Yeganə Hacıyeva: “Həmin əməkdaşlıq planı üzrə münasibətlərin tam qurulması hər iki tərəf üçün məqbul sayılacaq”
Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger Bakıda jurnalistlərə deyib ki, Avropa İttifaqı (Aİ) və Azərbaycan 2030-cu ilə qədər əməkdaşlıq planını hazırlamalıdırlar. Avrokomissar bildirib: "Neft-qaz və alternativ energetika sahəsində Azərbaycanın potensialı yaxşı təəssürat yaradır. Azərbaycanda alternativ enerji mənbələrinin inkişafından danışarkən biz günəş enerjisi, hidroenergetikanın inkişafı üçün böyük imkanları xüsusi vurğulaya bilərik".
G.Ottinger, həmçinin, "Cənub Qaz Dəhlizi"nin Aİ-Azərbaycan əməkdaşlığının inkişafında əhəmiyyətini qeyd edib: "2011-ci ildə "Cənub Qaz Dəhlizi"nin potensialı barədə yalnız kiçik təsəvvürümüz var idi. Bu gün isə bu layihə artıq reallığa çevrilib. Artıq 2020-ci ildə qaz Azərbaycandan Avropa bazarına, İtaliya və Yunanıstana çatacaq, lakin biz hələ bu istiqamətdə gələcək fəaliyyət planını işləyib hazırlamalıyıq".
Avropalı komissarın nəzərdə tutduğu əməkdaşlıq planı deyilən vaxta kimi hazırlansa, bu, Azərbaycana nə verə bilər?
Avropa qurumları ilə əməkdaşlıq edən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol alan, müsəlman ölkəsi kimi tolerant, multikultural və dünyəvi sekulyar cəmiyyətə malik və ən əsası, Cənubi Qafqaz regionunda sabit və etibarlı tərəfdaşıdır: “Bu strateji xətt üzrə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının mövcud mexanizmləri çərçivəsində danışıqlar davam edir. Qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında üzərində işlənən yeni saziş tərəflərdən maksimum diqqət və məsuliyyət tələb edən bir prosesdir. Ölkəmiz Avropa İttifaqı ilə bütün istiqamətlər üzrə əməkdaşlıq edir. Bu da müxtəlif komitələrin daxilində davam etdirilir. Həmin komitələrin ən başlıca vəzifəsi Avropa İttifaqının standartlarını qorumaqdan ibarətdir. Avropa İttifaqının Azərbaycanla bağlı əsas tövsiyələri ticarətlə bağlı olan standartlarına riayət olunması istəyindən irəli gəlir. Bu başlıca tələbdir. Ancaq demokratiya, təhlükəsizlik, mübadilə və əlbəttə, enerji sahəsində də tövsiyələr var. Tövsiyələr hazır sənəd formasında tərəflərin diqqətinə çatdırılacaq. Təəssüflər olsun ki, tövsiyələrlə paralel olaraq, xaricdə yaşayan bəzi azərbaycanlıların da bu istiqamətdə görmək istədiyi işlər var. Onlar çox çalışırlar ki, bu tövsiyələrin içində insan haqları, demokratiya məsələləri çox qabarsın. Amma Avropa İttifaqının və Avropa Şurasının yanaşması bundan ibarətdir ki, onların Azərbaycanla münasibətləri strateji xarakter daşıdığı üçün, ticarət, təhlükəsizlik daha prioritet təşkil edir. Demokratiya və insan haqları ilə bağlı məsələlər çox da qabardılmır. G.Ottinger də, göründüyü kimi, daha çox enerji sahəsində əməkdaşlığa toxunub. 2030-cu ilə qədər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq planı tam hazır olacaq. Çünki işlərin gedişi belə optimist olmaq üçün əsas verir. Azərbaycan hazırda elə layihələri ərsəyə gətirir ki, bizim Avropa ilə sıx əməkdaşlığımızın olması tarixin zəruri tələbinə çevrilir. Düşünürəm ki, həmin əməkdaşlıq planı üzrə münasibətlərin tam qurulması hər iki tərəf üçün məqbul sayılacaq”.
Məhəmmədəli QƏRİBLİ