Polşa, daimi hərbi baza qurmaq üçün ABŞ-a 2 milyard dollar təklif edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Polşanın “Onet” nəşri məlumat yayıb.
Nəşrin əldə etdiyi təklif layihəsinə görə, ABŞ-a yaxınlaşmaq istəyən Polşa hökuməti ölkədə hərbi bazanın yaradılması üçün ABŞ-a 2 milyard dollar təklif edib.
Məlumata görə, Rusiyanın Ukraynada səbəb olduğu böhrandan sonra öz sərhədlərinin təhlükəsizliyindən narahat olan Polşa Müdafiə Nazirliyində düşünürlər ki, Gürcüstan və Ukraynadan sonra Rusiyanın hədəfinin Qərbi Avropa ölkələrinin olması mümkündür.
Sənəddən məlum olur ki, Varşava müdafiə sahəsində Vaşinqton ilə daha sıx əlaqədə olmasını çoxdandır istəyir. Təşəbbüslərdən biri isə, amerikalı hərbiçilərinin Polşa ərazisində yerləşdirilməsini nəzərdə tutur.
Polşa mətbuatının məlumatına görə, müvafiq tələb 1999-cu ildən səslənir, lakin 2008-ci ildə Rusiyanın Gürcüstana intervensiyası və 2014-cü ildə Krımın işğalından sonra, bu mövzu yenidən gündəmə gəlib.
Təklifdə xüsusi ilə qeyd olunub ki, Polşada amerikalı hərbçilərinin daimi yerləşdirilməsi vacibdir. Bunun üçün Polşa maliyyə dəstəyini də ayırmağa hazırdır. Sənəddə Polşanın könüllü şəkildə ABŞ-ın müdafiə xərclərini bölüşməyə hazır olduğu bildirilir.
“Bu təklif ABŞ-ın Polşaya daimi zirehli birlik yerləşdirməsi üçün açıq ehtiyacı olduğunu göstərir. Bu xərclərin 1,5-2 milyard dolları təşkil etməsi mümkündür. Bu birgə hərbi obyektlərinin təşkilini və hərbiçilərin daha çevik hərəkət etmələrinin təmin edilməsini nəzərdə tutur”, – sənəddə deyilir.
Ancaq, Almaniya və İtaliya, Rusiya ilə gərginlik yaradacağından dolayı Polşanın tələbinə qarşı çıxdığı bildirilir.
Polşa prezidenti Ancey Duda isə bəyan edib ki, Rusiya NATO üçün böyük təhlükədir. “Təhlükəsizlik sistemimizin sülh və təhlükəsizliyə problem yaradan müxtəlif oyunçular tərəfindən sınaqdan keçirildiyi bir zamanda biz məhz indi transatlantik əlaqələrin əhəmiyyətini xatırlamalıyıq”, -deyən A.Duda sülh və təhlükəsizliyə təhlükə yaradan qüvvələrdən ən birincisinin Rusiya olduğunu elan edib və Rusiyanı beynəlxalq qayda elementlərini pozmaqda günahlandırıb.
Dövlət başçısı Avropanın təhlükəsizliyi baxımından transatlantik əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. A.Duda NATO-ya üzv ölkələrini müdafiə imkanlarını gücləndirməyə və müdafiə büdcələrini artırmağa çağırıb.
Polşanın, daimi hərbi baza qurması qarşılığında ABŞ-a 2 milyard dollar vermək təklifinə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov isə, Rusiyanın NATO-nun genişlənməsinə cavab verməyə hazır olduğunu bəyan edib.
"NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə doğru genişlənməsi, bölgədə təhlükəsizliyə və sabitliyə heç bir şəkildə töhfə vermir. Əksinə Rusiya, hər səfərində bu şəkildə pozulan tarazlığı yenidən qurmaq üçün əks tədbirlər görəcək" detə Peskov bildirib.
ABŞ bazasına ev sahibliyi etməyin hər bir ölkənin milli qərarı olduğunun da vurğulayan Peskov, bunun Avropadakı ümumi təhlükəsizlik atmosferi üçün doğuracağı nəticələrin da aşkar göründüyünü qeyd edib.
Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Yuri Şvıtkin isə bildirib ki, Varşavanın siyasəti Rusiya-Polşa sərhədində qarşıdurma yarada bilər. Onun sözlərinə görə, bu addım regionda sabitlik üçün təhlükə yaradır. Parlament üzvü vurğulayıb ki, Rusiya müdafiə potensialının möhkəmləndirilməsi üzrə tədbir görməyə hazırdır.
Qeyd edək ki, hazırda Polşada amerikalı hərbçilər və NATO əsgərləri rotasiya qaydası ilə yerləşirlər.