Zəbt edilmiş Azərbaycan ərazilərində baş verən son olaylar burada separatçı rejimin devrilmə ehtimalının getdikcə artdığını göstərir. Belə görünür ki, işğal altındakı ərazilərdə də “Qarabağ klanı”nın mövqelərinin zəiflədilməsi və onlardan asılılığın aradan qaldırılması qaçılmaz olacaq.
Ekspertlər isə xatırladır ki, bu vaxta qədər məhz “Qarabağ klanı” konfliktin həllinə maneə yaradan əsas tərəflərdən biri olub. İndi bu klanın Ermənistandan sonra zəbt olunmuş ərazilərdə də devrilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər.
Son proseslər isə işğal altındakı yerlərdə separatçı rejimə qarşı daha böyük narazılıq dalğasının başladığını göstərir. Bu məsələdə “Dağlıq Qarabağ işığı” adlı hərəkatının üzvləri xüsusi fəallıq göstərir.
Amma təkcə onlar yox, Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də İrəvan tərəfindən yaradılmış qondarma rejimə etiraz edir. Erməni mediasının məlumatına görə, separatçıların liderləri vəziyyətdən necə çıxacaqlarını bilmir və İrəvandan kömək istəyirlər. Belə kömək isə vəziyyəti daha da qəlizləşdirib. Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının Xankəndiyə gəlişi burada kütləvi dava baş verməsi ilə müşayiət edilib. Dava Xankəndidə yaşayan ermənilərlə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında baş verib. Kütləvi davada erməni casuslar yerli ermənilərə çoxsaylı xəsarətlər yetirib. Separatçı rejimin “polisləri” hadisəyə müdaxilə etməyib. Daha sonra davada iştirak edən sadə ermənilərdən 15 nəfər saxlanıb. Erməni mediası yazır ki, bu hal Qarabağdakı erməniləri daha da qəzəbləndirib. Baş verənlərdən sonra yeni etirazlara start verilib. Ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb edib. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. Vəziyyətin getdikcə gərginləşdiyini görən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin aksiyaçılar dağılışmayıb. Separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib. Bu fonda etiraz edənlərin nümayəndələri ultimatum irəli sürüb və güc strukturları rəhbərlərinin danışıqsız istefasını tələb edirlər. Ermənilər qondarma rejimin “polis rəisi” və “təhlükəsizlik xidmətinin rəhbəri”nin istefasını gündəmə gətiriblər. Bu durumda “DQR” “baş naziri”nin müavini olmuş və hazırda Bako Saakyanın məsləhətçi işləyən Artur Aqabekyan təcili bəyanatla çıxış edərək, Ermənistan hakimiyyətini Qarabağa nümayəndə heyəti göndərməyə çağırıb: "Düşünürəm ki, Qarabağda Milli Təhlükəsizlik Xidmətinin başçısı general Arşavir Karamyanın rolu haqda, xüsusən də aprel günlərindən sonra, çoxları bilir. Yeni təhlükəsizlik kompleksinin yaradılması və idarə olunması üçün məsuliyyəti məhz o öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının çox hissəsi də bundan xəbərdardır, amma onlar artıq istefa tələbi ilə çıxış edir. İnsan ağlını itirə bilər. Özünüzə gəlin, cənablar, hələ ki gec deyil, özünüzə gəlin. Ermənistan hakimiyyəti isə rəsmi mövqeyini mümkün qədər tez bildirməli və Qarabağa təcili nümayəndə heyəti göndərməlidir".
Məlumatlara görə, işğal altındakı ərazilərdə küçələr bloklanıb, separatçı rejimin fəaliyyət göstərdiyi binalar mühasirəyə alınıb. Ermənistan mediası tezliklə yeni toqquşmaların başlayacağını, əhalinin küçələrə çıxacağını yazır. Bu durumda Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrə dair bəyanat verib. O, Ermənistan hakimiyyətini maksimal sürətlə və operativ şəkildə situasiyaya müdaxilə etməyə, Dağlıq Qarabağdakı qondarma rejimə dəstək verməyə çağırıb.
Levon Ter-Petrosyan əmindir ki, hərbi vəziyyətin hökm sürdüyü Dağlıq Qarabağ rəhbərliyinə təzyiqlərə yol vermək olmaz. Onun fikrincə, Qarabağdakı vəziyyətin sabitləşməsi naminə eks-prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, habelə Arkadi Qukasyan və Samvel Babayan öz nüfuzlarından istifadə etməyə borcludur. Hətta hazırda həbsdə olan Samvel Babayanın bu məqsədlə dərhal azadlığa buraxılması lazım gəlsə belə. Amma bunun da istənilən nəticəni verə bilməsi inandırıcı sayılmır.
Erməni siyasi şərhçi Sarkis Artsruni bu xüsüsda qeyd edir ki, Xankəndidəki rejim İrəvandakı köhnə rejimin uzantısıdır: “Heç kimə sirr deyil ki, Qarabağdakı Rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. İrəvanda köhnə rejim dəyişdi, lakin eyni rejimin uzantıları Xankəndidə qalır. Əhalinin etirazının kökündə isə məişət zəminində baş verən hər hansı insident yox, daha dərin səbəblər var”. O, baş verənlərlə bağlı “1-in am” nəşrində yazır: “Ermənistanda baş vermiş məxməri inqilabdan sonra aydın idi ki, Qarabağda da dəyişikliklərə müəyyən ehtiyac meydana çıxacaq. Bu o şəraitlə şərtlənir ki, əslində, Ermənistan və Qarabağ eyni siyasi-iqtisadi sistemdə yerləşir, bu halda isə Qarabağdakı siyasi status-kvo Ermənistandakı əhatəli dəyişikliklər kontekstində donuq qala bilməz. Başqa yandan, problem qəliz və dərindir və səthi mülahizələr səviyyəsində Qarabağda hansısa inqilab və ya fors-major durum proqnozlaşdırmaq lazım deyil. O da var ki, Ermənistanın yeni, dinamik hökuməti üçün mahiyyətcə əvvəlki sisteminin törəməsi olan Qarabağ hakimiyyəti ilə effektli işləmək çətindir. O biri yandan isə, Qarabağın özəllikləri inqilabi təcrübə üçün yer qoymur və Qarabağda islahatlar, belə deyək, yuxarıdan – sarsıntılarsız keçirilməlidir. Şübhəsiz, Qarabağ cəmiyyəti Ermənistandakı inkişafdan ruhlanıb, amma Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bu günlərdə Xankəndidə məişət zəminində iki vətəndaşla söyüşüb və onları döyüblər. Bu, Qarabağda kor-koranə iğtişaş dalğası doğuran qığılcım olub. Təbii, insanlar təkcə konkret hadisəyə qarşı deyil, həm də paqonluların Qarabağda illər boyu sürən özbaşınalıqlarına qarşı qiyam edir. Təsadüfi deyil ki, Xankəndidə mərkəzi küçələri bağlayan adamlar polisin və Milli Təhlükəsizlik Xidmətinin başçılarının istefasını tələb edib. Xankəndi küçələrinə çıxanlar kürəsəl mənada dəyişikliklər tələb edirlər. Qarabağ hökuməti baş verənlərə Bako Saakyan səviyyəsində operativ reaksiya verib, xüsusən də o, bu hadisə günahkarlarını cəzalandırmağa söz verib. Amma hətta adi gözlə də görünür ki, qarabağlıların qəzəbinin səbəblərinin dərin kökləri var. Onlar dəyişikliklər tələb edir, lakin bu inqilabi yolla gerçəkliyə çevrilsə, arzuolunmaz və təhlükəli olacaq”.
Erməni şərhçi bildirir ki, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı tətikləyir: “Lakin İrəvanda baş verən inqilabla müqayisədə Xankəndidə baş verə biləcək üsyan daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Çünki Xankəndidə baş verə biləcək daxili çaxnaşma cəbhədə Azərbaycanın əlini gücləndirəcək və Bakı bu prosesdən asanlıqla yararlana bilər. İrəvandan fərqli olaraq, “DQR”i heç bir ölkə, hətta Ermənistan belə tanımır. Bu baxımdan, orada hər hansı çaxnaşma heç bir beynəlxalq diqqətə səbəb olmayacaq. Əvəzində Azərbaycanın hərbi yolla əraziləri qaytarmaq planının önünü açacaq”. İndilikdə Qarabağdakı separatçı rejim İrəvandan məsələyə müdaxilə etməyi tələb edir. Bu hal vəziyyəti daha da gərginləşdirəcək. Ekspertlər isə Ermənistanda Nikol Paşinyanın liderlik etdiyi inqilabın Qarabağda da təkrarlana biləcəyi haqda danışır. Çünki Dağlıq Qarabağda sürən hərbi-kriminal rejim yerli ermənilər arasında ciddi narazılıq yaradıb. Separatçı rejimin devrilməsinə çağırış edən bildirir ki, Ermənistanda hakimiyyət dəyişib, Xankəndidə isə köhnə rejim davam edir. Bu fonda onlar Bako Saakyanın devrilməsi üçün hərəkətə keçdiklərini bəyan ediblər. Etiraz aksiyalarına rəhbərlik edənlərdən biri olan Vaan Badasyan isə daha vvəl Saakyana çağırış edib ki, “hakimiyyəti” qansız-qadasız təhvil versin. Əks təqdirdə güc yolu ilə onu devirəcəklər. Vaan Badasyan inqilabın “küləyinin” Xankəndiyə çatdığını bəyan edib: “Qarabağ keçmiş rejimin əlindədir və inqilab artıq ora doğru yaxınlaşır. Qarabağdakı ermənilər qorxu içində yaşayır və onlar Xankəndidəki mövcud rejimdən azad olmaq istəyir. Qarabağda rejimin dəyişməsi hava-su kimi lazımdır. Əks təqdirdə biz daha pis nəticələrlə üzləşə bilərik”.
Bəzi ekspertlərə görə isə, Qarabağda yaranmış vəziyyətdən baş nazir Nikol Paşinyan öz məqsədləri üçün istifadə edə bilər. Ermənistanda hakimiyyət dəyişilibsə, Paşinyan bunun Qarabağda da təkrarlanmasını istəyir. Çünki separatçı rejimin rəhbəri Bako Saakyan Serj Sarkisyanın adamıdır. Digər tərəfdən Paşinyan nəzərə alır ki, Ermənistanda bütün hakimiyyət dəyişikliklərində Qarabağda baş verənlərin mühüm rolu olub. Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və onu devirənlər də Qarabağdan gələnlər oldu. Görünür ki, Paşinyan bu hadisədən dərs çıxarıb və Qarabağda ona hansısa maneənpn qalmasını istəmir. Aydındır ki, zəbt edilmiş ərazilərdə aksiyalar dayanmasa, bu, Paşinyanın əlini gücləndirəcək. O, Bako Saakyanı fakt qarşısında qoyacaq ki, insanlar ondan narazıdır və hakimiyyəti təhvil verməlidir. Daha sonra burada Paşinyanın öz adamını separatçı rejim rəhbərliyinə gətirməsi də gözləniləndir. Bu baxımdan Paşinyanın, Qarabağdakı hadisələrin birbaşa təşkilatçısı olmasa da, baş verən hadisələrdən öz məqsədləri üçün istifadə edəyi gözlənir. Hazırda Ermənistanda olan xaos və anarxiyanın Qarabağa sıçraması separatçılarda və İrəvanda qorxu yaradır. Onlar düşünür ki, Azərbaycan baş verənləri öz xeyrinə istifadə edə bilər. Azərbaycan vəziyyəti müşahidə edir və eyni zamanda hərbi gücünü artırır. Bütün bunlar Ermənistana mesajdır ki, Azərbaycan ordusu hər an hücum əməliyyatı həyata keçirə bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.