Sirr deyil ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Cənubi Qafqazda təhlükəsizliyə ciddi təhdid yaradır və bu konflikt regionda hər an vəziyyətin destabilləşməsinə rəvac verən təhdid mənbəyi kimi qəbul edilir. Belə bir təhlükənin mümkün qədər tez aradan qaldırılması üçün Azərbaycan fəal iş aparsa da, Ermənistanın qeyri-konstruktivliyi konfliktin həllini gecikdirir. Bakı bu durumda beynəlxalq ictimaiyyətin Ermənistana qarşı konkret addımlar atmasını, xüsusən də təzyiq siyasətini işə salmasını vacib sayır.
Digər tərəfdən, Azərbaycan diqqəti ona yönəldir ki, Ermənistana təzyiqlər üçün kifayət qədər hüquqi baza formalaşdırılıb. Ən azı o baxımından ki, Ermənistanın işğal siyasətinə qarşı çoxsaylı qətnamələr, qərarlar qəbul olunub. Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə prezident İlham Əliyev bu xüsusda bildirib: "Bizim dost ölkələrimiz, müsəlman ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu dəstəyə görə mən sizə minnətdaram. Bildiyiniz kimi, bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən qərar və qətnamələr qəbul etmişlər". İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: "BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələrin qəbul edilməsində həmin təşkilatlardakı müsəlman ölkələri iştirak edirlər, münaqişənin həllinə dəstək verirlər. Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın tarixi, əzəli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqda qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdılıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş vandallıqdır. Xalqımıza qarşı ermənilər Xocalı soyqırımı törədiblər. Ondan çox ölkə bu soyqırımını rəsmi qaydada qəbul edib. Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək. Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir".
Beləliklə, bu fikirlərdən də aydın göründüyü kimi, Azərbaycan məsələni kifayət qədər aydın şəkildə qoyur. Digər tərəfdən Bakı onu da diqqətə çatdırır ki, Qarabağ konfliktinin həlli Ermənistanın sonrakı mövcudluğunun təminatıdır. Əks təqdirdə Ermənistanın bir dövlət olaraq tarixin arxivinə gömüülməsi qaçılmazdır. Ermənistan və Azərbaycan arasında Sülh Naminə Platformanın üzvü olan erməni ekspert Eduard Bagiryan da qeyd edir ki, Ermənistan ən azından öz mövcudluğu üçün Azərbaycan ərazilərindən getməlidir: "Qarabağ konfliktinin Ermənistanın xeyrinə həlli imkanları artıq yoxdur. Yeni müharibə yalnız yeni kədər, göz yaşı və qan gətirəcək, həll isə olmayacaq. İndi bütün regional layihələr Azərbaycandan gedir. Ermənistan üçün isə bunların hamısı bağlıdır. Sərhədlərin bağlanması ucbatından Ermənistan öz məhsullarını Rusiyaya Azərbaycan yolları ilə apara bilmir. Nəticədə erməni logistikası çətin vəziyyətə düşür və bu, erməni məhsullarının dəyərinə təsir edir. Moskvada Ermənistandan çoxlu məhsul var, amma qonşularla problem ucbatından onların rəqabət qabiliyyəti çox aşağıdır. Konflikt həll edilsəydi, bunlardan rahatlıqla qaçmaq mümkün olardı. Məncə, Azərbaycan Dağlıq Qarabağı öz tərkibində muxtar respublika kimi tanımalıdır. Bununla bərabər qaçqınların öz doğma ərazilərinə dönüşünə izn verilməli, heç bir erməni hərbi hissəsi burada qalmamalıdır. Ermənistan isə, öz növbəsində, Qarabağla mədəni əlaqələrini təmin etməli və Qarabağ ermənilərini dəstəkləməlidir. Bunun üçün İrəvan hər şeydən öncə Qarabağ ətrafındakı rayonları və Qarabağın özünü azad etməlidir". Bakı bu yanaşma ilə tam razıdır və onun reallıqda həyata keçməsini istəyir. Əks vəziyyət isə, qeyd olunduğu kimi, ermənilərin özünə ziyan vurur. Hətta bu xüsusda düşmən tərəfdə edilən xəbərdarlıqların sayı da artır. Keçmiş erməni kəşfiyyatçısı, hazırda siyasi fəaliyyətlə məşğul olan Vaan Badasyan bununla bağıl diqqəti öncə ona yönəldir ki, İrəvanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən "məxməri inqilab" Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlir. O bildirir ki, Serj Sarkisyan tərəfindən həbsə atılan və siyasi məhbus kimi qələmə verilən Samvel Babayan və Jirayr Səfilyanın azad olunması Xankəndidə "Qarabağ klanı"ndan ibarət qondarma rejimin devrilməsi ilə nəticələnə bilər. Onun fikrincə, Nikol Paşinyan hüquq-mühafizə strukturlarında keçmiş hakimiyyətin adamlarının təsirini nəzərə alaraq, Babayanla Səfilyanı azad etməyə tələsmir: "Lakin bu mütləq baş verəcək. Qarabağ keçmiş rejimin əlindədir və inqilab artıq ora doğru yaxınlaşır. Qarabağdakı ermənilər qorxu içində yaşayır və onlar Xankəndindəki mövcud rejimdən azad olmaq istəyir. Qarabağda rejimin dəyişməsi hava-su kimi lazımdır. Əks təqdirdə biz daha pis nəticələrlə üzləşə bilərik". Keçmiş kəşfiyyatçı "daha pis nəticələr" deyəndə nəyi nəzərə tutduğunu da açıqlayıb. O hesab edir ki, Xankəndidəki rejimin zülmü altında yaşayan ermənilər İrəvandan dəstək almasalar, başqa istiqamətə üz çevirə bilərlər: "Bəli, bu, Bakı ola bilər. Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində prioritet istiqamətlərdən biri də oradakı ermənilərin Ermənistandan üz çevirməsini təmin etməkdir. Çünki Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşı olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyir. Bu, istər-istəməz, zülm altında yaşayan insanları cəlb edir. Bütün bunları nəzərə alaraq, təcili şəkildə Qarabağdakı rejimi dəyişmək lazımdır".
Əslində, Qarabağ erməniləri nicatlarının Azərbaycanın əlində olduğunu görür. Ermənistan erməniləri də sonrakı mövcudluqlarının Azərbaycanla əməkdaşlıqdan keçdiyini yaxşı dərk edir. Sadəcə, indi əsas məqam erməni tərəfinin Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əməli addımlar atmasına bağlıdır. Lakin düşmən bu xüsusda əməli addımlar atmağa tələsmir. Əvəzində, görünən odur ki, ermənilər Naxçıvan istiqamətində müəyyən təxribatlar yaradıb məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışır. Qeyd edək ki, son günlər Ermənistan tərəfi Naxçıvanla bağlı aktivliyini artırıb. Naxçıvan istiqamətində Azərbaycanı provokasiyaya çəkməyə çalışan İrəvan Azərbaycanın guya bu istiqamətdə hərbi aktivliyi artırması barədə informasiya yaymağa başlayıb. Belə məlumatlar səslənir ki, ordumuzun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi Şərur rayonundakı Qızılqaya yüksəkliyini tutmaqla İrəvan-Gorus-Laçın avtomobil yoluna nəzarəti təmin edib. Qeyd olunur ki, bəzi digər yüksəkliklər də tutulub.
Ermənistan Müdafiə Nazirliyi əhalini Naxçıvan istiqamətində "ciddi bir şey baş vermədiyinə" inandırmağa çalışsa da, sosial şəbəkələrdə müzakirələr səngimir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycan ordusu Ermənistanın Tavuş vilayəti istiqamətində də mövqelərini irəli çəkib. Erməni hərbi ekspert Arkadi Qriqoryan sosial şəbəkələrdə və mediada yayılan məlumatlarla bağlı bildirib ki, Azərbaycan Ordusu doğrudan da 1-2 yüksəkliyi götürüb: "Ancaq bu, qüvvələr bölgüsünə təsir etmir". Qriqoryan Azərbaycan Ordusunun həmin mövqeləri götürməsinin bu günlərdə baş verdiyini bildirib. Sosial şəbəkələrin erməni istifadəçiləri də Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelər tutmasını əks etdirən fotolar yayıb. Burada ermənilər Azərbaycan Ordusunun yeni mövqelər tutması nəticəsində Ermənistanın Areni kəndinin tamamilə Azərbaycanın nəzarəti altına keçdiyini bildirirlər. Siranuş Tumanyan adlı istifadəçi Azərbaycan Ordusunun mövqelərinin Areni kəndindən çəkilmiş fotolarını paylaşaraq yazıb: "Azərbaycan Ordusunun Areni kəndinin üzərində yeni mövqeləri. Şəkil indi çəkilib. Areni kəndi tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçib. Bizim mövqelərimiz isə aşağıda qalıb. Kənd panikadadır. Bunu inkar edənlərə inanmayın. Gəlin öz gözlərinizlə görün". Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan da faktı təstiqləyib: "Bəli, Azərbaycan Ordusunun Areni kəndi istiqamətində yeni postları qurulub. Ancaq panikaya düşməyə əsas yoxdur. Azərbaycan öz əraziləri daxilində mövqe qurub. Bizim özümüzün də çoxlu dominant yüksəkliklərimiz və mövqelərimiz var. Və sosial şəbəkələrdə müzakirələr vəzifələrin yerinə yetirilməsinə mane olur. Xahiş edirəm təmkinli olun". Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəliləyərək böyük əraziləri nəzarət altına almasını erməni hərbi reportyor Edik Bağdasaryan da təsdiq edir. Bildirilir ki, bununla Azərbaycan Ordusu İrəvan-Gorus-Laçın yoluna da nəzarət imkanı əldə edib.
Rəsmi Bakı bu məsələyə münasibət bildirmir. Erməni tərəfi isə məlumatlardan öz lehinə yararlanmaq istəyir. Ermənistan xarici işlər nazirinin müavini Armen Papikyan media təmislçilərinə açıqlamasında İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə razılaşması olduğunu bildirir: "Siz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nə etməli olduğunu soruşursunuzsa, mən buna cavab verməkdə çətinlik çəkirəm. Lakin razılaşmalı və icra edilməli müəyyən maddələr var". Amma aydındır ki, Bakı düşmənin hansısa təxribatını həyata keçməsinə imkan vermək niyyətində deyil. Zəbt edilmiş ərazilərdə aparılacaq hərbi əməliyyatlar isə Azərbaycanın daxili işi olduğundan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının buna müdaxiləsi mümkün deyil.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.