"Cənub Qaz Dəhlizi"nin ilk fazasının istismara verilməsindən sonra enerji sahəsində Qərb, eləcə də bəzi Asiya şirkətlərinin Azərbaycanla əməkdaşılğı dərinləşdirməkdə maraqlı olması aydın müşahidə edilir. Bunu "Cənub Qaz Dəhlizi"nin işə salınmasından sonra verilən açıqlamalar, imzalanan yeni müqavilələr də təsdiq edir. Digər tərəfdən proses onu göstərir ki, "Cənub Qaz Dəhlizi"nin işə düşməsi Azərbaycanın mənafeyinə cavab verən yeni beynəlxalq əməkdaşlığın əsasını qoyur.
Məlumat üçün bildirək ki, indilikdə layihədə 7 dövlət - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya iştirak edir. Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro isə iştirakla bağlı Anlaşma Memorandumu imzalayıb, yəni onlar da bu prosesdə artıq iştirak edən dövlətlərdir. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının sonuncu iclasında isə Rumıniya və Türkmənistan da bu prosesə qatılıb. Artıq Türkmənistanın da "Cənub Qaz Dəhlizi"nə qoşulması istiqamətində fəal danışıqlar gedir. Qonşu İran da bu marşruta xüsusi diqqət yetirməyə başlayıb. Ümumiyyətlə, Azərbaycanın "Cənub Qaz Dəhlizi" kimi infrastruktura malik olması Bakı ilə Tehran arasındakı əməkdaşlığı daha da dərinləşdirən amil sayılır. Azərbaycan Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün onun infrastrukturundan yararlanmağı təklif edir. Hələ İlk dəfə bu təklifi Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev 2015-ci ilin avqustunda Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəncənə ilə görüşdə irəli sürmüşdü.
Həmin il Vyanada İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması istiqamətində danışıqlar aparıldığı zaman İran qazının Avropaya ixrac məsələsi aktuallaşmışdı və bu məsələ müzakirə mövzusuna çevrilmişdi. İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP və TAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil. İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görmək olar. Hazırda iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan İranın “qara qızıl”ın ucuzlaşması ilə əlaqədar vəziyyəti o qədər də qənaətbəxş deyil. Uzun müddət beynəlxalq sanksiyalar altında yaşayan İranın neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, yeni kəmərin keçəcəyi ehtimal edilən regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Azərbaycanın yaratdığı infrastrukturla Avropaya nəql etməkdir. Bu variant hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Əvvəla, İran yeni kəmərin inşası üçün beynəlxalq maliyyə qurumlarından yüksək faizlə kredit almaqdan, ikincisi, kəsirlə icra olunan dövlət büdcəsindən bu layihə üçün milyardlarla dollar ayırmaqdan, üçüncüsü isə, ehtiyatların Avropaya çatdırılmasındakı təhlükələrdən xilas olur. Azərbaycan isə tranzitdən gəlir əldə edir. Bu fonda yaxın tezlikdə İranın "Cənub Qaz Dəhlizi"nə qoşulması tatamilə real görünür.
Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu meqalayihə, nəticə etibarilə, dövlətlər arasında əməkdaşlığın güclənməsinə gətirib çıxarır. Burada onu da xatırlamaq lazım gəlir ki, artıq bir neçə gündən sonra TANAP layihəsi işə düşəcək. 2019-cu ildə TAP layihəsi reallaşdırılacaq. Bununla da "Cənub Qaz Dəhlizi" ilə Avropa Azərbaycan qazını alacaq. Belə vəziyyətdə Avropa Azərbaycanla enerci əməkdaşlığını daha da genişləndirmək niyytəini açıqlayıb.
Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin açıqlamaları da bu fonda xüsusi maraq doğurur: "2011-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması bir xülya olaraq görünürdü. Lakin bu gün biz "Cənub Qaz Dəhlizi"nin reallığa çevrildiyini görürük. SOCAR-ın Avropanın Rumıniya, İsveçrə kimi ölkələrində yanacaqdoldurma məntəqələrinin açılması uğurlu addımdır. Həmçinin Yunanıstan, Albaniya və İtaliya 2020-ci ildə ilk olaraq Azərbaycan qazını ala biləcək”. Ottinger qeyd edib ki, Azərbaycan Avropa qaz bazarına çıxışı ilə qitənin enerji bazarına inteqrasiya olunacaq: "Azərbaycan neft-qazla yanaşı, alternativ enerji mənbələrinə böyük investisiya qoyur. Bu yaxşı göstəricidir. Azərbaycan günəş, külək və hidroenerji mənbələri üçün əlverişli ölkədir. Azərbaycan və Avropa İttifaqı artıq 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdır".
Nahid SALAYEV