Yeganə Hacıyeva: “Təbii ki, regionda dəyişikliyi Dağlıq Qarabağ münaqişəsini kənara qoymaqla təsəvvür etmək olmaz”
ABŞ Prezidenti Donald Tramp Azərbaycan dövlət başçısı İlham Əliyevə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik məktub göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident! Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm.
Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığımızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın “Cənub Qaz Dəhlizi” vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır.
Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar yüzillik münasibətilə bir daha təbrik edir və Sizinlə birgə işləməyi səbrsizliklə gözləyirəm".
Bu, Tramp tərəfindən İlham Əliyevə ünvanlanan ilk məktub deyil. Ancaq bu məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı nüans yer alır. Sitat: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq”. Göründüyü kimi, Tramp Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olacağını konkret vaxt baxımından yaxın aylar ifadəsi ilə təsbit edir. “Yaxın aylar” ifadəsi ilə Tramp nəyi nəzərdə tutub?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır: “Azərbaycan yenə də ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan bir tərəfdaşı kimi, həmçinin, Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir. Bilirik ki, Azərbaycan ABŞ-ın vacib hərbi-strateji, etibarlı iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyi mövzusunda etibarlı tərəfdaşı, ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan hava məkanından istifadə edir. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata keçir. Azərbaycan uzun illər Əfqanıstan, İraq, Kosovodakı sülhməramlı missiyalarında ABŞ-ın etibarlı tərəfdaşı kimi iştirak edib. ABŞ-ın da maraqlı olduğu Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan layihələrdə, enerji nəqli marşrutlarının Gürcüstan-Türkiyə xətti ilə Avropaya çatdırılması siyasətinin təşəbbüskarı və aktiv dəstəkçisidir. Yəni Tramp administrasiyası qlobal siyasi sistemdə gərginləşən münasibətlər fonunda dəyişən, yenidən formalaşan güclər balansı müstəvisində ölkəsinin qlobal enerji və beynəlxalq təhlükəsizliyə təsir imkanlarına malik Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini yüksək qiymətləndirir. ABŞ milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşən, zəngin təbii ehtiyatlara, neft yataqlarına malik, beynəlxalq hüquq və prinsiplərə hörmət edən, sivil və müstəqil siyasət həyata keçirən strateji tərəfdaşı kimi Azərbaycanı özü üçün Cənubi Qafqazda prioritet ölkə kimi qəbul edir. Biz sizinlə prezident sekilərindən çox qısa müddət sonra Donald Trampın İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrikinin və Azərbaycan xalqı və Prezidentini Respublika Günü və ADR-in yaranmasının 100 illiyi münasibətilə təbrikinin şahidi olduq. Ancaq bu təbriki ənənəvi bayram təbriklərindən fərqləndirən bir məqam var. Məktubda ABŞ Prezidenti Donald Tramp "…qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq” haqqında fikirləri ifadə edib. Məktubda ifadə olunan fikirlər, həmçinin, ABŞ Prezidenti Donald Trampın Ermənistanın yeni inqilabçı baş naziri Paşınyana göndərdiyi təbrik məktubundan fərqlidir. Bilirsiniz ki, onların da müstəqilliyi bizimlə təqribən eyni vaxta təsadüf edir. Bu səbəbdən də Trampın onlara da ünvanladığı məktub var. Mən iki məktubu müqayisə etdim. Nə qədər qəribə olsa da, mən onlara ünvanlanan mətndə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı “yaxın aylar” ifadəsinə rast gəlmədim. Gəldiyim qənaət budur ki, Cənubi Qafqaz son aylar ərzində dəyişikliklərə məruz qalan bir bölgədir. Xüsusilə də Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Orada hakimiyyətə yönü konkretləşməyən bir şəxs gəlib. Gürcüstanda son aylar ərzində NATO-ya yaxınlaşmaq istiqamətində ciddi işlər aparılır və Rusiya buna ciddi təpki göstərir. Azərbaycanda keçirilən prezident seçkilərində isə çox yüksək səslə İlham Əliyev qalib gəldi. Ardınca hakimiyyətin formalaşmasında gənc kadrlara üstünlüyün verildiyi nəzərə çarpdı. Təbiidir ki, Trampı Azərbaycanda baş verən proseslər daha çox qane edir. Çünki bizdəki dəyişikliklər təhlükəsiz şəraitdə, dinc yolla həyata keçirilir. Dediyiniz məqamı da Tramp məktubunda buna görə xüsusi olaraq qeyd edib. O bu ifadəsi ilə, bir növ, regionda olacaq dəyişikliklərin anonsunu verib. Təbii ki, regionda dəyişikliyi Dağlıq Qarabağ münaqişəsini kənara qoymaqla təsəvvür etmək olmaz. Bilirik ki, Dağlıq Qarabağ məsələsinin həlli regiondakı situasiyanın dəyişməsindən çox asılıdır. Hər halda, Tramp “yaxın aylar” ifadəsini təsadüfən işlətməyib. Demək ki, bizi yaxınlarda ümidverici proseslər gözləyir”.
Məhəmmədəli QƏRİBLİ