Məhəmməd Əsədullazadə: “Bu həm də Azərbaycan diplomatiyasının çevikliyini göstərir”
Ermənistan öz ənənəsinə sadiq qalaraq, hər zaman olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların məzmununu təhrif edir. Bir sıra hallarda rəsmi İrəvan ATƏT-in Minsk Qrupu həmsədrlərinin adından yalan informasiyalar yaymaqdan belə çəkinmir.
Bu günlərdə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda birbaşa iştirakının guya davamlı sülhü təmin etməyə imkan verəcəyi və bunun guya həmsədrlər tərəfindən də deyilməsi barədə məlumat yaymışdı. Ancaq Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verərək bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var: “Ermənistan Azərbaycan kimi ATƏT-in Minsk Qrupunun üzvüdür. Onun rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri danışıqlar prosesinin tərəflərindən birinin mövqeyidir. ATƏT-in Minsk Qrupu həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu, Minsk Qrupu, eləcə də rusiyalı həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı bəyan edib ki, Azərbaycana qarşı gücdən istifadəyə və ərazilərin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə əsasən münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır. İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir.
Rusiya XİN-in Ermənistanın məlum yalan informasiyası ilə bağlı açıqlama verməsi həm də Azərbaycan diplomatiyasının çevikliyindən xəbər verir. Bu baxımdan sözügedən məsələni ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi ifadələr əsasən münaqişənin həllini sabotaj etməyə yönəlib. Çünki yeni hakimiyyət təmsilçisi öz çıxışlarında danışıqlarda separatçı qurumun iştirakını istəyir. Təbii ki, rəsmi İrəvanın bu yanaşması hesab edirəm ki, danışıqlarda vaxtı uzatmaq və öz hakimiyyətini möhkəmləndirmək məqsədi daşıyır. Buna baxmayaraq, bu sayaq açıqlamaların verilməsi, istər-istəməz, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbədir. Minsk Qrupu həmsədrləri tərəfindən neçə ildir vasitəçilik missiyası həyata keçirilir və bu istiqamətdə danışıqlar davam edir. Yenilənmiş “Madrid prinsipləri”nə əsasən, Ermənistan münaqişə tərəfidir və danışıqlarda birbaşa iştirakçıdır. Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakı isə mümkünsüzdür və bu, münaqişənin həllinə heç nə vəd etmir. Rusiya tərəfinin məlum açıqlaması forpostuna tərs silləsidir. Məhz bundan sonra rəsmi İrəvan bəyanatında düzəlişlər etdi. Bu həm də Azərbaycan diplomatiyasının çevikliyini göstərir. Fikrimcə, bu amil Rusiyanın sözügedən məsələyə reaksiya verməsinə səbəb olub. Bununla belə, danışıqlarda yaranmış fasilə müvəqqəti xarakter daşıyır. Ancaq Azərbaycan artıq məsələ qaldırmalı, danışıqların həmsədrlər tərəfindən deyil, Minsk Qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində aparılmasına çalışmalıdır. Yalnız belə olduqda konfliktin irəliyə aparılmasında müsbət çalarlar özünü göstərə bilər. İndiki format danışıqları irəliyə aparacaq gücdə deyil. Donald Tramp, İlham Əliyev, Vladimir Putin, Makron və Paşinyan birgə görüş keçirməli, Qarabağ münaqişəsi bu formatda müzakirə edilməlidir. Bu minvalla, tezliklə münaqişənin ədalətli həllinə nail olunmalıdır. Hesab edirəm ki, bu, danışıqlarda ən optimal variantdır”.
Vidadi ORDAHALLI