Qərb ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində son açıqlamaları onların prosesdə, əvvəlkindən fərqli olaraq, aktiv mövqeyə keçməkdə olduğunu göstərir. Xüsusən də Minsk Qrupunda vasitəçi ölkələr olan ABŞ və Fransa prezidentlərinin Respublika Günü münasibətilə həmkarları İlham Əliyevə göndərdikləri məktublarda yer alan fikirlər qeyd olunan qənati daha da möhkəmləndirir.
Xatırladaq ki, Donald Trampın İlham Əliyevə ünvanlanmış mesajında Qarabağ məsələsində qarışdakı aylar ərzində yeni dəyişikliklərin olacağının anonsu verilib. Emmanuel Makron isə İlham Əliyevə göndərdiyi məktubunda bəyan edib ki, Fransa Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün səylərini əsirgəməyəcək. Eyni zamanda Makron iyulda Parisdə Əliyevlə görüşə ümid etdiyini ifadə edib. Regionda səfərdə olan Fransanın xarici işlər naziri Jan-İv Lö Drian isə Qarabağ münaqişəsinin həlli üçün status-kvonun dəyişməsini vacib sayır: “Biz ümid edirik ki, yaxın aylarda bu münaqişənin həlli üzrə aktiv iş başlayacaq”.
Baş verənlərlə bağlı Rusiyanın “regnum.ru” portalı yazır ki, Qərbin Qarabağ məsələsində aktivləşməsi və bunun məhz indiki dövrdə özünü qabarıq büruzə verməsi təsadüfi deyil. Bunun həm Rusiya və ABŞ arasında gərginlik, həm də Vaşinqton-Tehran qarşıdurması ilə birbaşa bağlı olduğu qeyd edilir: “Vaşinqton İranın nüvə proqramı üzrə 2015-ci ildə beynəlxalq vasitəçilər “altılığının” (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) imzaladığı sazişdən çıxdığını bildirəndən sonra aydın olub ki, amerikalıların Yaxın Şərqdə antiiran siyasəti dayanıqlı xarakter alır. ABŞ Dövlət Departamenti təmsilçisi Hizer Nauert lap bu günlərdə Tehrana qarşı Vaşinqtonun öz müttəfiqlərini sürüyüb gətirmək niyyətində olduğu geniş koalisiyanın yaradılması üzrə fəaliyyətin başlandığını növbəti dəfə anons edib. Düzdür, bu koalisiyaya məhz hansı ölkələrin girə biləcəyi hələlik bildirilmir. Yəqin ki, İsrail, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər “neft” monarxiyalarından danışmaq olar. Amma bu, amerikalılara açıqca bəs etməyəcək. Onlara Cənubi Qafqaz respublikalarını da yeni alyansın bayrağı altına yığmaq lazımdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə sıradakı fikirlərin bəyan olunduğu məktub göndərib: “Qarşıdakı aylar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün imkanlar açacaq,bu da ABŞ və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün daha yaxşı imkanlar yaradacaq”.
Bakılı politoloqlar bu ismarıcı mayın 28-də qeyd edilən Respublika Günü münasibətilə Trampın Əliyevin ünvanına əvvəllər göndərdiyi ismarıcla tutuşdurur. Məsələn, 2017-ci ilin təbrik məktubunda Dağlıq Qarabağ haqda yalnız bir təklif var: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsini qətiyyətlə dəstəkləyir”.
Tramp indiki məktubunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün “açılan hansısa yeni imkanlar”dan yazır, daha dəqiqi, eyham vurur. “Regnum“da olan məlumata görə, amerikalılar münaqişə edən Bakı və İrəvanı münaqişənin təbiətini və məğzini yenidən mənalandırmağa məcbur etmək istəyərək, Moskvanı bölgədəki gerçək və potensial təsir rıçaqlardından məhrum etməkdən ötrü, hər şeydən əvvəl, Rusiyadan yan keçməklə Azərbaycandan gedən enerji resurslarının nəql marşrutunu nəzərdə tutmaqla münaqişəni geopolitik maraqlar sferasına keçirməyi sınamaq istəyir.
Corctaun Universitetinin Avropa və Rusiyanın öyrənilməsi üzrə fakültəsinin professoru Brenda Şaffer yazır ki, Vaşinqton buna nail olsa, “hadisələrin inkişaf etməyə başlayacağı yeni ssenari müəyyən olunacaq”. Amerikalılar Amerikanın İranla nüvə sazişindən çıxması ilə bağlı isə “Azərbaycanın da artan kürəsəl rolu” haqda bəyan edir. Belə ki, Vaşinqton üçün Tiflis və Bakını bir alyansa gətirmək özəl çətinlik ifadə etmir. Amma indi özgə vəzifə qoyulur: Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq – bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Vaşinqtonun təklif etdiyi və Bakı ilə İrəvanın bəyəndiyi plan Moskva tərəfindən qəbul ediləcəyi halda mümkündür.
Bu ssenarinin konkret necə gerçəkləşdiriləcəyi haqda indiyədək aydınlıq az idi, amma bu yöndə addımlar artıq atılır. ABŞ Cənubi Qafqaz və Yaxın Şərqdəki durumu İran kontekstində vahid mənzərədə birləşdirmək niyyətindədir. Vaşinqtonun Cənubi Qafqaz dövlətlərinə indiki anda yanaşması bu qayda ilə bu bölgədə Amerikanın bütün strateji kursunun dəyişilməsi kontekstinə uyğunlaşacaq. ABŞ-ın indi Tehrana qarşı müharibəyə cürət edəcəyi başqa məsələdir. Amerikalıların İrana qarşı müxtəlif ssenarilərdə hərbi əməliyyatlarından - 2000-ci illərdən danışırlar”. Rusiyanın “regnum.ru” portalının bu şərhindən bir daha aydın görünür ki, Qarabağ münaqişəsinin həlli istiqamətində Qərbin fəal iştirakı ilə müəyyən yeniliklər ola bilər.
Ya Qərb, ya da Rusiyanın iştirakı ilə hansısa yenilik olmasa, savaş ehtimalı yenidən artmağa başlayacaq. Bunu amerikalı analitik Ceffri Mankoff də təsdiq edir: “İndi Qarabağ münaqişəsinin həlli prosesi üzrə hər hansı qiymətləndirmələr etmək çətindir. 2016-cı il aprel müharibəsi münaqişənin nizama salınması barəsində böyük qeyri-müəyyənlik yaratdı. Aprel müharibəsinin gedişi Ermənistanın əvvəlki rəhbərliyinin nüfuzunu, xüsusilə ordunun müharibəyə hazırlığı planında, yerlə bir etdi. Hazırda isə Ermənistanda daxili siyasi problemlərinin dərinləşməsi hərbi toqquşmaların yenilənməsinə gətirib çıxara bilər. Bəli, təhlükə mövcuddur ki, İrəvanda qeyri-müəyyənliyin dərinləşməsi Qarabağda hərbi əməliyyatların yenilənməsinə səbəb ola bilər".
Hakimiyyətə gəlişindən sonra Ermənistanın yeni administrasiyası elan etdi ki, danışıqlar masasında Dağlıq Qarabağın separatçı rejimi də tərəf kimi əyləşməlidir. Digər amerikalı analitik Stiven Blank isə qeyd edir ki, bu yanaşma münaqişənin nizama salınması üçün faydalı olmayacaq: “Qarabağı bir dövlət kimi heç kim tanımır. O, 1994-cü ildən Ermənistanın bir hissəsi olmağı arzulayır. Amma belə yanaşma istənilən danışıqlar prosesini pozacaq”. Onun fikrincə, Qərb iki tərəf arasında razılaşmanın əldə olunmasına kömək üçün prosesə daha aktiv cəlb olunmağa məcburdur. Analitikin sözlərinə görə, Ermənistanın sonrakı inkişafı həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından asılıdır: ”Düşünürəm ki, Qərb münaqişənin dayandırılması işinə ciddi cəlb olunmalı və tərəflərə razılaşmanın əldə edilməsi üçün kömək göstərməlidir”.
Rusiyalı politoloq Maksim Mayorov isə qeyd edir ki, Moskva Qərbi yox, özünü Qarabağ məsələsində hansısa irəliləyiş yaradan tərəf kimi görmək istəyir. Bu fonda politoloq 2016-cı ilin aprel hadisələrinin təkrarlanmasını az inandırıcı hesab edir: “Hər halda, mən onların bərpa olunması üçün səbəb görmürəm”. Onun sözlərinə görə, bunun əleyhinə Qafqazda sülhün qorunmasında maraqlı olan Rusiya da çıxış edir. “Fikrimcə, Moskva hər şey edəcək ki, tərəflərin mövqeləri maksimal dərəcədə yaxınlaşsın və münaqişənin tənzimlənməsi prosesi ölü nöqtədən tərpənsin. Bu zaman Qafqazda onsuz da kövrək olan sülhə təhlükə törədə biləcək zorun tətbiqinə yol verilməyəcək. Əminəm ki, bu il ərzində Rusiya, Azərbaycan və Ermənistan lidelərinin üçtərəfli görüşü keçiriləcək, belə ki, Qarabağdan savayı da həll edilməli bir sıra məsələlər mövcuddur”.
Hər halda, Azərbaycan ya Qərb, ya da Rusiyanın vasitəçiliyilə Qarabağ məsələsində irəliləyişin olmasını istəyir. Əks təqdirdə Qarabağ konfliktinin yenidən alovlanması qaçılmaz sayılır. Özü də burada erməni tərəfi Naxçıvan istiqamətində aldıqları yeni dərsi mütləq nəzərə almalıdır. Rəsmi səviyyədə təsdiq edilməsə də, yayılan məlyumatlara görə, mayın 20-də Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri sürətli əməliyyatla Şərur rayonu istiqamətində strateji baxımdan olduqca əhəmiyyətli yüksəkliyi ələ keçirib. Ermənistan tərəfinin aramsız hücumlarına və diversiya hərəkətlərinə baxmayaraq, bölmələrimiz tutduqları mövqedən geri çəkilməyib, qısa zaman ərzində müdafiə-istehkam tədbirlərilə mövqelərini daha da möhkəmləndiriblər. Azərbaycan ərazisi olan və vaxtilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilərək, güclü müdafiə-istehkam qurğularıyla bərkidilmiş hərbi post qurulan bu yüksəkliyin Xüsusi Təyinatlılarımız tərəfindən geri alınması, əslində, əhəmiyyətinə görə 2016-cı ilin aprel uğurlarında qazanılmış nailiyyət qədər önəmlidir. Əlahiddə Ümumqoşun Ordusunun bu yüksəklikdə mövqe tutması bir tərəfdən həm indiyədək Ermənistan Silahlı Qüvvələrinin atəş altında saxladığı Naxçıvanın bir neçə yaşayış məntəqəsinin təhlükəsizliyini təmin etməyə imkan verir, o biri tərəfdən və ən əsası, İrəvandan Xankəndinə gedən 330 kilometrlik əsas magistral yolun önəmli hissəsi tam şəkildə ordumuzun nəzarəti altına düşmüş olur.
O da bildirilir ki, Naxçıvan istiqamətində belə bir yüksəkliyin itirilməsi hazırda Ermənistan hərbi rəhbərliyində də ciddi məyusluq, narazılıq yaradıb və bu hal son günlər erməni mediasında açıq şəkildə müşahidə edilməkdədir. Yüksək rütbəli erməni hərbçiləri uğursuzluğun məsuliyyətini bir-birinin üzərlərinə atmaqla, bu faktdan daxili intriqalarında istifadə etməkdədi. Çünki erməni hərbçiləri də yaxşı başa düşürlər ki, dağlıq ərazidə yerləşmiş belə bir strateji postun əldən verilməsi nisbətən açıq sahələrdə mövqe tutmuş digər postların və əlaqə yollarının da nəzarət altına düşməsi deməkdir və onların həmin istiqamətdə daha bir neçə postu əhəmiyyətini itirib artıq. İndi hərbçilərinin həyatını təhlükəyə atmamaq üçün ermənilər həmin mövqeləri də boşaltmaq, geriyə çəkmək məcburiyyətindədir. Bütün bunlar fonunda danışıqlar prosesində də erməni tərəfi lazımi mövqe nümayiş etdirməsə, daha böyük itkilərə də məruz qalmağa hazır olmalıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.