Məhəmməd Əsədullazadə: “Çox güman ki, Əsədi bu addımı atmağa Rusiya məcbur edib”
Yayılan məlumata görə, Suriya separatçı Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyıb. Bu barədə Cənubi Osetiyadakı qondarma qurumun "Xarici İşlər Nazirliyi"nin rəsmi saytında məlumat yerləşdirilib. Sözügedən məlumatda bildirilir ki, Suriya Ərəb Respublikası və Cənubi Osetiya qarşılıqlı tanıma və səfirlər səviyyəsində ikitərəfli diplomatik əlaqələrin qurulduğunu elan ediblər. Suriya Cənubi Osetiya ilə yanaşı, Abxaziyanın da “müstəqilliyi”ni tanıyıb. Bu barədə isə Abxaziyadakı qondarma qurumun “prezidenti” Raul Xacimba məlumat verib.
Məlumat üçün qeyd edək ki, Gürcüstanın tərkibində olan Cənubi Osetiya hələ 1990-cı ildə “müstəqilliyi”ni elan edib. Gürcü hökuməti osetinlərin separatçı davranışlarına son qoymağa çalışsa da, görülən tədbirlər nəticə verməyib. 1992-ci ilin gürcü-abxaz müharibəsi nəticəsində isə Abxaziya Gürcüstanın tərkibindən çıxaraq “müstəqillik” elan edib. Bununla da Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti itirib. “Müstəqilliklərini” elan etmələrinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya beynəlxalq razılaşmalarda Gürcüstanın ərazisi kimi tanınır və heç bir dövlət tərəfindən tanınmır. ABŞ və Avropa Komissiyası isə onları Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirirlər. Lakin Gürcüstanda 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Federasiyası, Nikaraqua və Venesuela Cənubi Osetiya ilə Abxaziyanı “müstəqil dövlət” kimi tanıyıblar. Daha 2 dövlət - Nauru və Vanuatu da tanıyıb. Bütün hallarda, Suriyanın da analoji addım atması yaxşı hal deyil. Çünki dünyada bir sıra öllkələr separatçılıqdan əziyyət çəkirlər. Belə hallar pis presedent yarada bilər.
Bütün bunların fonunda, Azərbaycan Suriyanın bu addımına qarşı hansı mövqe tutmalıdır?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Rusiyanın nəzarətində olan, ərazisində müharibə gedən Suriyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı olması bu ölkənin milli maraqlarına zərbədir. Çünki Suriyanın ərazisi bölünmək üzrədir və rəsmi Dəməşq bu məsələlərdə beynəlxalq hüquqa söykənməlidir. Eyni presedent Suriya üçün də yaşana bilər. Onda Dəməşq də analoji halla qarşılaşa bilər. İndi Moskvanın təsiri ilə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osteyi subyektlərini tanımaqla böyük siyasi səhvə yol verib və bunun sabah Suriya üçün problemə çevrilə biləcəyini istisna etmirəm. Çünki ABŞ Suriyada yeni muxtar ərazi yaratsa, Gürcüstan da həmin qurumu ABŞ-ın istəyi ilə tanıya bilər. Bu gün Bəşər Əsəd dünyadan dəstək almaq əvəzinə, buna gedirsə, demək, onun hakimiyyəti uzun çəkməyəcək. Bir çox ölkələr Suriya ilə diplomatik əlaqələri kəsib. Azərbaycan da Suriyanın bu siyasətinə qarşı rəsmi etiraz etməli və diplomatik əlaqələri kəsməlidir. Çünki Azərbaycan da separatçılıqdan əziyyət çəkir. Fikrimcə, Azərbaycan Rusiya ilə münasibətlərə görə bu məsələdə neytral mövqe tutur. Bəşər Əsəd Kremlin marionetidir və sağ qaldığına görə Putinə borcludur. Ancaq bu məsələlərdə Kreml diqqətli olmalı və dünya ölkələrinin ərazi bütövlüyünə hörmət etməlidir. Çox güman ki, Əsədi bu addımı atmağa Rusiya məcbur edib. Nəzərə almaq lazımdır ki, Suriya dövlət olaraq faktiki yoxdur. Əsədin taleyi də Rusiyadan asılıdır”.
Vidadi ORDAHALLI