Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Amma real vəziyyətin təhlili göstərir ki, Paşinyanın bu arzuları indiki şərtlər daxilində reallaşa bilməz. Məsələnin daha bir tərəfi odur ki, İrəvan, Gürcüstanın Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan ticarət dəhlizlərinə keçidə razılıq verməyə hazırlaşmasını əsas gətirərək, Ankaranı bundan nümunə götürməyə dəvət etmək niyyətindədir. Lakin proseslərin inkişaf istiqaməti göstərir ki, İrəvan nə Türkiyə, nə də Gürcüstan istiqamətində bu arzularına nail olacaq.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanın düşdüyü blokada vəziyyətindən çıxması, regionda iqtisadi layihələrdə iştirakı mümkünsüz sayılır. Məsələ ilə bağlı “kavkazplus” saytı da yazır ki, İrəvan işğal siyasətinə son qoymayana qədər düşdüyü izolyasiya vəziyyətindən xilas ola bilməyəcək. Sayt Nikol Paşinyanın bu istiqamətdə cəhdlərinin uğursuzluğa düçar olduğunu da xüsusi qabardaraq Ermənistanda hakimiyyətə naşı bir siyasətçinin gətirilməsinin əslində təsadüfi olmadığını yazır. “Kavkazplus” Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı maraqlı versiya da irəli sürərək qeyd edir: “Paşinyanın adındakı ilk 4 hərfə diqqət çəkəndə aydın görünür ki, “paşa” Osmanlıda əyalətləri idarə edən “sərdarlara” deyilirdi. Qərbdə simvolikanı çox sevirlər və hesab etmək olar ki, Paşinyan Ermənistanın “paşa”sıdır, yəni “Ermənistanın sərdarı”. ABŞ NATO-da Türkiyə ilə müttəfiq olsa da, Ankaranın müstəqil siyasətini qəbul etmir və daha çox vassal olmasını arzulayır. Hesab etmək olar ki, Amerika tərəfindən Ermənistanda hakimiyyətə gətirilən “paşa” Türkiyə ilə yeni münasibətlər quracaq. ABŞ da Ermənistanın Türkiyə vasitəsilə tranzit açmasını istəyir. Lakin Paşinyan Azərbaycan torpaqlarının işğalı faktını kənara qoyaraq, Ankara ilə münasibətlər qurmaq niyyətindədir. Bu mümkün deyil. Onun mayın 30-31-də Tİflisə səfər planı da əslində Türkiyəyə qarşı yeni presedent yaratmaq gedişidir”. Sayt yazır ki, Paşinyan Gürcüstandan iqtisadi dəstək də almağı planlaşdırır: “O, Tiflisdən Rusiyaya Abxaziya üzərindən tranzit açılmasına icazə istəyəcək. Buna nail olaraq, Paşinyan Azərbaycan və Türkiyə ilə danışıqlarda “arqument” qazanacaq və deyəcək: “Budur, gürcülər onların ərazisini işğal edən Rusiya ilə Abxaziya üzərindən tranzit açmağımıza icazə verdilər. Burada heç bir qorxulu şey yoxdur. Qarabağ problemi də tranzit üçün heç bir maneə yarada bilməz. Gəlin keçənləri unudaq və təmiz səhifədə iqtisadi münasibətlər quraq”. Məlumdur ki, belə kapitulyasiya ilə Türkiyə və Azərbaycan razılaşmayacaq. Bəs, Gürcüstan hökumətində anlayırlarmı ki, meydana yenicə çıxmış erməni “paşası” və onun Vaşinqtondakı “sahiblərinə” təslim olmaqla milli maraqları tapdalayırlar? Əsas sual budur”.
İndilikdə Bakı Türkiyə sarıdan tam arxayındır. Ankara açıq mətnlə bildirir ki, Azərbaycanın işğal altındakı əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz. Türkiyə Prezidenti Administrasiyası qeyd edir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: “Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq və aydındır və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir”. Bundan başqa, Prezident Administrasiyası qondarma “soyqırım” məsələsinin də burada problem yaratdığını diqqətə çatdırır. Qeyd olunur ki, Türkiyə 1915-ci ilin hadisələrini araşdırmaq üçün özünün bütün arxivlərini açıb: “Arxivlərin açılması barədə bir neçə dəfə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. Tarixdə ermənilərə qarşı “soyqırım” olsaydı, Ermənistan Ankaranın arxivlərin açılması barədə təklifi ilə razılaşardı”. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman da Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla sərhədlərin açılmasını mümkünsüz sayır: “Qarabağ məsələsi bizim milli məsələmizdir. Çox təəssüf ki, bütün dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara seyrçi qalmamalıdır”.
Beləliklə, qeyd edilənlərdən bir daha bəlli olur ki, Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanın Türkiyə ilə sərhədləri açmaq arzusu gözündə qalacaq. Gürcüstan tərəfinə gəlincə, son məlumatlar göstərir ki, əslində burada da proseslər heç də İrəvanın istədiyi istiqamətdə getmir. Xatırladaq ki, bu günlərdə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenin adından yayımlanan bəyanatda belə fikirlər səslənmişdi ki, Tiflis Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərinin açılması ilə bağlı proses başlatmağa hazırlaşır. O, 24 mayda Praqada Rusiya xarici işlər nazirinin müavinini Qriqori Karasinlə görüşündə bu prosesi özündə ehtiva edən gömrük idarəetməsi mexanizmləri və malların monitorinqi razılaşmasının növbəti mərhələsinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edildyini də bildirirdi. Qeyd edək ki, bu razılaşma Mixail Saakaşvilinin hakimiyyəti dönəmində əldə edilib. Razılaşma sayəsində Tiflis Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qoyduğu vetonu götürüb, Abxaziya və Cənubi Osetiyadan ticarət dəhlizlərinə keçidinə izn verib. Bu razılaşma Ermənistanın da müəyyən mənada blokadadan çıxmasını asanlaşdırır. Baş verənlərdən erməni tərəfi çox sevincək olub regionda vəziyyətin dəyişəcəyinə ümid bəsləyirdi. Amma indi bəlli olur ki, bu məsələ ətrafında yayılan məlumatlarda müəyyən təhriflərə yol verilib və Abxaziyadan keçməklə Rusiyaya gedəcək dəmir yolu xəttinin açılması hələ yaxın perspektivdə mümkün deyil.
Digər tərəfdən o da məlum olur ki, Rusiya xarici işlər nazirinin müavini ilə Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsinin Praqada keçirilən görüşündə Abxaziyadan keçməklə Rusiyaya gedəcək dəmir yolu xəttinin açılması məsələsi də müzakirə olunmayıb. Gürcüstan televiziyalarına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin faktı təsdiq edib. O bildirib ki, Rusiya Gürcüstanla malların sərhəd-keçid məntəqələrində monitorinqi ilə bağlı imzalanmış sazişin icrasında maraqlıdır: “Rusiya mayın 18-də İsveçrənin “SGS Societe Generale de Surveillance” şirkəti ilə müqavilə imzalayıb. Sənəddə sərhəd-keçid məntəqələrində malların monitorinqi barədə 2011-ci ildə əldə olunmuş razılaşmanın şərtləri müəyyənləşdirilib. Biz danışıqlar zamanı çox vacib məsələləri həll etdik. Biz 2011-ci ildə əldə olunmuş razılaşmanın həyata keçməsində maraqlıyıq. Bununla belə, Abxaziya ərazisindən keçəcək dəmir yolunun açılışı barədə heç bir danışığımız olmadı”. O bildirib ki, bu məsələ nə mədəni səviyyədə, nə səfirliklər, nə də dəmir yolu rəhbərləri arasında keçirilən görüşlərdə müzakirə olunub. Deməli, Abxaziyadan keçməklə Rusiyaya gedəcək dəmir yolu xəttinin açılması da baş tutmayacaq.
Onu da nəzərə almaq lazımdır ki, bu məsələdə gürcü cəmiyyətinin həssaslığı da hakimiyyətin belə bir gediş etməsinin qarşısını alan başlıca faktorlardandır. Gürcü politoloq Gela Vasadze bunun səbəbini belə izah edir ki, Gürcüstan işğal altındakı ərazilərdən Ermənistana tranzit dəhlizinin açılmasına razılıq versə, bu, işğal olunmuş torpaqların iqtisadi cəhətdən qanuniləşdirilməsi sayılacaq. Ekspert bildirib ki, Gürcüstan dəhlizin açılması ilə bağlı addım atsa, işğal altında olan ərazilərin tanınmaması siyasəti şübhə altına alına bilər: “Bu yolun hüquqi və texniki cəhətdən açılması mümkün olsa da, bu məsələ o qədər müzakirə olunub ki, yolun hələ 10 il də açılmayacağı ilə bağlı təəssürat formalaşıb. Bu barədə qərar texniki müzakirə formatı olan Abaşidze-Karasin görüşündə deyil, Rusiya-ABŞ münasibətləri formatında qəbul olunacaq”. Vasadze hesab edir ki, Vaşinqtonun razılığı olmadan Gürcüstan rəhbərliyi bu yolun açılmasına razı olmaz: “Bu dəhliz açılsa, Vaşinqton və Moskva arasında region üzrə böyük sövdələşmənin bir hissəsi olacaq. Bu sövdələşmədə Vaşinqton yalnız Gürcüstan tərəfindən iştirak edəcək. Azərbaycan və Ermənistan tərəflərini isə, böyük ehtimalla, Moskva təmsil edəcək”.
Ekspertin fikrincə, Cənubi Qafqaz regionu ABŞ və Rusiyanın hər hansı bir güzəşt və ya nailiyyət əldə edə biləcəyi yeganə regiondur: “Yolun açılması Kreml üçün çox vacibdir. Çünki Rusiya beynəlxalq təcridə yaxındır və ondan çıxmaq üçün hər şey edir. ABŞ-a da bu “uğur hekayəsi” lazımdır, belə ki, Tramp Putinlə hər hansı bir məsələyə dair razılığa gəlməyi çox istəyir. Bu məsələ isə bizim regionla əlaqəli ola bilər. Çünki digər yerlərdə onlar hər hansı bir məsələ ilə bağlı razılığa gələ bilmir”. Politoloqun sözlərinə görə, dəhlizin açılması halında belə onun Ermənistanın iqtisadi inkişafına təsiri sıfır səviyyəsində olacaq: “Bu məsələ siyasi əhəmiyyət daşıyır və ona Azərbaycan və Ermənistan arasındakı münaqişə kontekstindən baxsaq, yol açılarsa, bu, Ermənistan üçün nailiyyət kimi təqdim olunacaq. Yəni Ermənistan üçün daha bir alternativ yol açıldı və Azərbaycanın siyasi blokadası iflasa uğradı”. Amma Vasadze Gürcüstan hakimiyyətinin yolun açılması ilə bağlı qərar qəbul edəcəyinə şübhə ilə yanaşır: “Bu məsələdə ən vacib məqam ictimai rəydir. İctimai rəy isə yolun açılması məsələsinə qəti olaraq etiraz edir. Gürcüstan əhalisi, siyasi isteblişment, KİV-in bu məsələyə münasibəti olduqca mənfidir. Buna görə də hesab edirəm ki, Gürcüstan hakimiyyəti ictimai rəyin bu cür zərbəsini qəbul edərək buna getməyəcək”.
Digər tərəfdən Tiflis onu da nəzərə almağa məcburdur ki, Gürcüstanın Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan ticarət dəhlizlərinə keçidə razılıq verməyə hazırlaşması Azərbaycanın maraqlarına ziddir. İndilikdə isə Gürcüstan inkişaf və mövcudluğuna görə əhəmiyyətli dərəcədə Azərbaycana borclu olduğunu yaxşı bilir. Deməli, bu vəziyyətdə Azərbaycana qarşı addımlar atılmasının Bakı ilə münasibətələrə mənfi təsir edəcəyini və bunun Gürcüstan üçün arzuedilməz nəticələrə rəvac verəcəyini də Tiflisdə yaxşı dərk edirlər. Bilirlər ki, Ermənistanla dəhlizin açılması Azərbaycanın əleyhinədir və Gürcüstan-Azərbaycan əməkdaşlığında müəyyən qədər suallar yarada bilər. Məhz bu səbəbdən gürcü cəmiyyətinin, eləcə də Azərbaycanın razılığı olmadan Tiflisin Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərinin açılmasına gedəcəyi inandırıcı sayılmır. Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ münaqişələri həll edilmədən Tiflis belə bir razılıq ala bilməyəcəyini da gözəl anlayır. Deməli, Ermənistanın Abxaziyadan keçən dəmir yolundan istifadəsi hələ mümkün olmayacaq. Yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapdıqdan sonra Ermənistan blokada vəziyyətindən çıxa bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.