Elşən Həsənov: “Paşinyan hələ bu prosesə tam hazır deyil”
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin açıqlamasına münasibət bildirərkən deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır:
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır. Substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək". Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın həftələrdə görüşə biləcəyini iddia edib.
Bu, Paşinyan hokumətindən danışıqlarla bağlı verilən ilk açıqlamadır. Bundan əvvəl Paşinyan və onun ətrafı daha çox populist bəyanatlar verməklə yadda qalıblar. Azərbaycan tərəfinin rəsmi açıqlamasından görünür ki, danışıqların konkret istiqamət üzrə aparılması istəyi ortaya qoyulur. Hazırkı məqamda Paşinyan substantiv danışıqlara hazır ola bilərmi?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Azərbaycan tərəfi daimi mövqeyini bəyan edib: “Biz hər zaman substantiv danışıqların vacibliyini bildirmişik. Ermənistanda hakimiyyətə gələn yeni qüvvə hələ ölkə daxilindəki proseslərə tam nəzarət edə bilmirsə, onlarla hansı danışıqları aparmaq olar? Bu baxımdan da Paşinyanın substantiv danışıqlara hazır olması real görünmür. Substantiv danışıqların olması üçün də Ermənistanın konkret mövqeyinin ortada olmasına ehtiyac var ki, bu müzakirələrin nəticəsi olsun. Bundan əlavə, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında görüşün baş tutması üçün ilk növbədə xarici işlər nazirlərinin təmaslarına ehtiyac var. Əvvəlcədən bu görüşə hazırlıq görülməlidir. Danışıqların davam etdirilməsi üçün Paşinyan indiyədək Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlərini təkzib etməlidir. Çünki onun istədiyi xəritə üzrə danışıqların aparılması substantivlikdən uzaqdır. Məsələn, Paşinyan konkret olaraq bildirir ki, separatçı rejim tərəf kimi danışıqlar prosesində iştirak etməlidir. Bu, Serj Sarkisyanın mövqeyindən də sərt bir yanaşmadır. İndi təsəvvür edin, biz Serj Sarkisyanı substantiv danışıqlara gətirə bilmədiksə, belə adamla həmin istiqamətdə hansısa nəticəni əldə etmək mümkün olmayacaq. Hesab edirəm ki, Paşinyan hələ bu prosesə tam hazır deyil”.
Məhəmmədəli QƏRİBLİ