Radikal müxalifətin maliyyə mənbələrinin açıqlanması, bu xüsusda şəffaflığın təmin edilməsi uzun müddətdir səslənən tələb olsa da, indiyə qədər bu istiqamətdə lazımi addımlar atılmayıb. Real vəziyyət göstərir ki, radikal müxalifətin maliyyə mənbələri və xərcləri heç də şəffaflıq prinsipləri üzərində qurulmayıb.
Bunu elə bu günlərdə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı da təsdiqlədi. Həmin məlumatdan bəlli oldu ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə destabil durumun yaranması məqsədilə Rusiyadan qeyri-leqal yolla böyük həcmdə vəsait əldə edib. Amma məsələnin maraq doğuran tərəfi təkcə bunlarla məhdudlaşmır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunan bəzi məqamlar daha maraqlı nüansları üzə çıxarır. Məsələn, məlumatda belə maraqlı faktlar yer alır: "Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb".
Daha sonra qeyd olunur: "Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib".
Hər ay göndərilən və mənimsənilən pulların arxasında neçə-neçə kasıb və məzlum cəbhəçinin həyatının yerlə-yeksan olduğunu, hətta həbsxanalarda çürüdüyünü bir kənara qoyuruq və sadəcə soruşuruq: ”Sıravi cəbhəçilər bu qədər məşəqqətə kimin xatirinə qatlaşıblar?” Ancaq görünür ki, burada “xatir-matir” məsələsi yoxdu. Sadəcə aldanıblar.
Digər tərəfdən bu olay 5 il əvvəl ölkəmizdə prezident seçkiləri zamanı Rusiyada yaradılan "Milyarderlər İttifaqı" ilə bağlı müəmmanı da aradan qaldırır. Həmin vaxt yaradılan "Milli Şura" Rusiyadan idarə olunur və baş nazirin keçmiş müavini Abbas Abbasovun təşkilatçılığı ilə pullar AXCP vasitəsilə bura ötürülürdü. Amma şübhəsiz ki, elə o zaman da bu pulların böyük hissəsi mənimsənilib. Son məlumatlar isə AXCP-nin qanunsuz əməllərinə hələ də son qoymadığını göstərir. Halbuki, Azərbaycan qanunlarına görə, siyasi partiyaların bu yolla maliyyələşdirilməsi qeyri-leqal və qeyri-legitimdir. Qanunlar partiyaya xaricdən pulların verilməsini qadağan edir və Xalq Cəbhəsinə xəlvəti, qeyri-leqal maliyyə ötürmə pulyumadan başqa bir şey deyil. Hər halda, bu məsələyə hüquqi səpkidə aydınlıq gətirilməsi yaxşı olardı. O da maraqlı faktdır ki, AXCP təkcə Rusiyadan yox, Qərbdən, Soros fondundan da vəsait alır. Deməli, bu partiya və onun rəhbəri ikili oynayır, pul aldıqları mənbələri də aldadır. Alınan pullar da böyük həcmdə mənimsənilir. Belə vəziyyətdə radikal düşərgədə yer alanların sayının daha sürətlə azalması qaçılmazdır.
Tahir TAĞIYEV