Bəhruz Quliyev: “İbrahimbəyovun vurduğu zərbə Əylislininkindən daha da ağırdır”
Bir neçə gündür Azərbaycan cəmiyyəti Rüstəm İbrahimbəyovu “daşqalaq” edir. Öz əməli ilə bu cür münasibətin ona göstərilməsini haqq edən bu “milli ziyalı” ilə bağlı müxtəlif fikirlər səslənir. Azərbaycanın çörəyi ilə böyümüş, ölkəsinin daima böyük ehtiram göstərdiyi bir adamdan belə davranışı görmək əksər vətəndaşlarımızda hətta təəccüb də yaradıb.
Söhbət R.İbrahimbəyovun ərsəyə gətirdiyi “Qafqaz üçlüyü” filmindən gedir. Film barədə çox yazıldığı üçün, onun detallarını bir cümlə ilə əhatə etmək istərdik. Həmin filmi ilə R.İbrahimbəyov öz xalqını ermənilərə satıb. Xalqın müxtəlif təbəqələri məhz bu cür mövqeyinə görə onun qanuni vasitələrlə cəzalandırılmasını tələb edirlər. Belə tələblər sırasında R.İbrahimbəyovun Azərbaycan dövlətinin verdiyi təltif və fəxri adlardan məhrum edilməsinin zəruriliyi də var. İnternet üzərindən apardığımız araşdırma zamanı müəyyən etdik ki, R.İbrahimbəyov çoxsaylı təltiflərə layiq bilinib. Onların sırasında ikisi xüsusilə diqqətimizi çəkdi: 1998-ci ildə ona verilən Azərbaycanın Xalq yazıçısı adı və 1995-ci ildə onun “Şöhrət” ordeni ilə təltif olunması. Əslində, R.İbrahimbəyov bu əməli ilə heç də Əkrəm Əylislidən geri qalmır. Bir neçə il əvvəl Ə.Əylisli yazdığı “Daş yuxular” romanında məhz R.İbrahimbəyovla eyni mövqeyi bölüşdüyü səbəbindən Azərbaycan dövlətinin verdiyi fəxri adlardan məhrum edildi. R.İbrahimbəyovla bağlı analoji addım atılmalıdırmı?
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu gün R.İbrahimbəyovda erməni xisləti müşahidə olunmaqdadır: “Təəssüf edirəm ki, Azərbaycan dövləti tərəfindən dəfələrlə mükafatlandırılan bu insan qəlbində nə qədər kin-küdurət saxlayıb. İnsanda olan bu boyda nifrət ölçüyəgəlməzdir. Bu mənada hesab edirəm ki, onu uşaqdan tutmuş, böyüyə qədər hər kəs tənqid etməlidir. Ə.Əylislinin “Daş yuxular” romanında müxtəlif bölgələrdə yaşayan insanlar ittiham olunurdusa, R.İbrahimbəyovun çəkmiş olduğu "Qafqaz üçlüyü" filmində bütün xalq ittiham olunur. Hesab edirəm ki, İbrahimbəyov kimi insanları Azərbaycan vətəndaşı saymaq olmaz. Ümumiyyətlə, bunu Azərbaycanla bağlamaq mümkün deyil. Onun erməniyə işlədiyi göz önündədir. Ə.Əylisli təcrübəsində biz onun müxtəlif dövlət titullarından məhrum edildiyini gördük. Bir daha xatırladıram ki, İbrahimbəyovun vurduğu zərbə Əylislininkindən daha da ağırdır. Onda niyə onun təltifləri qalmalıdır? Onun müxtəlif növ təltifləri ola bilər. Təbii ki, biz dövlət adından verilən təltiv və mükafatları nəzərdə tuturuq. Bir tərəfdən insan təəccüb edir ki, dövlətin göstərdiyi bu cür diqqətə necə nankor çıxmaq olar? Onun ikili vətəndaşlığı da var. Yəni bu adam həm də Azərbaycan vətəndaşı adını daşıyır. Təəccüb edirəm ki, üzərində Azərbaycan vətəndaşı adı olan bir millət nümayəndəsi bu cür formada rəzalətlə, mənsub olduğu xalqa nifrətlə çıxış etməyi necə özünə şərəf bilir? Ona görə də onu titullarla yanaşı, həm də Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır. Hesab edirəm ki, bunun arxasında kütləvi pul və ermənilərə konkret xidmət, missiya dayanır. Erməni xalqının yazıçısının, rejissorunun edə bilmədiyi bu gün R.İbrahimbəyovun əli ilə həyata keçirildi. Çox təəssüflər olsun ki, bu insana azərbaycanlı demək belə mümkün deyil. Heç bir Azərbaycan vətəndaşı belə bir nankoru, xəyanətkarı azərbaycanlı adlandıra bilməz”.
Məhəmmədəli QƏRİBLİ