Hər bir halda, Artyom Kojinin verdiyi bəyanatın arxasında dayanmaması, məsələnin ermənilərə xoş gələcək tərzdə təqdim edilməsi ədalətsizlikdir. Biz zaman-zaman Rusiya XİN-in ölkəmizə qarşı bu cür qərəzli münasibətlərinin şahidi oluruq və öz etirazımızı bildiririk. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə daha diqqətli və həssas olmalı, ədalət prinsipini gözləməli, ikili standartlara yol verməməlidir”.
Politoloq Qabil Hüseynli isə qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın bu davranışı çox qeyri-səmimidir: “Brifinqdə iştirak edən jurnalist peşəkar davranış ortaya qoyub. Rusiya XİN-i isə çox qeyri-səmimi və müəyyən qədər provokativ mövqe sərgiləyib. Hamımız şahidi olduq ki, jurnalistin sualı Paşinyanın bəyanatları və davranışları ilə bağlı idi. Rusiya XİN-in rəsmisi də sualı məhz Paşinyanın ortaya qoyduğu qeyri-konstruktivliyi nöqteyi-nəzərindən dəyərləndirib. Sonradan nazirlik həmin fikirləri kontekstdən çıxararaq öz saytına yerləşdirib və nə qədər qəribə olsa da, bu işdə Azərbaycan mediasını günahlandırmağa cəhd edib. Bu bir daha Lavrovun rəhbərlik etdiyi qurumdakı diktaturadan xəbər verir. Əslində, Kojin çox doğru mövqe ortaya qoyub. Bir sözlə, əsl diplomat kimi açıqlama verib. Amma məsələ rezonans doğurandan sonra Lavrov bu məsələni ermənilərə olan sevgisi kontekstindən dəyərləndirib və bəlli mövqeni ortaya qoyub. Bununla bir daha təsdiq edilir ki, Lavrovun rəhbərlik etdiyi qurumda fikir azadlığına yer yoxdur. Belə davranışlar Rusiya kimi ölkənin imicinə ciddi zərbə vurur. Ortada videogörüntü olan yerdə, nazirlik fikrini necə dəyişə bilər? Bir sözlə, riyakarlıqdır”.
Bu arada “Trend” İnformasiya Agentliyi Rusiya XİN rəsmisinin sonradan təhrif edilmiş fikirlərinin detallarını tam açıqlayıb. Agentlikdən verilən məlumata görə, jurnalist Artyom Sokolov bu il iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinq zamanı Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə aşağıdakı sualı vermişdi: “Əvvəlki müsahibələrinin birində Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bununla bağlı sual yaranır: fikrinizcə, bu cür bəyanatlar nə dərəcədə nizamlanma prosesini mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?”.
Bu suala Rusiya XİN nümayəndəsi aşağıdakı kimi cavab verib: "Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Mən belə deyərdim”.
Agentlikdən o da bildirilib ki, brifinqin videoyazısı ilə birgə müvafiq material “Trend”in saytında Bakı vaxtı ilə saat 14:57-də yerləşdirilmişdi. Həm materialı, həm də videoyazını indi də saytda görmək olar.
“Amma bir saat keçdikdən sonra Rusiya XİN-in rəsmi saytında brifinqin stenoqramı yerləşdirildikdə A.Kojinin cavabındakı “ümumiyyətlə” («voobşe») sözü naməlum səbəblərdən “sizin” («vaşi») sözü ilə əvəz edilib və nəticədə rusiyalı diplomatın cavabının məğzi tamamilə təhrif olunub.
Cəsarətlə demək olar ki, bu cür təhrif həm Rusiya, həm də Ermənistan mətbuatında “Trend”in ünvanına İnformasiya Agentliyinin fəaliyyətinə kölgə salmaq xarakteri daşıyan müxtəlif iftiralara yol açdı.
Biz təəccüblənirik ki, dünyanın ən böyük ölkəsinin xarici siyasət kursunu müəyyənləşdirən və bir çox həmkarları üçün nümunə olmalı olan Rusiya XİN kimi ciddi və hörmətli dövlət qurumunda çox xoşagəlməz hadisələrə səbəb ola biləcək təhriflərə yol verə bilirlər”.
Sonda agentlik yaranmış vəziyyətlə bağlı olaraq Azərbaycan jurnalist ictimaiyyətini və xüsusilə Azərbaycan Mətbuat Şurasını “Trend” İnformasiya Agentliyini əsassız hücumlardan müdafiə etməyə çağırır.
Məhəmmədəli QƏRİBLİ