Azər Həsrət: “Baş verən hadisə onun əsl mahiyyətini ortaya qoyan növbəti sübutdur”
Bir müddət öncə AXCP sədri Əli Kərimliyə yaxın olan şəxslərin ətrafında başladılan hüquqi prosedurların mahiyyəti, nəhayət, rəsmi məlumatla açıqlandı. Öncədən də gözlənildiyi kimi, bu araşdırmalar dolayısı ilə Əli Kərimliyə çatan, mənbəyi bəlli olmayan pul vəsaitləri ilə bağlıdır. Hüquq-mühafizə orqanlarının birgə yaydıqları bəyanatdakı məqamlardan bu nəticəyə gəlinir ki, pullar AXCP sədrinə məhz Rusiyadan göndərilib.
Məsələnin bu tərəfi xüsusilə də ona görə maraqlıdır ki, Əli Kərimli cəmiyyətə özünü daha çox anti-Rusiya ovqatlı, qərbpərəst siyasətçi kimi təqdim edir. Düzdür, 2013-cü ilin prezident seçkilərində hazırda onun nəzarətində olan Milli Şuranın sırf Rusiya layihəsi olduğu üzə çıxmışdı. Amma AXCP və Milli Şura fəalları həmin ittihamları müxtəlif əsassız arqumentlərlə təkzib etməyə çalışırdılar. Yayılan rəsmi bəyanat isə AXCP-nin Rusiya ilə ciddi bağlantıları olduğunu üzə çıxarmış olur. Bəyanatın girişində deyilir: “Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb”…
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda daha sonra bildirilir ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin, xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb. Rəsmi bəyanatda AXCP-yə Rusiyadan yarım milyon dollar həcmində bir vəsaitin göndərildiyi bildirilir: “V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə, 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub”.
AXCP üzvlərinin əsas mühacir kütləsi Qərb ölkələrində olduğu halda, Əli Kərimliyə pul tranşının şimal qonşumuzdan gəlməsi maraqlıdır. Biz bu mövzu ilə bağlı jurnalist Azər Həsrətlə söhbət etdik. Azər bəy bildirdi ki, bu bir qədər siyasi əxlaq çərçivəsindən kənara çıxan məsələdir: “Bilirsiniz ki, AXCP milliyyətçi-demokrat Əbülfəz Elçibəyin vaxtilə rəhbərlik etdiyi təşkilatdır. Bu partiyanın üzərində Əbülfəz Elçibəyin adı var. Hazırda haqq dünyasında olan və bu gün Əli Kərimlinin siyasi mirasına sahib çıxdığı lider hər zaman Rusiyaya qarşı mübarizə aparıb. Elçibəyin Rusiyaya münasibətinin birmənalı olmadığını hamı bilir. Bir daha görünür ki, Əli Kərimli özünün liderinin yoluna xəyanət edib. Onun partiyasında nə millətçilikdən, nə də demokratiklikdən əsər-əlamət qalmayıb. Ona görə də vaxtilə həmin qurumda təmsil olunan ziyalıların hamısı Əli Kərimlini tərk ediblər. Dediyim kimi, onlar bu addımı ideoloji xəttə edilən xəyanətə görə atıblar. Onun Rusiyadan maliyyə alması artıq məni təəccübləndirmir. Bir daha aydın olur ki, bu adam üçün heç bir ideoloji dəyər məna kəsb etmir. Bunun üçün şəxsi maraqları, varlanmaq hər şeydən üstündür. Görünür, indi də buna Rusiyadan əl uzadılıb və o, həmin əli geri itələməyib. Amma maskalanmağa davam edərək, indinin özündə də özünü qərbpərəst kimi qələmə verir. Artıq onun faş edildiyi zaman gəlib. Baş verən hadisə onun əsl mahiyyətini ortaya qoyan növbəti sübutdur”.
Məhəmmədəli QƏRİBLİ