Yeganə Hacıyeva: “İstənilən halda, bu cür davranışlara reaksiya verməlidirlər”
Ermənistan uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarına mane olur. Müxtəlif bəhanələrlə danışıqlar prosesinin ritmini pozan Ermənistan, demək olar ki, bu müddət ərzində qeyri-konstruktivlik nümayiş etdirir. Məlum olduğu kimi, Ermənistanda hakimiyyətə yeni qüvvələr gəlib. Ancaq, nədənsə, onların da davranışı sülh danışığının perspektivinə ümid yaratmır.
Hətta deyərdik ki, yeni qüvvələr Serj Sarkisyan hakimiyyətindən daha sərt, yayındırıcı ritorika nümayiş etdirirlər. Bura yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ ərazisinə etdiyi səfəri, orada səsləndirdiyi bəyanatları, əsgərlik etmək yaşına çatan oğlunu Dağlıq Qarabağda hərbi xidmətə göndərməsini və bu hadisə ətrafında piarın aparılması kimi faktorları aid edə bilərik. Paşinyan bu yaxınlarda qondarma Qarabağ rejimini qanunsuz ziyarət etdi. Qarabağa səfər zamanı baş nazirin səsləndirdiyi fikirlər həmsədrlər üçün ciddi siqnal olmalıdır. Bir çox hallarda, baş nazir sələfi Sarkisyandan da uzağa gedərək, münaqişənin həllinə zərbə vuran yanaşmalar ortaya qoyur. Paşinyan tələb edir ki, danışıqlar sadəcə Ermənistan və Azərbaycan arasında aparılmamalı, separatçılar da masaya oturmalıdırlar. Həmçinin, “Dağlıq Qarabağ Respublikası” beynəlxalq səviyyədə tanınmalı, Azərbaycan tərəfindən legitimliyi qəbul olunmalıdır. Çox maraqlıdır ki, vasitəçilik missiyasını həyata keçirən həmsədrlər indiyə kimi Ermənistanın yeni hakimiyyətinin sülh danışıqlarının ruhuna, mahiyyətinə zidd olan davranışlarına, bəyanatlarına bir dəfə də olsun reaksiya verməyiblər. Bu nə dərəcədə doğrudur?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mandatlarına uyğun olaraq konfliktin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqların davam etdirilməsində maraqlıdırlar: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar konkret mövqeləri və bu mövqelər ətrafında tərəflərlə uzun illərdir davam edən fikir mübadiləsi mövcuddur.
ATƏT-in Minsk Qrupu tərəflər arasında beynəlxalq hüquq və qətnamələrə əsaslanan, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində əksini tapan müddəalar üzrə, yenilənmiş Madrid razılaşması əsasında danışıqların aparılmasında maraqlıdır.
Azərbaycan konfliktin beynəlxalq hüquqa söykənən yenilənmiş Madrid razılaşması əsasında, substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan bütün səyləri dəstəkləməkdə maraqlıdır.
Ermənistanda siyasi proseslər küçələrdə baş verən etirazların nəticəsində Nikol Paşinyanın baş nazir seçilməsi ilə yekunlaşdı. Bir aya yaxın küçələrdə Ermənistanın daxili problemləri və ən əsası, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı populist mesajlar verən Paşinyan baş nazir kimi təsdiqləndi. Paşinyan siyasi fəaliyyəti dövründə Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı daxili və xarici auditoriyalara yönəlik bir neçə dəfə mövqeyini dəyişib, problemin həlli ilə bağlı bir-birinə zidd fikirlər söyləyib. Paşinyan xarici ölkələrdə, beynəlxalq təşkilatların tədbirlərində demokrat imici qazanmaq üçün loyal mesajlar verir, ölkə daxilində isə fikirləri radikal daşnak partiyasının mövqeyi ilə üst-üstə düşürdü. Məsələn, 2013-cü ildə Paşinyan Avropa Birliyinin Cənubi Qafqazda regional təhlükəsizlik mövzusunda təşkil etdiyi konfransların birində çıxış edib. O, konfliktin həlli yollarının müzakirəsi zamanı Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları Azərbaycana vermədən nizamlanma ilə bağlı danışıqlar aparmağın mümkün olmadığını bildirib. Məhz elə həmin il Ermənistan parlamentində "İrs" fraksiyasının təklif etdiyi qondarma “DQR”in “müstəqilliyi”nin tanınması ilə bağlı qanun layihəsini dəstəkləyib.
Baş nazir kimi Paşınyanın Dağlıq Qarabağla bağlı fikirləri dağınıqlığı ilə heç də sıravi siyasətçi olduğu zamanlardan fərqlənmir. O, Ermənistanın baş naziri kimi ilk mətbuat konfransını Dağlıq Qarabağ ərazisində keçirməklə, işğalın arxasında Ermənistan dövlətinin durmasını sübut etmiş oldu.
Bir neçə gün öncə isə Paşınyan populist jest edərək öz oğlunu Qarabağda vuruşmağa göndərdiyini bildirdi. Bununla da ikinci dəfə sübut etmiş oldu ki, Azərbaycan torpaqlarını məhz Ermənistan işğal edib.
Əlbəttə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu mövqe dəyişmələrinin fərqindədirlər. Məsələ ondadır ki, Ermənistan hakimiyyətinin dəyişmiş mövqeyini həyata keçirə bilməsi, danışıqlarda yeni baş nazir Nikol Paşinyanın mövqe ifadəsi, fərqli yanaşma, format dəyişikliyi təklifi və bu kimi yeniliklər hələ hüquqi anlamda öz təsdiqini tapmayıb. Bu ancaq yeni parlament seçkisi keçiriləndən və hökumət tam formalaşandan sonra aydın olacaq.
Odur ki, ATƏT-in Minsk Qrupu və konfliktin həllində maraqlı olan tərəflər gözləmə mövqeyindədirlər. Amma, istənilən halda, bu cür davranışlara reaksiya verməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ