Fikrət Sadıqov: “Biz Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin həllində daha ciddi səylər gözləyirik”
Məlum olduğu kimi, müəyyən fasilədən sonra Rusiya Prezidenti Vladimir Putin Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ilə bağlı sərəncam imzaladı. Mixail Nikolayeviç Boçarnikov kifayət qədər təcrübəli diplomatdır.
1970-ci ildən bu sahədə fəaliyyət göstərir. Bir sıra Afrika ölkələrində diplomatik fəaliyyətlə məşğul olub. 1996-cı ildə Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru təyin edilib. 1999-cu ildə Yunanıstana səfir göndərilib. Əsasən Afrika ilə iş üzrə ixtisaslaşan diplomatın fəaliyyət yönünü dəyişdirməsi də bu tarixdən başlayıb. Yunanıstanda 4 il işləyən Mixail Boçarnikov 2003-cü ildə Gürcüstan-Abxaziya konfliktinin həlli məsələsində xüsusi səlahiyyətli səfir olub. 2006-cı ildə Qafqazdakı fəaliyyətini bitirən diplomat Qazaxıstana səfir təyin olunub və Astanada Moskvanın rəsmi nümayəndəsi kimi 12 il qalıb. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb.
O da məlumdur ki, son 10-15 ildir Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan hər iki dövlətin bir-birinə səfir təyin etməsində mövqelər nəzərə alınır. Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Azərbaycan Prezidenti İlham Əliyev səfirlərin təyin edilməsinə çox həssaslıqla yanaşırlar. Peşəkar diplomatlar bu və ya digər məsələlərdə ikitərəfli münasibətlərə çox böyük töhfələr verirlər
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin deyib ki, Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun işindən gözləntilərimiz müsbətdir. Onun sözlərinə görə, M.Boçarnikovun qarşısında dayanan vəzifə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində işləməkdir.
Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı nə kimi potensial var?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bununla bağlı iki ölkə arasında böyük potensial var: “Eyni zamanda, çoxşaxəli potensial var. Məsələ ondadır ki, iki tərəf arasında partnyorluq formatı çərçivəsində Azərbaycan-Rusiya münasibətləri inkişafdadır. Bir sıra məsələlər ətrafında müzakirələr gedir. Rusiya bizim irimiqyaslı layihələrimizə cəlb olunub. Bu bir reallıqdır və biz bunu neçə vaxtdır müşahidə edirik. Söhbət həm enerji, həm də nəqliyyat sahəsində olan layihələrdən gedir. Bundan əlavə, ikitərəfli münasibətlərin siyasi tərəfi də kifayət qədər yüksəkdir. Dövlət başçıları arasında münasibətlər inkişafdadır. Eyni zamanda, istər Rusiyada, istərsə də Azərbaycanda humanitar aksiyalar keçirilir. Azərbaycana gələn Rusiya turistlərinin sayı ilbəil artır. Yəni iki ölkə arasında qurulan format bizi qane edir. Ancaq bütün bunlarla yanaşı, biz Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin həllində daha ciddi səylər gözləyirik. Rusiya həm böyük qonşu dövlət, həm də həmsədr dövlət olaraq bu məsələyə ciddi yanaşmalıdır. Bundan sonra münaqişənin həllində müəyyən bir müsbət nəticə olmalıdır. Fikrimcə, Azərbaycanın bununla bağlı Rusiyadan gözləntiləri var. Hesab edirəm ki, sözügedən gözləntilərin reallaşması istiqamətində ciddi nəticələr ortada olsa, o zaman iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi daha qabarıq formada özünü göstərəcək. Hesab edirəm ki, bununla bağlı bir sıra işlərin görülməsinə ehtiyac var”.
Vidadi ORDAHALLI