Vüqar Qədirov: “Putin demişdi ki, Azərbaycan kimi zəngin ölkə hardan istəsə, arzuladığı silahı almaq iqtidarındadır”
Ermənistanın baş naziri Nikol Paşinyan "Deutsche Welle" telekanalında həftəlik yayımlanan "Nemtsova müsahibə” proqramının qonağı olub.
Aparıcı Janna Nemtsova Paşinyanla söhbətdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Jurnalistin “Siz 9 mayda Dağlıq Qarabağda oldunuz. Putinlə görüşünüzdə Qarabağ münaqişəsinin nizamlanması mövzusunu müzakirə etdinizmi” - sualına Ermənistan baş nazirinin cavabı belə olub: “Əlbəttə, Putinlə bu haqda danışdıq. Xüsusilə vurğulamaq lazımdır ki, münaqişənin real şəkildə nizamlanmasına gətirəcək yeganə yol sülhlə həll yoludur. Güc yolu ilə həll yoxdur. Düşünürəm ki, bu nəinki Ermənistanın, həm də Rusiyanın prinsipial mövqeyidir”.
Janna Nemtsovanın "Bəs Putinlə söhbətdə Rusiyanın Azərbaycana silah satışı məsələsinə də toxundunuzmu" sualına isə Paşinyan “Bəli, əlbəttə. Bu barədə bizim konstruktiv müzakirəmiz oldu. Lakin məsələ ilə bağlı Putinin nə söylədiyini deyə bilmərəm”, - deyə cavab verib.
Hiss edilir ki, N.Paşinyan Putinlə danışıqların mövzusu ətrafında ciddi blef edir. Sanki Azərbaycana silah satışına onun etirazına Putin ciddi reaksiya veribmiş kimi rəy formalaşdırmağa çalışıb. Qeyd edək ki, bundan əvvəl də ermənilər bir neçə dəfə Rusiyanın Azərbaycana silah satışına etiraz ediblər. Şəxsən Putinin özü məsələyə münasibət bildirərək deyib ki, bu mövzuda Rusiyanın kiminsə məsləhətinə ehtiyacı yoxdur. Paşinyanın yenidən bu mövzuya qayıtması və Putinlə danışıqların detallarını guya gizli saxlaması nəyin əlaməti sayıla bilər?
Ekspert Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyan bu mövzu ətrafında əməlli-başlı blef edir: “Yadınızdadırsa, o, Lukaşenko ilə də bu mövzunu müzakirə etdiyini bildirmişdi. Paşinyanın təcrübəsiz siyasətçi olduğu burdan bilinir. O anlamalıdır ki, silah satışı ilə bağlı məsələ ölkələr arasında razılaşdırılır, sonra bu barədə müqavilə bağlanılır. Yəni onu bir ayaqüstü söhbətdə edilən etirazla ləğv etmək mümkün deyil. Paşinyan xalqa çoxlu vəd verərək hakimiyyətə gəlib. İndi həmin vədləri həyata keçirə bilmir. Xalq isə ondan tələb edir. Buna görə də o, bəzi lazımsız bəyantlarla diqqəti həmin məsələlərdən yayındırmaq istəyir. Putin hələ Sarkisyanın vaxtında bu məsələyə konkret cavab verib. Ermənistanın sabiq prezidenti ilə keçirilən görüşdən sonrakı mətbuat konfransında erməni jurnalistin məhz bu mövzuda verdiyi suala Putinin cavabı belə oldu ki, müasir silah bazarında istənilən ölkə praktiki olaraq hər bir silahı ala bilər. Daha dəqiq ifadə etsək, Putin demişdi ki, Azərbaycan kimi zəngin ölkə hardan istəsə, arzuladığı silahı almaq iqtidarındadır. Bundan əlavə, indiki embarqo şəraitində Rusiya bu yolla valyuta əldə etməyi düşünür. Azərbaycan isə onun üçün gözəl müştəridir. Çünki biz müharibə şəraitində yaşadığımız üçün silah tədarükünə böyük ehtiyacımız var. Bilirsiniz ki, dünyada silah bazarı genişdir. Azərbaycanın məhz Rusiyadan silah almağa üstünlük verməsini şərtləndirən amillərdən biri də Moskvanın bəzi maraqlarını neytrallaşdırmağa hesablanıb. Onsuz da Rusiya ən müasir silahları Ermənistana hədiyyə edir. Bizə isə çox da keyfiyyətli olmayan silahlarını satır. Tutaq ki, Rusiya bizə silah satmasa nə olacaq ki? Əlimizdə olan valyuta ilə istənilən ölkədən silah ala bilərik. Paşinyan Dağlıq Qarabağ məsələsində olduqca sərt mövqe nümayiş etdirir. Əslində, silah satışını gündəmə gətirməklə o həm də Rusiyanı təhdid edir. Azərbaycanın silahlandırılması məsələsində Rusiyanın rolunu önə çəkməklə Rusiyaya qarşı narazılığın əsasını qoymuş olur. Yəqin ki, elə Paşinyanla görüşdə də Putin ona Sarkisyana verdiyi cavabı təkrar edib. Bu məsələdə Paşinyanın nəyisə guya gizlətməsi gülünc görünür”.
Məhəmmədəli QƏRİBLİ