Erməni lobbisinin kifayət qədər güclü olduğu ölkələrdən birinin ABŞ olduğu hər kəsə bəlli olan həqiqətdir. İstər Ağ Evin, istərsə də Konqresin qəbul etdiyi müəyyən qərarlara bu lobbinin təsir qüvvəsinin olduğu da sirr deyil. Amma real vəziyyət göstərir ki, erməni lobbisinin qeyd olunan istiqamətdə fəaliyyəti indi ABŞ-ın özünə də ciddi zərər vurmağa başlayır.
Bununla bağlı məhşur "Foreign Policy" nəşrində dərc olunan məqalədə isə hətta belə iddia səslənir ki, Rusiya məhz erməni lobbisi vasitəsilə ABŞ-ın daxili işlərinə və ölkədə keçirilən seçkilərə müdaxilə edib: "Rusiyanın ABŞ-ın daxili işlərinə müdaxiləsini əlaqələndirən ən qəribə üçbucaq erməni lobbisi, o cümlədən Putin tərəfindən müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Rusiya və Ermənistandan olan etnik ermənilərlə işləyən erməni-Amerika lobbisidir".
Nəşr həmçinin bir zamanlar Rusiya hökumətinin antiamerika təbliğatını növbəti dəfə erməni lobbiçilərə həvalə etdiyini xatırladır: "Bunun ən böyük əlamətlərindən biri Kremlin Rusiyanın cənubundan olan gənc erməni jurnalisti, nisbətən qaranlıq persona olan Marqarita Simonyanı "Russia Today" (RT) mediaimperiyasının rəhbəri, rusiyalı televiziya eksperti, prezident Boris Yeltsinin keçmiş müşaviri, hələ də rus dilində ağır erməni ləhcəsi ilə danışan Andranik Miqranyanı Demokratiya və Əməkdaşlıq İnstitutunun Nyu-York ofisinin rəhbəri vəzifəsinə təyin etməsi idi". "Foreign Policy" iddia edir ki, ABŞ-dakı erməni lobbisi bu gün ABŞ-da nümayəndəlikləri və ofisləri olan "Russia Today" və "Sputnik"in simasında Rusiya təbliğatı ilə sıx əməkdaşlıq edir. Qeyd olunur ki, Rusiya və Ermənistan ABŞ-dakı bütün addımlarını koordinasiya edir.
Ümumiyyətlə, son dövrlərdə ABŞ-da erməni lobbisinin zərərli fəaliyyətinə qarşı açıq mövqe sərgiləyənlərin sayı artıb. Hətta ötən il amerikalı jurnalist Raul Loveri Kontreras “Erməni lobbisi və ABŞ xarici siyasəti” adlı kitab nəşr etdirib. Burada erməni lobbisinin, onlarla əlbir olan Konqres üzvlərinin ABŞ maraqlarına zidd fəaliyyətindən geniş bəhs olunub. Bunun ardınca bir müddət əvvəl tanınmış “İnternational Policy Digest” dərgisində də yenə erməni lobbisinin bədnam əməllərini ifşa edən yazı dərc edilib. Burada da bir çox maraqlı məqamlara diqqət yetirilib. Məsələn, erməni lobbisinin zərərli fəaliyyəti haqda konkret olaraq bildirilir: “Amerikalıların yüzdə birinin yarıdan az bir hissəsi Cənubi Qafqazın Ermənistandakı millətini tanıya bilər. Rəqəmlərə baxmayaraq, Amerika erməniləri Vaşinqtonda qeyri-adi bir təsirə malikdir, burada bir deyil, iki yaxşı maliyyələşdirilən və təcavüzkar lobbiçilik fəaliyyəti göstərən təşkilatın adını çəkmək olar. Hər iki təşkilat - Amerika Erməni Milli Komitəsi (ANCA) və Amerika Erməni Assambleyası bir mənada rəqibdir. Bu təşkilatlar köklü fəaliyyət və maliyyələşmə məsələlərinə diqqət yetirməklə əsasən Ermənistanın iri müəssisələrindən alınan vəsaitlərə söykənir. Halbuki, onlar eyni əsas hədəfləri bölüşürlər. Əslində, etnik erməni lobbisi çox effektivdir. Buna görə də Ermənistanın Vaşinqtondakı səfirliyi heç də lobbiçilik etməyə ehtiyac duymur. Və bu qəribə bir şeydir. Ermənistan ABŞ-da bu Amerika qeyri-kommersiya təşkilatlarına görə lobbiçilikdən kənarda qalıb. Ancaq Ermənistan Moskvanın ticarət və maliyyələşməsində Rusiyanın effektiv müştəri dövlətidir. Aydın məsələdir ki, bu, yalnız Ermənistanın öz xeyrinə və ya böyük qardaşı Rusiyanın maraqlarına da aiddir“. Bütün bunlar erməni lobbisinin fəaliyyətindən ABŞ-da müəyyən narazılıq olduğunu açıq şəkildə nümayiş etdirir. Belə vəziyyətdə erməni lobbisinin ABŞ-da mövqelərinin zəifləməsi isə tamamilə gözlənilən hal sayılır.
Bu arada onu da qeyd edək ki, ermənilərdən fərqli olaraq, ABŞ-da Azərbaycana yüksək diqqət göstərməyə dair çağırışların da sayı artır. Məsələn, elə həmin "Foreign Policy" nəşri yazır ki, Şərqlə Qərb arasında mühüm ticari, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ABŞ və Avropa Bakı ilə münasibətlərə prioritet diqqət ayırmalıdır: "Qərb Ermənistanla yaxşı münasibətlərə səylərini davam etdirməli, lakin Birləşmiş Ştatlar regionda öz strateji prioritetlərini müəyyənləşdirərkən daha diqqətli və realist olmalıdır. ABŞ-ın Ermənistanla münasibətlərindən fərqli olaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq bir çox sahələrdə, ilk növbədə, energetika əməkdaşlığında, 2001-ci ilin 11 sentyabrından isə terrorizmlə mübarizə sahəsində ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş müşahidə olunur. Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasında sabit müttəfiqlərlə yaxşı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir. Cənubi Qafqaza münasibətdə bu siyasətin zəruriliyi daha çox gözə çarpır. Bu regionda gərginliyin azaldılması həyati əhəmiyyətə malik olan energetika, kommunikasiya və ticari dəhlizlərin təminatına kömək olacaq".
Tahir TAĞIYEV