Qabil Hüseynli: “Prezident dünyaya Cümhuriyyətin sahib olduğu bütün dəyərləri mənimsəmiş yeni bir dövlət modelini təqdim etdi”
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda etdiyi çıxışında bildirib ki, müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir:
“Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Biz bu gün Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik. Baxın, o vaxta qədər və o vaxt bizim ölkəmiz hansı vəziyyətdə idi. Yoxsulluq, səfalət, savadsızlıq, tamamilə dağılmış tarixi şəhərlərimiz. Nəyə görə? Çünki Azərbaycan müstəqil deyildi...
Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.
Ölkə başçısı daha sonra bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir: “İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl mənim sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. Bu il isə Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur və həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə bu yubileyi qeyd edərək biz böyük tədbirlər keçirmişik, keçiririk və ilin sonuna qədər bu tədbirlər keçiriləcəkdir”.
Göründüyü kimi, ölkə başçısı Cümhuriyyətimizin birəsrlik yaşında olduqca vacib məqamlara toxunub. O qeyd edib ki, müstəqil Azərbaycan 100 il bundan əvvəl yaranan dövlətin ənənələrini layiqincə davam etdirir. Ölkə başçısı Cümhuriyyətin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışı ilə ölkəmizin demokratiya və Cümhuriyyət ideyalarına bağlılığı konteksti baxımından dünyaya hansı mesajları vermiş oldu?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının həmin tədbirdəki çıxışı məzmun və məna baxımından çox aktual və hərtərəfli idi: “Prezident qeyd etdi ki, hazırda müstəqil olan dövlətimiz 1918-ci ildə yaranmış AXC-nin varisidir. Bununla da sübut etmiş oldu ki, Azərbaycan bir ölkə kimi demokratik dəyərlərə hələ 100 il əvvəl bağlı olub. Bu yöndə hətta biz dünyanın bir çox ölkəsinə nümunə ola bilərik. Həmin örnəklər sırasına çoxpartiyalı parlament sisteminin qurulmasını, Şərqdə qadınlara ilk dəfə seçki hüququnun verilməsini, millətlərarası multikultural dəyərlərin bərqərar edilməsini aid edə bilərik. Bir sözlə, söhbət Qafqaz bölgəsi üçün nümunə ola biləcək bir siyasi sistemin qurulmasından gedirdi. Prezident bildirdi ki, Azərbaycan öz xələfi olan AXC-nin dəyərlərini qoruyub, inkişaf etdirməyə çalışır. Bu istiqamətdə gərgin əmək sərf edir. Müasir Azərbaycan dövləti bütün parametrlər üzrə inkişaf edirsə, demək ki, AXC ideyalarını layiqincə davam etdirib. Cənab Prezident dünyaya çatdırdı ki, ölkəmiz hər bir cəmiyyət üzvünün dünyaya töhfə verə bilməsini öz vətəndaşlarına aşılayır. Bir sözlə, biz müstəqil Azərbaycan dövləti kimi, eyni zamanda, dünyadakı bütün soydaşlarımızın vətəni sayılırıq. Bütün bunların hamısı onu deməyə əsas verir ki, Prezident dünyaya Cümhuriyyətin sahib olduğu bütün dəyərləri mənimsəmiş yeni bir dövlət modelini təqdim etdi. İlham Əliyev həm də diqqətə çatdırdı ki, Azərbaycan artıq öz dövlət quruculuğu mərhələsini arxada qoyub, yetkin stadiyaya çatıb. Bildirildi ki, bu istiqamətdə həyata keçirilən islahatlar davam etdiriləcək”.
Məhəmmədəli QƏRİBLİ