Rauf Zeyni: “Həmin filmdə qeyri-adi nəyinsə olmadığını deyənlər ya filmə baxmayıblar, ya da onların təhlil qabiliyyəti ümumiyyətlə yoxdur”
Əslən azərbaycanlı olan tanınmış ssenarist Rüstəm İbrahimbəyovun 2015-ci ildə çəkdiyi “Qafqaz triosu” filmi ətrafında qalmaqal səngimir. Müxtəlif sahələrin təmsilçisi olan çoxlu sayda soydaşımız R.İbrahimbəyovun müəllifi olduğu filmə etirazını bildirir.
Sosial şəbəkələrdə, elektron KİV-lərdə aparılan müzakirələrin ruhundan hiss edilir ki, həmin filmdə xalqımızın heysiyyətinə toxunan məqamlar az deyil. Çox maraqlıdır ki, bir neçə gün ərzində davam edən narazılıqların fonunda, R.İbrahimbəyov və onunla həmfikir olan yaxın ətrafı susdu. Bu heç də o anlama gəlmir ki, yaranan narazılıq fonunda, jurnalistlər onların fikirlərini öyrənməyə cəhdlər etməyiblər. Xeyr! Belə cəhdlər dəfələrlə olub, ancaq “İbrahimbəyovsevərlər”in reaksiyası “filmə baxmamış nəsə deyə bilmərik” ritorikasından o tərəfə keçməyib. Ən maraqlısı isə budur ki, R.İbrahimbəyovun da mövzuya verdiyi reaksiya deyilən kontekstdə olmuşdu. İbrahimbəyov demişdi ki, onu tənqid edənlərin çoxu heç həmin filmə baxmayıb. Bir neçə günlük fasilədən sonra R.İbrahimbəyov sanki ağır zərbədən sonra düşdüyü noqdaun vəziyyətindən çıxmış boksçu təsiri bağışlamağa başladı. Maraqlıdır ki, o və onu müdafiə edən azsaylı şəxslər filmdə qeyri-adi nəyinsə olmadığını, baş verənlərin R.İbrahimbəyova qarşı təşkil edilmiş kampaniya olduğunu dilə gətirməyə başladılar. Əsas arqumentləri də budur ki, filmi izlədik, qeyri-adi nəsə görmədik. Çox maraqlıdır, məgər iki saata yaxın vaxtı əhatə edən filmi bundan əvvəlki günlərdə izləyib, fikir bildirmək bu qədərmi çətin idi? Sayları əhəmiyyətli dərəcədə az olan və R.İbrahimbəyovun filmində xalqımız, dövlətimiz üçün qorxulu bir detalın olmadığını deyənlərin mövqeyi nədən qaynaqlanır? Bu insanlar Azərbaycan xalqını açıqca aşağılayan bir “yazıçı” ilə yanaşı durmağı özlərinə necə rəva görürlər?
İxtisasca rejissor olan, Azərbaycan Milli Qeyri-Hökumət Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, R.İbrahimbəyovun filminin müdafiəsinə qalxanların məntiqini anlaya bilmir: “Bu məsələyə kompleks yanaşmanın tərəfdarıyam. Biz bu məsələdə R.İbrahimbəyovun şəxsiyyətini kənara qoyub, yalnız onun filmindən danışa bilmərik. Adam öz ölkəsinin, millətinin haqqını, hüququnu müdafiə etmək əvəzinə, onun hüquqlarını tapdalamaq və aşağılamaqla məşğul olursa, düşmən qarşısında öz xalqını zəif duruma salmaq istəyirsə, ona hansı qiyməti verməliyik? Onu müdafiə edənlər bəyəm görmürlər ki, İbrahimbəyovun filmi hansı məkrli niyyətlə ərsəyə gəlib? Niyə həmin filmə bir afrikalı gözü ilə baxırlar? Sizi əmin edirəm ki. həmin filmə torpağı, ərazisi itirilən bir ölkənin vətəndaşı təfəkkürü ilə baxılsa, heç kim İbrahimbəyova haqq qazandırmağa cürət etməz. Həmin adamlar R.İbrahimbəyovun əsərinin içərisindəki ideoloji təxribatı görə bilmirlər? Buna başqa bir qiyməti vermək olmaz. Hesab edirəm ki, əhali həm əsərə, həm də onu yazan adama kompleks qiymət verməklə düzgün yanaşma ortaya qoyur. R.İbrahimbəyov və onun filmi ətrafında uzun-uzadı danışmağa heç bir ehtiyac yoxdur. Xalqına, millətinə bütün varlığı ilə xidmət edən ziyalılar var. Bir də bunun əksini edənlər mövcuddur. R.İbrahimbəyovda öz millətinə qarşı bu nifrətin hardan gəldiyini mən təxmin edə bilmirəm. Mən anlaya bilmirəm ki, bəzi ziyalılarımız niyə bu xalqa qarşı belə potensial nifrət bəsləyirlər? Hesab edirəm ki, həmin filmdə qeyri-adi nəyinsə olmadığını deyənlər ya filmə baxmayıblar, ya da onların təhlil qabiliyyəti ümumiyyətlə yoxdur”.
Məhəmmədəli QƏRİBLİ