Məhərrəm Zülfüqarlı: “Azanın bəlli bir məsafə daxilində səsləndirilməsi məqsədəuyğundur və bu, bütün tərəflərin maraqlarına cavab verir”
“Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir”. Bunu Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib. Ə.Həsənov, həmçinin, bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.
Prezident köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birinin işinə müdaxilə etmir.
Ə.Həsənov onu da əlavə edib ki, Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir: “Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”.
Ümumilikdə, islam ölkəsi olan Azərbaycan vətəndaşları arasında digər dinlərin nümayəndələri də var. Əsrlərdən bəri Azərbaycanda bu icmalara dözümlü münasibət mövcuddur. Məscidlərlə yanaşı, kilsə, sinaqoq və s. olması ölkəmizdəki tolerant mühitə əyani sübutdur. Müstəqillik əldə edildikdən bir neçə il sonra dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib və zaman keçdikcə, şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib.
Bütün bunlarla yanaşı, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qoyulan qayda ölkədə yüksək dini tolerantlığın göstəricisi olmaqla yanaşı, həm də digər dinlərə göstərilən hörmətin nümunəsidir. Bu baxımdan ekspertlər bunu necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu, ölkədə dini tolerantlığın yüksək səviyyədə olmasının göstəricisidir: “Əvvəla Azərbaycanda tarixən, o cümlədən Xalq Cümhuriyyəti dövründə bütün millətlərə, onların dininə, adət-ənənələrinə hörmətlə yanaşmışıq. Bu o vaxt da belə idi, indi də. Bakıda katolik kilsəsi, yəhudilərin sinaqoqu, pravoslav kilsəsi var və indi də fəaliyyət göstərirlər. Bu onu göstərir ki, Azərbaycan bu məsələdə tam tolerant mövqe tutub. Azərbaycana bu məsələdə hər hansı Avropa dövləti irad tuta bilməz. Bizdə heç vaxt İsa peyğəmbərin karikaturasını çəkib ara qızışdıran rəssamlar olmayıb. Halbuki, Avropada Məhəmməd peyğəmbərin karikaturasını çəkirlər və bunu da söz-mətbuat azadlığı kimi qələmə verirlər. O baxımdan, Əli müəllimin bununla bağlı səsləndirdiyi fikirləri dəstəkləyirəm. Həqiqətən də bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir. Azanın bəlli bir məsafə daxilində səsləndirilməsi məqsədəuyğundur və bu, bütün tərəflərin maraqlarına cavab verir. Biz nəzərə almalıyıq ki, ölkədə digər səmavi dinlərə etiqad edən vətəndaşlar yaşayır. Bütün bunların nəzərə alınması, əlbəttə ki, müsbət haldır. Hesab edirəm ki, bu, ölkədə dini tolerantlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Hər şeyin çərçivə daxilində olması daha məqsədəuyğundur. Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə tənzimlənir”.
Vidadi ORDAHALLI