Ermənistanda son hakimiyyət dəyişikliyinə Rusiyanın rəsmi səviyyədə hələ də loyal münasibət bəslədiyi müşahidə olunur. Ancaq ekspertlər bu münasibətin uzun müddət davam edəcəyinə böyük şübhə ilə yanaşır və əsas səbəb də İrəvanın, Moskvaya verdiyi vədlərə rəğmən, Qərbə meyllənməsidir. Məsələnin bu tərəfinə nəzər salan ekspertlər vurğulayır ki, yaranmış vəziyyətdə Kreml yaxın tezlikdə İrəvana sərt üzünü göstərəcək. Bura Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durum da daxildir.
Faktdır ki, Ermənistanda Serj Sarkisyanın mövqeyinin zəifləməsində 2016-cı ilin aprel döyüşlərinin böyük rolu oldu. Amerikalı analitik Ceff Mankoff da qeyd edir ki, 2016-cı ilin aprel müharibəsi Ermənistanın keçmiş hakimiyyətini gözdən saldı, xüsusən də ordunun müharibəyə hazır olması nöqteyi-nəzərindən bu proses həlledici əhəmiyyət daşıdı. İndi Qərbə meyllənən Nikol Paşinyan iqtidarının mövqeyini zəiflətmək üçün Rusiya müəyyən müddətə döyüş meydanında Ermənistanı tək qoya bilər. Bu isə Azərbaycana az vaxtda daha böyük ərazini düşməndən azad etmək üçün kifayətdir. Məhz bu hal Paşinyan iqtidarının hakimiyyətdən gedişini sürətləndirməyə də yetər. İndilikdə görünür, Paşinyan qeyd olunan məqamları nəzərə almaq istəmir. Bu səbəbdən o, Moskvanın narazılıqlarına rəğmən, Qərbə daha çox yaxınlaşmağa can atır. Məsələn, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Bricit Brink qeyd edir ki, əməkdaşlıq şəraitində Birləşmiş Ştatlar Ermənistana böyük həcmdə Amerika investisiyası cəlb etmək fikrindədir: “ABŞ Ermənistanın yeni hökuməti ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və böyük sayda Amerika investisiyalarının ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə işləmək niyyətindədir”. Təbii ki, yeni hakimiyyət dəyişiklyindən sonra ABŞ-ın Ermənistana belə yaxınlaşması Rusiya üçün xoş deyil.
Moskvada narazılığa yol açan daha bir məqam Ermənistanda vəzifəyə gətirilən yeni şəxslərin Rusiya yox, ABŞ-a yaxın olmalarıdır. Bununla bağlı “eadaily.com” saytı çox maraqlı məqamlara toxunaraq yazır: “Ermənistanda “məxməri” deyilən inqilab qalib gəlib, xalq etirazlarının lideri isə “xalq etimadı” hökuməti formalaşdırıb və keçirilmə müddətini bu gün heç kimin proqnozlaşdırmağa girişmədiyi erkən parlament seçkilərinə hazırlaşır.
Etiraz aksiyalarının təşkilatçıları əvvəldən bildiriblər ki, Ermənistandakı hadisələr xarici siyasət “astar”ından məhrum sırf daxili-siyasi prosesdir. Paşinyan şəxsən yaxşı anlayırdı ki, Ermənistan Ukrayna deyil, Ermənistan cəmiyyətinin əksəriyyəti isə xalqı Rusiyaya qarşı aparan liderlərin arxasınca heç vaxt getməz. Erməni xalqının tələbi sosial-iqtisadi xarakterli dəyişikliklər və yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Belə, ya elə, Paşinyan bu ana doğru parlamentdə proqramında Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması və Avropa Birliyi ilə fəal inteqrasiyası haqda açıq-aydın yazılmış “Yelk” fraksiyasına başçılıq edib.
Bundan başqa, bu fraksiya İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxması haqda parlamentdə dinləmələrə təşəbbüs göstərib.
Xalq etirazlarının lideri Paşinyan yaxşı anlayırdı ki, onun təşəbbüsünün uğuru halında Rusiyadakı tərəfdaşlarda əsas sual qarşıda dura bilər: Rusiya-Ermənistan münasibətləri necə olacaq? Paşinyan mitinqlərin gedişində məhz buna görə Moskvaya loyallığı haqda elə hey bəyan etməyə, hətta Ermənistan-Rusiya münasibətlərinin prioritet xarakterini vurğulamağa başlamışdı. O, Rusiyanın Ermənistan səfirliyinin diplomatları, Dövlət Dumasının deputatları ilə görüşdə də bundan danışıb.
Mayın 14-də Soçidə Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün baş tutduğu Avrasiya İqtisadi İttifaqının sammiti keçirilib. Paşinyan görüş vaxtı Ermənistandakı hadisələrlə bağlı Rusiyanın təmkinli mövqeyinə görə təşəkkür edib və dəfələrlə vurğulayıb ki, heç kim Rusiya-Ermənistan münasibətlərinin önəmini şübhə altına qoya bilməz. Paşinyan Rusiya prezidentilə görüşə qədər Rusiya mediasına müsahibədə qeyd edib ki, həbsxanada olarkən sevimli filmləri Böyük Vətən müharibəsi haqqındakılar olub. O da məlum olub ki, Moskvada Qızıl Meydandakı parad Ermənistanda bir çox erməni üçün sevilən tamaşadır. Təbii ki, bütün bu təzimlər Ermənistanda hakimiyyətə, ən azı, “düşmənlər”in gəlmədiyi haqda Moskvaya birbaşa siqnaldır.
Paşinyan Soçi sammitindən sonra öz kabinetini formalaşdırmağı davam etdirib. Sirr deyil ki, yeni hökumət təmsilçilərinin böyük əksəriyyəti müxtəlif vaxtlarda Qərbin bu və ya digər ali təhsil məktəblərini bitirib. Və bunda pis heç nə yoxdur. Lakin onlardan bəzilərinin təhsildən asudə vaxtlarda nə ilə məşğul olduqları, ən azı, düşünməyə məcbur edir. Paşinyanın ən maraqlı təyinatlarından biri yeni hökumət başçısının hey bəhs etdiyi Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin inkişaf məntiqinə, yumşaq desək, çətin sığışır – “Transparency International” təşkilatının seçki proqramlarının koordinatoru Armen Qriqoryanın Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin edilməsi.
“Transparency International” təşkilatını Soros Fondu maliyyələşdirir. Çoxlarına məlumdur ki, Soros Fondu bütün dünya üzrə “rəngli” inqilabları maliyyələşdirən Amerika milyarderinin QHT-sidir. Corc Soros Rusiyanı qatı düşmən sayır, Ermənistanda isə 70-dən çox təşkilat məhz bu fonddan maliyyə alır. Onların əksəriyyətinin məqsədi Rusiya-Ermənistan münasibətlərini pozmaq və Ermənistan cəmiyyəti içində Rusiyanın imicini təhrif etməkdir.
Ermənistan-Rusiya ittifaqı perspektivində az əlamətdar olmayan başqa bir hadisə David Sanasaryanın Dövlət Nəzarət Xidmətinin rəisi təyin edilməsi olub. David Sanasaryan Amerika ermənisi Raffi Ovannisyanın başçılıq etdiyi Qərbyönlü keçmiş “İrs” partiyasının təmsilçisidir. Sanasaryan Ermənistanda ən qızğın antiruisya fəallardan biridir. Özü də amerikalı ağalarının düşündüyü yeni plakatla ona ildə bir neçə dəfə Rusiyanın İrəvandakı səfirliyinin binası qabağında təsadüf etmək olardı. Məhz Sanasaryan Rusiya səfirliyinin binasını yumurta “atəşinə” tutub, habelə Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edib.
Lap bu günlərdə məlum olub ki, Nikol Paşinyan “Məlumatlandırılmış vətəndaşlar” birliyi QHT-nin koordinatoru Daniel İoannisyana Ermənistanın Seçki Məcəlləsinin yeni versiyası üzərində işə başçılıq etməyi tapşırıb. İoannisyan çoxlarına keçənilki parlament seçkilərində Respublika Partiyasının maraqlarına lobbiçilik edən məktəb direktorlarının işi üzrə ifşaçı kimi məlumdur. İoannisyanın təşkilatının saytı İoanniosyanın fəaliyyət sahəsi haqda aydın təsəvvür verir. Saytın “Tərəfdaşlar” bölməsində Amerikanın casus təşkilatlarının adlarının tam bir “hörüyünü” aşkarlamaq olar: Soros Fondu, Demokratiyaya Dəstək üzrə Milli Fond (NED), Demokratiyaya Dəstək üzrə Avropa Fondu (EED) və sair. Bu fondlar Avrasiya İqtisadi İttifaqı, KTMT, bütünlükdə Rusiya-Ermənistan münasibətlərini nüfuzdan salmaq üçün İoannisyanı maliyyələşdirir.
Saytda bu QHT təmsilçilərinin Avrasiya İqtisadi İttifaqı, KTMT, Rusiyaya həsr edilən müəllif məqalələrini görmək olar. Təşkilat Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakı prosesini gözdən salmaq məqsədilə sözügedən fondlar tərəfindən qrantlar alıb. Məsələn, Demokratiyaya Dəstək üzrə Milli Fond demokratik inkişaf və təhlükəsizlik baxımından Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməyinin mənfi tərəflərini üzə çıxarmaq üçün İoannisyana 57 000 dollar ayırıb. Təşkilat araşdırma aparıb və Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməsi mövzusunda məqalə və video buraxıb, jurnalsitlərlə və respublikanın İrəvana yaxın bölgələrində mülki cəmiyyət fəalları ilə seminar keçirib. Avropa Birlyinin Ermənistandakı nümayəndə heyətinin başçısı, səfir Pyotr Svitalski bu cür görüş-seminarların birinə qatılıb. Babken Ter-Qriqoryan mayın 25-də Ermənistan diaspora nazirinin müavini vəzifəsinə təyin olunub. Ter-Qriqoryan Parisdə doğulub-böyüyüb və ABŞ-da təhsil alıb. Armen Qriqoryan kimi “Transperensy International”də işləyib, Soros Fondunda proqramlar koordinatoru olub. Bu adam eyni zamanda baş nazirin birinci müavininin iqtisadiyyat üzrə müşaviri təyin edilib. Şübhə yoxdur ki, Nikol Paşinyan Ter-Qriqoryanın ən böyük erməni diasporunun yaşadığı müttəfiq dövlətin liderinin ünvanına ədəbsiz söyüşlü plakatla təsvir olunan fotoşəkli görüb. Paşinyan Babken Ter-Qriqoryana bu yöndə bel bağlayırsa, tezliklə qanı qaralmalı olacaq.
Əmək və sosial məsələlər üzrə nazir təyin edilən Mane Tandilyan Amerikanın “Sinopsis” şirkətində uzun illər baş mühasib işləyib. Tandilyan “Yelk” blokunu, Qərbyönlü “Mədəni Ermənistan” partiyasını təmsil edir. Tandilyan və partiyası hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ölkə üçün yeni imkanlar açacaq, Ermənistan mallarına isə Avropa bazarında tələb var. Gürcüstanda Saakaşvili komandasının Soros nazirləri də kənd təsərrüfatı sahəsini dağıdana qədər eyni şeyi vird edirdilər və bundan sonra Rusiyadan öz bazarını gürcü şərabı və sərinləşdirici içkiləri üçün açmağı xahiş etdilər.
Beləliklə, tam aydın deyil ki, Paşinyan bu cür komanda ilə Rusiya-Ermənistan münasibətlərinin səviyyəsini necə qaldırmağa hazırlaşır?Axı bu şəxslər xroniki rusofobdur və bunu dəfələrlə təsdiq ediblər. Əslində, bu yalnız natamam siyahıdır. Zaman keçdikcə ortalığa çıxan başqa erməni siyasətçiləri və məmurlarını da təqdim edəcəyik”. Beləliklə, qeyd edilənlər Ermənistanda hadisələrin heç də Rusiyanın istədiyi kimi getmədyini göstərir. Məhz elə bu fonda Rusiyanın yaxın tezlikdə Ermənistana qarşı daha sərt siyasətə başlaması, müxtəlif yollar, o cümlədən Qarabağ məsələsi ilə İrəvana təzyiq göstərməsi gözlənir. Rusiyalı ekspert Maksim Şevçenko isə qeyd deir ki, yaxın tezlikdə Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökuməti antiiran siyasətinə başlayacaq: “Perspektivlər elədir ki, hazırkı hökumət antiiran siyasəti yürüdəcək. Arxasında Amerika-Ermənistan Assosiasiyası və amerikalı lobbiçilərin dayandığı Nikol Paşinyanı nəzərdə tuturam. Çünki onlar üçün əsas məsələ Qərbin xüsusi xidmət orqanlarının nəzarətində olmayan İranın son sərbəst sərhəd xəttinin, yəni Ermənistan-İran sərhədinin bağlanmasıdır”. Bu isə o deməkdir ki, İran da Ermənistandan üz döndərəcək. Məhz belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdiər bilər. Çünki indiyə qədər Ermənistan Qarabağ siyasətini davam etdirməsini Rusiya və İrandan aldığı yardımlara borcludur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.