Məhəmməd Əsədullazadə: “Hazırda danışıqların davam etməsi buna əsas verir ki, müqavilə imzalanacaq”
Avropa İttifaqı hər zaman Azərbaycanda həyata keçirilən enerji və nəqliyyat layihələrinə böyük dəstək verib. Bu dəstək həm siyasi, həm də iqtisadi xarakterli olub. “Cənub Qaz Dəhlizi” ilə də bağlı Aİ hər zaman Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, layihə ilə bağlı işlər vaxtında görülür və bu günlərdə kəmərin açılışı oldu. 2020-ci ilə qədər CQD tam gücü ilə işləyəcək.
O da məlumdur ki, Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə iş gedir. Bununla bağlı bir sıra danışıqlar keçirilib və proses davam edir. Yeni saziş, nəticə etibarilə, Azərbaycan-Aİ əməkdaşlığının hərtərəfli şəkildə inkişafı üçün mühüm çərçivə rolunu oynayacaq. Tərəflər artıq bir çox prinsipial məsələlərdə razılığa gəliblər. Hətta bəzi sənədlər hazırdır. Yeni əməkdaşlıq sazişinin bu il və ya gələn ilin əvvəlinədək imzalanacağı gözlənir.
Qeyd edək ki, Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar ötən ilin fevralından başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında və noyabrında Brüsselə səfərləri və Aİ-nin rəhbərliyi ilə keçirdiyi görüşlər əlaqələrimizin inkişafına xüsusi təkan verib. Azərbaycanın Aİ-nin 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Aİ-dir. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar var. TAP layihəsinin müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Aİ, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcək.
Bütün bunların fonunda maraqlıdır, CQD məsələsində qurumun göstərdiyi dəstək Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanması ilə bağlı proseslərin sürətlənməsinə nə kimi təsir göstərə bilər? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu məsələdə hər iki tərəf bu yöndə üzərinə düşən işləri sürətləndirməlidir: “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi və iqtisadi sahədə uğurlu əməkdaşlıq davam edir. Brüssel daim Azərbayacana öz iqtisadi və siyasi dəstəyini ifadə edib. Təbii ki, ölkəmiz Avropanın enerji diversifikasiyasında mühüm rol oynayır. Bu yöndə dəstəyini Avropaya göstərir. Qeyd edim ki, Aİ daim enerji təchizatının idxalından əziyyət çəkir, yaxud da bu istiqamətdə siyasi şantajla üzləşir. Ona görə də Avropa digər ölkələrə, xüsusilə də Azərbaycan və Mərkəzi Asiyanın qazına ümid edir. Azərbaycan artıq Avropanın enerji şaxələndirilməsində özünəməxusus yer tutub. “Cənubi Qaz Dəhlizi”nin açılışı və görülən digər işlər 2020-ci ildə Avropanın qazla təmin olunmasına aparır. Göründüyü kimi, Azərbaycanın Avropaya verdiyi dəstək siyasi və iqtisadi sahdədə də əməkdaşlığın uğurla davam etməsinə səbəb olacaq. Təbii ki, bu gün ölkəmiz Avropanın artıq enerji partnyorudur və bu da Aİ ilə gözlənilən sazişin imzalanması üçün əsas amildir. Brüssellə danışıqların davamı etməsi və imzalanacaq sənəddə Azərbaycanın milli maraqlarının qorunması əsas amildir. Hesab edirəm ki, Aİ ilə hərtərəfli yeni sazişin imzalanması hər iki tərəf üçün müsbət əməkdaşlıq sənədi olacaq. Əlaqələr yüksək səviyyədə davam edəcək. Hazırda danışıqların davam etməsi buna əsas verir ki, müqavilə imzalanacaq. Ancaq bu müqaviləni gecikdirmək olmaz və payızda artıq sənəd imzalanmalıdır. Çünki biz bu sahədə Ermənistanı üstələməliyik”.
Vidadi ORDAHALLI