Ermənistanda məlum “məxməri inqilab“dan sonra hadisələrin gedişi bu ölkənin hələ uzun müddət xaotik vəziyyətdən çıxa bilməyəcəyini göstərir. Məsələ burasındadır ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra həyatında hansısa dəyişiklik görməyən ermənilər müxtəlif tələblərlə çoxsaylı aksiyalar keçirir. Belə vəziyyət hətta Nikol Paşinyanın özünü də ciddi narahat etməyə başlayıb.
Elə bu fonda Paşinyan əhalini etiraz aksiyalarına son qoymağa çağırıb. O, əhalini hökumətə işləmək üçün şərait yaratmağa dəvət edib: “Mənim üçün vətəndaşların etiraz aksiyalarını bitirmək və hökumətin işləməsinə imkan vermək çağırışıma niyə reaksiya vermədikləri anlaşılmazdır. Xahiş edirəm, istisnasız olaraq hər kəs aksiyaya son verməli və problemlərin həlli üçün hökumətə işləmək imkanı yaratmalıdır”. Paşinyan aksiyaların davam etməsini sabotaj kimi qiymətləndirdiyini açıqlayıb.
Yaranmış vəziyyətdə ekspertlər Paşinyanın Serj Sarkisyanın taleyini yaşaya biləcəyini istisna etmir. Bununla bağlı Rusiyanın “rosbalt“ portalı yazır ki, İrəvanda Paşinyanı hökumət başçısı edən vətəndaş itaətsizliyi aksiyası səngimir: “Artıq Paşinyanın təşvişə düşməyinin vaxtıdır: bu, təxribat deyilmi? Taksi sürücüləri, hərbçilər, ətraf mühitin mühafizəçiləri, hətta terrorizmə görə həbsxanada oturanlar etiraz edir. İtaətsizlik aksiyaları və kütləvi mitinqlərlə öz sələfini faktiki olaraq devirən Ermənistan baş naziri Nikol Paşinyan əkdiyini biçir. Respublikada etirazlar dayanmadığından tənbəllik etməyən hər kəs etiraza başlayıb: taksiçilər, adi sürücülər, həbsxanada oturan cinayətkarların “pərəstişkarları”, ətraf mühit mühafizəçiləri və hətta hərbçilər. Bura “köhnə” yüksəkçinli məmurlardan gah onun, gah da bunun istefasını tələb edən insan qrupları da daxildir. Onlar bu zaman cəzasız olaraq dövlət müəssisələrinə soxulur, nəqliyyatın hərəkətini dayandırır, tətil elan edirlər. Paytaxt merliyində adamlara artıq sadəcə işləmək imkanı vermirlər: burada İrəvan şəhərinin, yeri gəlmişkən, sakinlərin səsverməsi yolu ilə seçilmiş başçısı Taron Markaryanın istefası tələbilə elə hey aksiyalar keçirilir. Kassasiya Məhkəməsinin işçiləri də darıxmırlar – ora bütün siyasi dustaqların və xüsusən də Dağlıq Qarabağın keçmiş “müdafiə naziri“, Gürcüstandan Ermənistana qanunsuz şəkildə silah aparan Samvel Babayanın azad edilməsini tələb edən camaatla doludur. O, altı il müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun işçiləri də müntəzəm dövriliklə öz iş kabinetlərinə gedib çıxa bilmir, mitinq edənlər hələ də əsas və əlavə girişləri bağlayıb. Burada “siyasi dustaqların”, əslində isə 2016-da İrəvanda polis alayının patrul-post bazasını ələ keçirmiş “Sasna tsrer” silahlı cinayətkar qruplaşmasının üzvlərinin azad edilməsi mövzusu da aktualdır. Burada maraqlı bir məqam var: Paşinyan tərəfdarları əvvəllər “Sasna tsrer” üzvlərinin azad edilməsini tələb ediblər, indi isə respublikanın baş prokuroru Artur Davtyan bildirir ki, onlar üçün ehtiyat tədbirləri dəyişdirilə bilər. O bu zaman iddia edir ki, Ermənistanda hakimiyyət dəyişikliyinin buna heç bir dəxli yoxdur.
Ümumiyyətlə, inqilabsonrası Ermənistanda tam hərc-mərclikdir:taksiçilər lisenziyalaşma problemini həll etmək və onların fikrincə, “bazarı inhisarlaşdıran” onlayn taksi xidmətini yasaqlamaq tələbilə İrəvanın baş prospektində yolu bağlayıblar; avtomobil sahibləri “cərimə özbaşınalığı”na qarşı mitinq edir. Hərbi komissarlıqların əməkdaşları da üsyana qalxıb – “sistemin optimallaşdırılması”nın keçirilməsilə bağlı çoxları vəzifədən azad edilib. Onların etiraz yeri baş nazir Paşinyanın iqamətgahı ətrafındakı ərazidir. Üstəlik, bəziləri onlara ayrılan pay torpağını qaytarmağı, başqaları “Sot“ yatağında qızıl hasilatını dayandırmağı tələb edir. Bu yataqları işləyən “GeoProMining Gold” şirkəti iddia edir ki, qızıl mədəninin qanunsuz hasilatçıları “su bulandırır”. Şirkət administrasiyası əməkdaşlarının tətil etdikləri haqda məlumatı təkzib edir, lakin müəssisə faktiki olaraq durub: mitinqçilər yolunu bağlayıblar. Paşinyan isə bildirir ki, vətəndaş itaətsizliyi aksiyası ya mitinqçilərin özlərinə qarşı işləyir, ya da sabotajdır. Ciddi deyilsə, baş nazirin təəccübü tam anlaşılmır, çünki onun özü hərfi mənada bu günlərdə fəal şəkildə həmvətənlərini vətəndaş itaətsizliyi və sabotaja çağırıb. Örnək göstərilib və bumeranq qanunu işə düşüb. Bəzi aksiyaların, xüsusən də merə qarşı basqının yuxarıdan törədilə biləcəyini nəzərə almasaq, şəhər başçısının vəzifədən getməsi üçün mübarizə, faktiki olaraq, başında keçmiş hökumətin yetirməsinin durduğu İrəvan uğrunda mübarizədir. Bu, zəlzələdə olduğu kimidir, əsas seysmik təkanın ardınca başqaları, intensivliyi az olanlar gəlir. Lakin məlumdur ki, məhz kiçik təkanlar dağıdıcı ola bilir. Eləcə də kiçik zəlzələlərin böyükləri doğurduğu da məlumdur. Ermənistan inqilabı ilə bağlı hələlik bunun əsas hadisə, yaxud əsas siyasi kataklizmin müjdəçisi olub-olmadığı məlum deyil. Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan bildirir ki, vətəndaş itaətsizliyi aksiyaları artıq Paşinyanı qane etmir: buna başçılıq etmək bir işdir, ölkəni idarə etmək başqa bir işdir. Amma mitinq və inqilabın dünən alqışlandığını, bu gün isə alqışlanmadığını xalqa necə izah etməli? İndi məsələ bundadır ki, Paşinyan durumu nəzarətdə saxlaya biləcəkmi? Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın artıq vəd etdiyi kimi, xüsusən də o cümlədən qanunsuz yolla qazanılanları müsadirə etmək və uyğun vəsaitlərin dövlət büdcəsinə qaytarılması ilə Ermənistanda korrupsiya ilə amansız mübarizə başlayarsa”.
Bütün bunlar bir daha Ermənistanda xaosun davam edəcəyini aydın nümayiş etdirir.
Tahir TAĞIYEV